“AXCP və Müsavatın bir yerdə olması görüntü idi”
Milli Şuranın üzvü Mehriban Vəzir qurumun hazırki vəziyyətini qəzetimizə şərh etdi. O, AXCP ilə Müsavat Partiyasının arasında yaşanan gərginliyə münasibətini bildirdi. Milli Şuradakı qopmaların səbəblərindən danışdı. M. Vəzir həmçinin Milli şuranın 2015-ci il parlament seçkilərində aktivləşəcəyinin proqnozunu verdi.
-Mehriban xanım, Milli Şuranın hazırki vəziyyətini necə qiymətləndirirsiniz?
-Milli Şuranın indiki fəaliyyəti yarandığı dövrdəki fəaliyyəti ilə çox fərqlənir. Bunun da səbəbləri var. Milli Şura seçki ərəfəsində yarandı, ictimai-siyasi canlanma mövcud idi. Milli Şura cəmiyyətin bir parçasıdır, öz-özünə sürətlənmir, həyəcanlanmır. Cəmiyyət həyəcanlıdırsa, Milli Şura da həyəcanlı olacaq. Cəmiyyət sakitləşibsə, Milli Şura da onu əks etdirəcək. Artıq siyasi ehtiraslar sönmüş vəziyyətdədir. Milli Şura da cəmiyyətin ab-havasına uyğun olaraq sakit fəaliyyətlə məşğuldur.
-Sizcə, lider cəmiyyəti özü arxasınca aparmamalıdır? Milli Şura niyə cəmiyyətin aktivləşməsinə çalışmır?
-Düşünürəm ki, indiki halda buna nə Milli Şuranın, nə də başqa bir təşkilatın gücü çatmaz. Təsəvvür edin ki, dənizi dalğalandırmaq istəyirik, lakin bu, mümkün deyil. Mütləq külək, fırtına qopmalı, siyasi hadisə olmalıdır. Ötən il elə bir hadisə vardı, gələn il də həyəcan fırtınası gözlənilir. 2015-ci ildə parlament seçkiləri keçiriləcək. Cəmiyyətin öz əhvalında aktivlik başlayacaq. Cəmiyyətə zor eləmək mümkün deyil, onun öz ahəngi var.
-Prezident seçkilərindən sonra Milli Şuranı birlik kimi saxlamağa ehtiyac olmadığını deyirdiniz...
-O fikrim təhrif olunmuşdu. Deyirdim ki, prezident seçkilərindən sonra Milli Şura bir hərəkat kimi qala bilməz, institut kimi, yəni nəzəri fəaliyyət göstərə bilər. Təqribən indiki vəziyyət elə dediyim kimidir. Tam olmasa da, ona yaxın durumdadır. Amma hərəkat da deyil. Böyük siyasi hadisələr baş verəndə hərəkata çevrilmək şansı var.
-Milli Şuranın sonuncu sessiyasında 30 nəfər iştirak edirdi. Sizcə, maraq azalıb? Bunun səbəbləri nədir?
-Bunun da səbəbini cəmiyyətdəki vəziyyətlə bağlayıram. Milli Şura yarananda da 20-30 adam vardı ki, adı siyahıda idi, özü heç yerdə yoxdu. Sonradan bu qurumdan çıxanlar da oldu. Son sessiyada da məlum oldu ki, bir sıra adamlar xaricdədir və ya məşğuldur. Milli Şura yarananda prezident seçkiləri ərəfəsi idi, hər bir fərdin öz gözləntisi vardı. Gələn öz gözləntisinin arxasıyca gəlirdi. Hazırda gözləntilər ertələnib. Həm də, kvorm hər yerdə problemdir. Beynəlxalq təşkilatlarda belə. Çünki fərdi gündəmi pozan, gözlənilməz hadisələr hər an baş verə bilir.
-Çox adamın gözləntisi özünü doğrultmadı və Milli Şuradan istefa edənlərin sayı həddən artıq çox oldu...
-İnsanlar məqsəd naminə bir araya gəlir. Nəticə olmayanda geri çəkilir. Növbəti mərhələdə yeni birliklər yaranır. Bütün bunlar çox təbiidir.
-Hazırda Milli Şura gözləmə mövqeyindədir?
-Milli Şura mövcuddur, həftədə bir dəfə İdarə Heyətinin iclası keçirilir. Ayda bir dəfə sessiyası olur. Hər halda kvorum olur. Gələnlərin sayı az və ya çox olur, bu, başqa məsələdir. Fəaliyyət göstərən hər bir qurumun hədəfi var və ona doğru yürüyür, fəaliyyət göstərir və gözləyir.
-İndiki hədəf 2015-ci il parlament seçkiləridir?
-Əslində hədəflər dəyişməyib. Belə bir müzakirə aparılmayıb ki, artıq hədəfdə məhz parlament seçkiləridir.
-Milli Şura mövcuddur, amma bəlkə də etiraf edərsiniz ki, qurumun fəaliyyəti hiss olunmur...
-Mən zorakı adam deyiləm, cəmiyyətin yoxdu dediyinə zorla var deməyəcəyəm, heç zaman deməmişəm, demək fikrim də yoxdur. Əgər Milli Şuranın fəaliyyətini cəmiyyət və mətbuat görmürsə, demək, bu fəaliyyət görüləcək qədər deyil. Görünür, daha yaxşı işləmək lazımdır.
-Bəs bələdiyyə seçkilərində iştirak planlaşdırılır?
-Bəlkə də Milli Şurada belə müzakirə olub, amma mən müzakirədə iştirak etməmişəm. Bütün hallarda hədəf demokratik seçkilərdir və bələdiyyə seçkilərinin də demokratik keçirilməsi zərurətdir. Təəssüf ki, bələdiyyə seçkiləri ciddiyə alınmır, yox kimidir. Böyük əksəriyyətin bu seçkilərə marağı yoxdur. Prezident seçkilərinə 1 yerə 10 nəfərin marağı olur, parlament seçkilərində 125 yer uğrunda 500-1000 nəfər mübarizə aparır. Amma bələdiyyə seçkiləri on minlərlə insanın marağını əhatə edir. Bu seçkilərdəki siyasi həyəcan regionlara və fərdlərə qədər gedib çıxmalıdır. Amma bizim ölkəmizin bələdiyyə seçkilərinə cəmiyyətin seçki emosiyası, gözləntisi və marağı yox kimidi.
-Müsavatsız Milli Şuranın parlament seçkilərində seçki kampaniyasını necə görürsünüz?
-Çox çətin olacaq. Seçkidən sonra demokratik qüvvələrin bir-birini yerə vurması çox acı faciə idi. Özlərini də, işlərini də gözdən saldılar. Bu, acınacaqlı idi. Şəxsən mənim üçün çox kədərli proses idi. Bu barədə danışmaq istəmirəm, çünki təsirlənirəm. Yenidən bərpa olmaq, insanların gözündə dəyərə minmək, bir araya gəlmək çox böyük etiraflar və enerji istəyir. Necə olacağı barədə çox düşünürəm, amma bilmirəm necə olacaq, görək nə olur.
-Qarşılıqlı ittiham və təhqirlərdən sonra AXCP ilə Müsavatın yenidən birliyi mümkündürmü?
-Mürəkkəb məsələdir. Lakin mümkünsüz deyil. Məsələn, cəbhə KXCP və AXCP-yə parçalananda - mən bu parçalanmanın qarşısını almağa çalışan, aracılıq edən, o nəhəng təşkilatı birləşdirməyə cəhd edən bir qrupun üzvü idim - onda tərəflər bir-birinə od püskürürdü. Qatı düşmənçilik, kəskin qarşıdurma və ağır ittihamlar meydan sulayırdı. O vaxt desəydilər ki, bir gün bu cəbhələr bir araya gələcək, kimsə inanmazdı. Bu gün həmin tərəflər bir masa arxasında oturur, əl tutur, görüşür və bir ittifaqda birləşirlər. Hətta bir-birlərinin maraqlarını müdafiə edirlər. Həyat mürəkkəbdir, siyasət daha mürəkkəbdir. Düşmənlər dost, dostlar düşmən ola bilir. Zaman insan fikirlərini alt-üst etməyin ustasıdır.
-Müsavatla AXCP arasında fikir toqquşması əvvəldən vardı, Rüstəm İbrahimbəyovun fəxri sədrliyi məsələsində körpülər yandı. O, Milli Şuranın təsisçisi idi, amma onun uğrunda münasibətlər bu qədər korlandı. Hazırda İbrahimbəyovun Milli Şura ilə əlaqələri varmı?
-Müsavatla AXCP arasındakı savaş Rüstəm İbrahimbəyovun üstündə deyildi. Bütün müharibələrin başlanmasının səbəbləri, bir də bəhanələri olur. Səbəblər daima mövcuddur, bu daimi səbəblər ayrılmağa aparırdı, proses daxildə alovlanırdı. İnsanlar ayrılmaq istəyirdi, iki partiya bir-birinə top atırdı. Bir yerdə olmaq sadəcə görüntü xarakteri daşıyırdı. Əsasən isə məcburiyyətdən, çarəsizlikdən doğmuşdu. Qəlblər, ağıllar bir-birindən ayrılmışdı, hamının gözü qarşısında rəsmi şəkildə bu ayrılığı bəyan etmək üçün bəhanə lazım idi. Düşünürəm ki, Rüstəm İbrahimbəyov bəhanə idi. Bu birlik çarə sayılmışdı. Lakin belə bir birliyin çarə olmadığı məlum olanda artıq ictimaiyyətin gözü qarşısında bu ayrılığı bəyan etmək vaxtı yetişdi. O ki, qaldı onun Milli Şuraya bugünkü təsirinə, İbrahimbəyovun heç seçkidən əvvəlki dövrdə də ciddi təsiri yox idi, sadəcə dəstəyi vardı. Bu dəstək isə onun adı idi. O ad ətrafında həmin ərəfədə birləşmək cazibəli idi. İbrahimbəyovla müqayisədə məlum siyasətçilər daha çox siyasətçi və daha çox təcrübəlidirlər. Rüstəm müəllim isə ədibdir və yaradıcı adamdır. Ola bilsin bu gün Cəmil Həsənli ilə əlaqələri var. Amma İdarə Heyətində onun hansısa qərarlara təsir etdiyini, ümumiyyətlə, dərin iştirakçılığını müşahidə etmirəm. Məncə o, hazırkı zamanda yalnız mövcud olmağın maraqlısıdır.
-Yəni, fəxri sədrliyə etirazı Müsavatın bəhanəsi sayırsınız?
-O məsələni həm Müsavatın, həm də AXCP-nin bəhanəsi sayıram. Bir sessiyada müşahidə etdim ki, AXCP Müsavatın Milli Şuradan getməsini təhrik edir. Müsavat isə bu təhriki göydə tutur. Bu qarşılıqlı istək idi. Müttəfiqlik qərarvermədən öncə anlaşmaqdır. Bu kimi qaydaları pozmaq oyunu pozmaqdır. Nə AXCP-nin, nə də Müsavatın öz aralarındakı müttəfiqliyi qorumaq istədiklərini görmədim. Bu şeylər gözümün qarşısında baş verib, qətiyyən deyə bilmərəm ki, AXCP və ya Müsavat müttəfiqliyi qorumaq istəyirdi. Hər iki partiya bu ittifaqı dağıtmaq istəyirdi. Mənim bu sözlərim yəqin skandal olacaq.
-Niyə bu müttəfiqliyin pozulmasını istəyirdilər?
-Birgə gəldilər və birlikdə fəaliyyətin nəticəsini uğurlu görmədilər. Bunun obyektiv səbəbləri var. Günahı hər biri bir-birinə yükləmək istəyirdi. İnsan psixologiyası belədir ki, hər kəs özünün ittihamçısı deyil, vəkilidir. İnsanlar ittifaqın davamlı olaraq bəhrə vermədiyini gördülər, ona görə də başqa yollar axtarmağa çalışdılar. Nəticə görməyəndə ayrılmaq istədilər. Lakin qeyd edim ki, yalnız Musavatla AXCP-nin bərabər hüquqlu gücü mövcuddur. Hələki onlar bir-birlərinə məhkum kimi görünürlər.
-Niyə AXCP Müsavat kimi getməyi yox, Milli Şurada qalmağı üstün tutdu?
-Mənim üçün bu suala cavab vermək çətindir. Bu sualın cavabını bilənlər belə açıb deməzlər. Çünki bu, insanların gizlinləridir. Mənim tərəfləri qınamağımın səbəbi budur ki, ittifaq oldu, nəticə olmadısa, əl verib ayrılmaq lazımdır, bir-birini əzmək lazım deyil. Çəkilin və növbəti mərhələyə hazırlaşın. Bizdə siyasi mədəniyyət əksikliyi var. Ayrılanlar savaşıb ayrılır. Bu, tolumsal bəladır. Liderlər də aydan gəlməyiblər, bu toplumun yetirmələridir. Təəssüf ki, topluma bu imtahanda da yaxşı nümunə göstərə bilmədilər. Hər bir təşkilat və ya fərd Şurada qala və ya fəaliyyətini növbəti seçki mərhələsinə qədər fərqli davam etdirə bilərdi. Bir-birini rüsvay edib, zəif salmaqları təəssüf doğurur. Nə isə... Nəyiksə oyuq.
-Vurğuladınız ki, AXCP də Müsavatı müttəfiqlikdə görmək istəmirdi. Belə fikirlər səsləndirilir ki, AXCP Milli Şurada liderliyi ələ almaq üçün Müsavatın ordan getməsini sürətləndirirdi. Bu fikirlərlə razısınız?
-Bu fikirləri bölüşmürəm. AXCP harada olsa liderdir, amma Müsavat Milli Şurada olmayanda AXCP zəif liderdir. Zəifləmiş Şurada lider olmaq AXCP-yə nə qazandıra bilər ki? Bizə xalq içində lider olmaq lazımdır. Belə düşüncə varsa, kökündən yanlışdır. AXCP-də düşünən insanlar var, onlar da bilirlər ki, birlik olmadan heç nəyə nail olmaq mümkün deyil. Kimsə təkbaşına nailiyyətə inanırsa özünü aldadır.
Nərgiz Ehlamqızı