Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Rusiyanın “Komsomolskaya pravda” qəzetində “Heydər Əliyev – zamanəsinin görkəmli şəxsiyyəti” sərlövhəli məqalə dərc edilib.
“Tarixdə elə insanlar olur ki, onların həyat və fəaliyyətləri bütöv bir xalqın, dövlətin inkişaf yolunu müəyyən edir. Heydər Əliyev məhz belə insan olub” cümlələri ilə başlanan məqalədə qeyd edilir ki, Heydər Əliyevin Azərbaycanda Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində işlədiyi dövrdə ölkə keçmiş SSRİ-nin ən inkişaf etmiş respublikalarından birinə çevrilib.
Məqalədə Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrlərdəki fəaliyyətindən də geniş söhbət açılır. Qeyd olunur ki, ümummilli lider Heydər Əliyev Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın möhkəmlənməsinə xüsusi diqqət ayırıb. Ulu Öndərin formalaşdırdığı möhkəm zəmin əsasında ölkələrimiz arasında münasibətlər ildən-ilə səmimi, möhkəm və xoşniyyətli olur. Bu gün müstəqil Azərbaycan dövləti Rusiyanın strateji tərəfdaşıdır. Dövlətlər arasında istər iqtisadi, istərsə də humanitar sahələrdə ikitərəfli əməkdaşlıq sürətlə inkişaf edir.