Mayın 25-də Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Mingəçevirdə regional “Açıq qapı günü”-vətəndaş forumu keçirib.
Teleqraf.com-un məlumatına görə, “Dövlət qulluqçularının pensiya təminatı: fərdi uçot əsaslı sosial sığortalanma və əlavə imtiyazlar” mövzusuna həsr olunan tədbirdə Mingəçevir, Yevlax şəhərlərinin və Oğuz rayonunun sosial sığorta ödəyiciləri və pensiyaçıları iştirak edib.
Dövlət qulluqçularının sosial sığortalanması və pensiya təminatı məsələləri ilə bağlı ətraflı müzakirələr aparılan vətəndaş forumunda sığortaolunanların və pensiyaçıların çoxsaylı suallarına aydınlıq gətirilib.
Geniş maraq doğuran müzakirələrin gedişində vətəndaşları məlumatlandıran DSMF-nin şöbə müdiri Famil Qədimov bildirib ki, ölkəmizdə sosial həyatın bütün sahələrində, o cümlədən sığorta- pensiya sistemində davamlı inkişafa nail olunub. Həyata keçirilən islahatlar çərçivəsində 2006-cı ildən etibarən dövlət qulluqçularının fərdi uçot sistemi ilə əhatə olunmasına və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu əsasında pensiya təminatına başlanılıb. Nəticədə dövlət qulluğunda çalışmış şəxslərə pensiyaların təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşındakı artımlara uyğun yenidən hesablanır.
1 aprel 2015-ci il tarixə olan statistikaya əsasən, ölkəmizdə dövlət qulluqçusu kimi pensiya alanların sayı 14 103 nəfər təşkil edir. Onların 61,1 faizi yaşa görə, 25,9 faizi əlilliyə görə, 13 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. Dövlət qulluqçusu kimi pensiya alanların 68,8 faizi kişilər, 31,2 faizi isə qadınlardır. Hazırda dövlət qulluqçularının orta aylıq pensiya məbləği 486,1 manatdır. Bu qəbildən olan pensiyaçılar ölkə üzrə pensiyaçıların 1,1 faizini təşkil edir.
Dövlət qulluqçularının fərdi hesablarına toplanan sosial sığorta haqları ilə bağlı sualları cavablandıran şöbə müdiri diqqətə çatdırıb ki, həmin şəxslərə ilk növbədə fərdi uçot məlumatları əsasında ümumi qaydada pensiya hesablanır, sonra isə həmin məbləğ dövlət qulluğunda xidmət illərindən asılı olaraq müəyyən edilən həddə çatdırılır. Bunun üçün ümumi qaydada hesablanan pensiyaya edilən əlavə qulluq stajına görə əlavə adlanır. Buradan aydın olur ki, dövlət qulluqçularının da pensiyasının məbləği fərdi uçot əsasında hesablanır, lakin həmin məbləğ bəlli həddən aşağı olduqda ona əlavə edilməklə bu həddə çatdırılır. Bu hal dövlət qulluğunda xidmətə stimullaşdıran əsas cəhətlərdəndir.
Təqdimatla çıxış edən fondun əməkdaşı Azəri Məmmədov dövlət qulluqçusu kimi pensiyaya çıxma şərtləri ilə bağlı yaranan bir çox suallara aydınlıq gətirib. Dövlət qulluqçusunun müraciət etdiyi vaxt mövcud olmayan vəzifələrin uyğunlaşdırma siyahısında nəzərdə tutulmayan vəzifələr, xidmət illərinə görə qulluq əlavəsinin faizləri, ixtisas dərəcəsi əlavəsinin nəzərə alınması, işləyən dövlət qulluqçularına əlavələrin ödəniş qaydası və digər bu kimi məsələlər barədə iştirakçılarla geniş izahat aparılıb.
Diskussiyalarla davam etdirilən regional vətəndaş forumunda Fondun fəaliyyət istiqamətləri barədə geniş məlumatdan sonra iştirakçıların mövzu ilə bağlı əlavə sualları cavablandırılıb, təklifləri müzakirə olunub.
Naibə QURBANOVA