Mətləb Mahmudov: "Bank işçilərinə ehtiyac azalacaq, əvəzində..."
Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti "Karyerada ilk addım" devizi altında Azərbaycan Texniki Universitetində aktiv məşğulluq tədbiri keçirdi. Tələbə və məzunların əmək bazarına cəlbi məqsədinə xidmət edən tədbirdə Memarlıq və İnşaat Universitetinin tələbə və məzunları da iştirak edirdi.
"Texniki Universitetin bütün məzunları iş tapa bilər"
Dövlət Məşğulluq Xidmətinin (DMX) rəis müavini İbrahim Heydərov jurnalistlərə açıqlamasında bildirdi ki, bu tədbirlərin əsas əhəmiyyəti tələbələrin, məzunların əmək bazarında boş iş yerləri ilə tanışlığı, işə qəbul qaydaları haqqında məlumatlarındırılmasıdır: "Əmək yarmarkalarında tələbələr gələcəkdə hansı müəssisələrə müraciət etməkdə məlumatlı olurlar. "Karyerada ilk addım" devizi altında yarmarkalar hər il keçirilir. Bu il ikinci belə tədbirdir, davamı da olacaq".
İbrahim Heydərovun sözlərinə görə, yarmarkaların təşkili əsasən tələbə və məzunların 30 faizə qədərinin işlə təminatına yardımçı olur: "Hazırda bu aktiv məşğulluq tədbirində 15-i dövlət, 88-i özəl sektoruna aid ümumilikdə 103 müəssisə tərəfindən 630-a yaxın boş (vakant) iş yeri təklif olunub. Biz sərgi ilə tanış olduq, texniki universitetin bütün ixtisasları üzrə burada vakansiyalar var. Bu da o deməkdir ki, Texniki Universiteti bitirən bütün məzunlar özlərinə iş yeri tapa bilərlər.
Sərgi Texniki Universitetdə keçirildiyinə görə iş təminatında üstünlük daha çox bu universitetin tələbə və məzunlarına veriləcək".
Rəis müavini bildirdi ki, sərgidə nümayiş olunan iş yerlərində əməkhaqqı 300 manatdan başlayır: "Elə iş yeri var ki, əməkhaqqı 800 manatdır. Əlbəttə, başlanğıc iş üçün 800 manat ehtimalı çox azdır, müəyyən təcrübə qazandıqdan, ixtisaslaşdıqdan sonra əməkhaqqı daha da artırıla bilər".
DMX-nin rəsmisi dedi ki, boş iş yeri təqdim edən müəssisələr sırasında ARDNŞ, "Bakı Gəmiqayırma Zavodu" MMC, "Azərcell Telekom" MMC, "Bakcell LTD" MMC, "Azərfon" MMC, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası, Qaradağ Sement ASC, "Norm" MMC, "Baku Electronics" MMC, "Parabank" ASC, "Embawood", "Azərsun" və digər iri şirkətlər var və sərgidə ali təhsili olmayan gənclər üçün də işlər nəzərdə tutulub: "Dövlət Məşğulluq Xidmətinin peşə tədris mərkəzləri də var. Əmək bazarında elə insanlar var ki, bu peşəyə yiyələnməyiblər, bu insanlar həmin kursları keçməklə əmək bazarında boş iş yeri ilə təmin olunurlar".
Müəssisələrin nümayəndələrinin də iştirak etdiyi tədbirdə tələbə və məzunlara mövcud əmək bazarı, müəssisə, idarə və təşkilatlarda onların ixtisaslarına olan tələbat barədə məlumatlar verildi. Onlar işəgötürənlərlə ünsiyyət imkanı qazandılar, gələcəkdə işləmək istədikləri müəssisələrə özləri barədə şəxsi məlumatları (CV) təqdim etdilər.
İş yerlərinin 60-70 faizi informasiya texnologiyaları üzrədir
ƏƏSN-nin Elmi Tədqiqat Mərkəzində əmək bazarı və məşğulluq problemləri üzrə şöbənin müdiri Mətləb Mahmudovla tələbə və məzunların əmək bazarında aktivliyi, iş təminatı və əsasən hansı xarakterli işlərin əmək birjasında üstünlük təşkil etməsi ilə bağlı söhbətləşdik.
Mətləb Mahmudov dedi ki, bu tipli yarmarkalar əsasən daha çox tələbələr üçün nəzərdə tutulub, onlara təcrübə təqaüdlü proqramlar üzrə işlər təklif olunur, amma məzunlar, hətta pensiyaçılar da var ki, əmək bazarına müraciət ediblər: "Statistikadan belə məlum olur ki, "Karyerada ilk addım" yarmarkalarında 80-90 faiz tələbələr, 10-15 faiz məzunlar, qalan faiz isə işsizlər, yaxud işini daha yüksək əməkhaqqı ilə dəyişmək istəyənlər olur. Bu sərgidə insan resurslarından tutmuş, istehsalatın bütün sahələri üzrə iş yerləri var.
İnsan resursları üzrə əsasən ofis, təlim-treninq, tələbə-şagird hazırlığı, kompüter, yaxud proqram təminatı üzrə işləridir. Müşahidəmə görə, bu sahələrdə növbə pis deyil. Çünki tələbələrin bəzilərinin dərsdən sonra kiməsə kompüter bilgisi vermək imkanı olur. Texniki Universitetdə bu sahədə kadrlar hazırlanır deyə, yarmarkada təklif olunan iş yerlərinin 60-70 faizi informasiya texnologiyalarına aiddir".
"Diplomlu işsizlər böhranı" aradan qalxır
"İllər öncə ali təhsilli kadrlar arasında diplomlu işsizlər böhranı yaşanırdı, hazırda vəziyyət necədir, bu cür yarmarkaların vəziyyətə müsbət təsiri olurmu?" sualına cavabda ekspert bildirdi ki, ali təhsil müəssisələrinin məzunlarına diplom verməsi heç də onların hamısının öz ixtisası üzrə işlə təmin edilməsi demək deyil.
Ekspertin fikrincə, Azərbaycanda ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin artırılmasına ehtiyac var: "Ali məktəbləri bitirdikdən sonra məzunların bir qismi əmək bazarına sərbəst, bəziləri isə kiminsə vasitəsilə daxil olurlar. Amma diplom hələ hər şey deyil. Elə iş yerləri var ki, məsələn, mənim işlədiyim elmi tədqiqat mərkəzində işçi tapa bilmirik. Əməkhaqqı da 350-400 manatdır.
Azərbaycanda ildə mindən çox iqtisadiyyat sahəsi üzrə bakalavr, magistr buraxılır, bu sahə üzrə elmi dərəcəsi olanlar var, amma yenə də tələbat artır. Halbuki onlar üçün gələcəkdə geniş perspektivlər açıla bilər. Fikrimcə, bu ondan irəli gəlir ki, hamı təhsilə formal baxır, "təki diplomu alım, sonrasına baxarıq" prinsipi ilə yanaşır. Məzunlar rayonlarda olan işlərə getmək istəmir, hamı özünə paytaxtda ofis şəraitində, yüksək maaşlı iş axtarır, bu da tələbin təklifi üstələməsinə gətirib çıxarır. Digər tərəfdən ali təhsil müəssisələri təhsilin keyfiyyətini artırmalıdır".
5-6 il sonra bank işçilərinə ehtiyac azalacaq
Mətləb Mahmudov dedi ki, tələbələrin dili yaxşı bilməsi, avadanlıqla yaxşı işləmək bacarığı, analitik qabiliyyətə malik olması gələcəkdə iş təminatına zəmin yaradır: "Tələbə seçdiyi ixtisası sevmirsə, ixtisaslaşa bilməz. Seçilən ixtisasa maraq olmalıdır. Məşğulluq strategiyasında və "Azərbaycan 2020" gələcəyə baxış konsepsiyasında təhsildə təmayülləşməsinin hətta uşaq bağçasından qoyulmasına önəm verilib.
Elə məzun olur 2-3 diplomu var, amma mütəxəssis deyil. İxtisaslaşma üçün insan öz üzərində işləməlidir. Bunun üçün də təmayülləşmə uşaq bağçasından aparılmalıdır və peşə yönümü işi yaxşı təşkil olunmalıdır. Biz bir neçə ölkənin təcrübəsini öyrənmişik. Elə ölkələr var ki, məktəblərində köşklər qoyulur. Məktəbli, yaxud valideyn öyrənir ki, hansı sahəyə tələbat böyükdür, o sahə üzrə də şagirddə hazırlıq aparılır. Ona görə ixtisaslaşma cəmiyyətin tələbinə uyğun olmalıdır. İndidən deyə bilərəm ki, 5-6 il sonra bank işçilərinə ehtiyac çox azalacaq, elektron sistem, proqlamlaşdırma inkişaf etdikcə bu sahəyə ehtiyac qalmayacaq".
Ekspert bildirdi ki, ildən-ilə insan resursları üzrə iş sahələrinə tələbat artır: "Ev işləri üzrə xadimə, dayə, iaşə xidməti, daşınma və sairə, müəllim, tərbiyəçi hazırlayan ali təhsil müəssisələrinin kadrlarına da tələbat getdikcə artır. Psixoloqlara, sosioloqlara da həmçinin. Amma təəssüf ki, hər il yüzlərlə sosioloq hazırlanır, amma peşəkarları çox azdır".
Ekspert sonda tövsiyə etdi ki, tələbələr onlara təklif edilən işlərə qane olsalar, gələcək karyerlarını indidən qazana bilərlər.
Sevil