Mayın 18–də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriyasında Gürcüstandan dəvət edilmiş Qori Qızlar Kamera Xorunun konserti olub.
Tədbirdə Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixeil Giorqadze, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və hər iki dövlətin bir sıra mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.
Konsertdən əvvəl Polad Bülbüloğlu ölkələr arasında müxtəlif sahələr üzrə əməkdaşlıqdan söhbət açıb. Bildirib ki, konsertin Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunması sevindirici haldır.
Qori Qızlar Kamera Xorunun ifasında bir sıra əsərlərlə yanaşı, Merab Qaqnidzenin Qarabağ uğrunda şəhid olanların əziz xatirəsinə həsr etdiyi “Matəm marşı” da ifa olunub.
Musiqi kollektivinin çıxışı böyük maraqla qarşılanıb.