Asiya Beyin Mərkəzləri Sammiti mayın 20-dən 23-dək Fillipinin Manila şəhərində təşkil ediləcək.
Teleqraf.com xəbər verir ki, sammitdə Asiya qitəsini təmsil edəcək 50-dən çox beyin mərkəzi ilə yanaşı ABŞ və Avropada fəaliyyət göstərən çoxlu sayda aparıcı təşkilatlar iştirak edəcək.
Sözügedən tədbirdə Cənubi Qafqaz və Orta Asiyanı Azərbaycanın İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) təmsil edəcək. Bu il də regionun aparıcı beyin mərkəzi seçilən CESD artıq 4 ildir ki, bu möhtəşəm tədbirdə yalnız ölkəmizi deyil, eləcə də regionu təmsil edir.
AİB prezidentinin də qatılacağı tədbirdə Asiyanın bir neçə ölkəsinin rəsmi nümayəndələri də iştirak edəcək.
Qeyd edək ki, sammitin açılış panelində çıxışı nəzərdə tutulan CESD-in sədri, iqtisadçı alim Vüqar Bayramov məruzəsində regionda beyin mərkəzlərinin mövcud vəziyyəti və onların rolunun artırılması məsələlərinə diqqət ayıracaq. Həmçinin azərbaycanlı alim öz çıxışında beyin mərkəzlərinin dövlət siyasətinə təsir imkanlarının genişləndirilməsi ilə bağlı konkret təkliflər ilə çıxış edəcək.
Xatırladaq ki, 2015-ci ildə də BMT-nin dəstəyi ilə ABŞ-ın məşhur Pensilvaniya Universitetinin hazırladığı qlobal hesabatda CESD regionun aparıcı beyin mərkəzi seçilib. Azərbaycanlı təşkilat Harvard Universitetinin rəsmi internet səhifəsinə regiondan daxil edilən yeganə beyin mərkəzidir.