Bakı şəhərində MDB Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın Elmi-Texniki Komissiyanın 49-cu və İnformasiya texnologiyaları üzrə işçi qrupun 32-ci iclası öz işinə başlayıb.
Teleqraf.com xəbər verir ki, tədbirdə Müstəqil Dövlətlər Birliyi ölkələrindən Azərbaycanla yanaşı Rusiya, Qazaxıstan, Belarus, Özbəkistan, Qırğızıstan, Moldova, Ukraynanın standartlaşdırma üzrə milli orqanlarının və Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın, Avrasiya İqtisadi Komissiyasının nümayəndələri iştirak edirlər.
İclası giriş sözü ilə açan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev standartlaşdırma sahəsində qurulmuş dövlətlərarası əməkdaşlıqdan, bu sahədə əldə olunan uğurlardan danışıb. Onun sözlərinə görə, ölkəmizdə azad sahibkarlığın inkişafı nəticəsində rəqabətqabiliyyətli mal və məhsulların istehsal həcmi artmış, artıq bu məhsullar xarici bazarlarda layiqli yerlərini tutmaqdadırlar.
Müasir standartların tətbiqi ilə ticarətdə texniki maneələr aradan qalxdığını qeyd edən institut direktoru Dövlətlərarası Şura çərçivəsində bu sahədəki əməkdaşlığı xüsusi vurğulayıb.
Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın məsul katibi Nikolay Soneç bir daha Bakıda olduğundan məmnunluğunu bildirib və keçirilən iclasların ölkələrarası əlaqələrin inkişafı üçün önəmini vurğulayıb.
Elmi-Texniki Komissiyanın 49-cü iclası çərçivəsində Dövlətlərarası Şuranın 2020-ci ilə qədər inkişaf strategiyası, 2016-2020-ci illərdə standartlaşdırma üzrə aparılacaq işlərdə prioritetlərin təyini, dövlətlərarası standartlaşdırmanın inkişaf etdirilməsinin “Yol xəritəsi”, 2015-ci il üzrə yeyinti məhsullarının standartlaşdırılması üzrə iş planı və gündəlikdə qarşıya qoyulan digər cari məsələlər müzakirə edilib.
İnformasiya texnologiyaları üzrə işçi qrupun 32-ci iclası çərçivəsində isə Dövlətlərarası Şuranın fəaliyyətinin informasiyalaşdırılmasının inkişaf konsepsiyası, Şuranın informasiya təminatı sisteminin fəaliyyəti, üzv ölkələrin standartlaşdırma üzrə ekspertlərinin reyestrinin yaradılması və digər mövzularda müzakirələr olacaq.
Tədbir cari ilin 24 aprelinə qədər davam edəcək.
İLHAMƏ