27 Aprel 2015 16:09
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzuli rayonunun “Qayıdış-10” və “Qayıdış-11” qəsəbələrinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibəti ilə açılış mərasimi keçirilib.

Teleqraf.com-un məlumatına görə, mərasimdə Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, SOCAR rəhbərliyinin təmsilçiləri, Füzuli rayon icra hakimiyyətinin, “Azəriqaz” İstehsalat Birliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 205 abonenti olan “Qayıdış-10” qəsəbəsinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6767 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 205 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 202 abonenti olan “Qayıdış-11” qəsəbəsinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6544 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 202 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Açılış mərasimlərində çıxış edən Rövnəq Abdullayev bu əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik edərək deyib ki, uzun müddət təbii qaz almayan yaşayış məntəqələri sürətli templərlə “mavi yanacaq”la təmin olunur.

Rövnəq Abdullayev respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. İctimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Naibə QURBANOVA


Müəllif: