28 May 2015 20:55
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əsgər Məmmədov: "Azərbaycan ərazisində kəskin anomaliyalar, yüksək temperaturlu istilər gözlənilmir"

Məlum olduğu kimi, Hindistanda anomal istilər ciddi tələfata səbəb olub, ölənlərin sayı 1200-ə çatıb. Temperaturun 50 dərəcəyədək yüksəldiyi ölkədə dövlət rəsmiləri əhaliyə müraciət edərək, açıq havaya çıxmamağı tövsiyə edib.

Olüm hadisəsi daha çox ölkənin cənubundakı Telanqana və Andra Pradeş əyalətlərində qeydə alınıb. Bir həftə ərzində sözügedən bölgələrdə 1118 insan həyatını itirib. Qərbi Benqal və Orissada isə bir həftədə 24 sakin anomal istilərin qurbanı olub.

"Frans Press" agentliyinin məlumatına görə, isti hava şəraiti hələ bir müddət davam edəcək. Isti hava dalğasından ən çox əziyyət çəkən bölgələrdə musson yağışları gözlənilsə də, öncə quraqlıq yaşanacağı proqnazlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytında may ayında hava şəraiti ilə bağlı açıqlamada bildirilirdi ki, havanın orta aylıq temperaturu iqlim normasına yaxın, bəzi günlərdə isə bir qədər yüksək olacaq.
Proqnozda göstərilib ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur 18-21dərəcəyə çatacaq. Bunun da iqlim normasına yaxın və bir qədər yüksək olacağı ehtimal edilib.

Bakı Dövlət Universitetinin müəllimi, iqlimşünas alim Əsgər Məmmədov bildirir ki, hazırkı anomaliyaların başlıca səbəbi atmosferin hərəkət istiqamətinin Yerə nisbətən dəyişməsidir: "Ekvator ətrafında səth örtüyü bircins olduğundan Yerin ətrafında hava kütləsi fırlanır. Ora okean səthidir, dağ, dərə yox, siklon, antisiklon-sinoptik proseslər yox, ona görə təzyiq dəyişməsi zəifdir. Yuxarı enliyə gəldikcə, məsələn, subtropik enliklərdə siklon, antisiklonlar kimi müxtəlif təzyiq sahələri formalaşır ki, bu təzyiq sahələri də atmosferin Yerin ətrafındakı hərəkətini gecikdirir, istiqamətini dəyişdirir. Anomaliyaların yaranmasının əsas səbəbi atmosferin hərəkət istiqamətinin Yerə nisbətən dəyişməsidir".

Alimin sözlərinə görə, anomal proseslər hər an baş verə bilər: "Bu il qışda Sibirdə temperatur 18 dərəcə idi, halbuki Sibirdə belə temperatur qeydə alınmayıb, Moskva da bu qış uzun müddət qar görmədi. Amma 2012-ci ilin avqustunda Afrikada qar yağdı.

Hindistanda istinin yaranması orta Afrika səhralarından yüksək təzyiq zonasının, bayaq izah etdiyim hava kütləsinin köçürülməsi nəticəsində, baş verir. əslində o ərazidə temperatur onsuz da yüksəkdir, üstəlik də yüksək təzyiq sahəsinin hava kütləsinin köçürülməsi istiləri hədsiz dərəcədə dözülməz edir".

Əsgər Məmmədov bildirdi ki, Azərbaycan ərazisində kəskin anomaliyalar, yüksək temperaturlu istilər gözlənilən deyil, çünki ölkəmiz qapalı coğrafi mövqedə yerləşir. Kiçik Qafqaz, Böyük Qafqaz bu ərazini hər tərəfdən əhatə edir: "Bəzi illərdə qış nisbətən sərt keçib, amma şaxtadan donub ölmə kimi faciəli hadisələr baş verməyib, eləcə də kütləvi ölümə səbəb olan kəskin istilər də olmayıb".

Mütəxəssisin sözlərinə görə, Azərbaycanın yerləşdiyi coğrafiyada son illər quraqlıq müşahidə olunur, bu isə iqtisadi çətinliklərə səbəb olur: "Quraqlığın səbəbləri günəş aktivliyinin artması ilə bağlıdır. Günəşdə baş verən proseslər Azərbaycan ərazisinə də mənfi təsir göstərir. Məsələn, Qubada, Bakıda, Gəncədə quraqlıq bununla bağlıdır. Son 20 ildə quraqlığın təkrarlanması 5-6 faiz təşkil edir".

Iqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanovun da fikrincə, baş verən anomal istilərin əsas təsiri okean ərazilərində özünü büruzə verir və Azərbaycana təhlükə gözlənilmir: "əsas təsir dairələri okean əraziləri, okeanətrafı adalar və şimal yarımkürəsindədir. Azərbaycan üçün fövqəladə vəziyyət yaradacaq istilər gözlənilmir".

Gülmalı Süleymanov dedi ki, meqapolislər daha çox okean sahillərində yerləşdiyindən, bu cür anomal iqlim hadisələri baş verdikdə kütləvi ölümlər də olur: "Inkişaf etmiş ölkələrdən fərqli olaraq Hindistan, Banqladeş kimi ölkələrdə bu cür fövqəladə hadisələr, təbii fəlakət baş verdikdə əhalini təxliyə etmək, yardım göstərmək üçün şərait yaradılmır. Məsələn, bizdə Kür daşqını baş verəndə, ölüm hadisəsi qeydə alınmadı. Cünki bu daşqınlar barədə öncədən aidiyyəti qurumlara və əhaliyə xəbərdarlıq edilmişdi, ölkənin imkanları hesabına əhaliyə yardım göstərilirdi. O ölkələrdə isə bu sistem aktiv fəaliyyət göstərmir deyə, bu cür kütləvi ölümlər baş verir".


Müəllif: