6 İyun 2015 12:17
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının (Aİ) Bakı ofisinin və Yunanıstanın Azərbaycandakı səfirinin Azərbaycana qarşı işbirliyi ortaya çıxıb.

Diplomatik mənbələrdən əldə edilən məlumata əsasən, Yunanıstan prezidenti Prokopis Pavlopulos Bakıda keçiriləcək l Avropa Oyunlarında iştirak etmək qərarından daşınıb. Buna səbəb isə Yunanıstanın Azərbaycandakı səfiri Dimitris Sunqasın bu ölkənin Xarici İşlər Nazirliyinə ötürdüyü dezinformasiya xarakterli məlumatlar olub.

Belə ki, səfir mayın 21-də Yunanıstan XİN-ə göndərdiyi məlumatda iddia edib ki, l Avropa Oyunlarının açılışında heç bir dövlət və hökumət başçısı iştirak etməyəcək.

Səfir öz iddiasını həm də Avropa İttifaqının Bakı ofisindən səfirliyə daxil olan və guya l Avropa Oyunlarının dünya liderləri tərəfindən “boykot” ediləcəyi haqqında məlumat ilə əsaslandırıb.

Səfir məktubunda hətta iddia edib ki, Rusiya və Türkiyə prezidentləri də açılışda iştirak etməyəcəklər. Məhz bundan sonra Yunanıstan hökuməti səfirin yanlış iddiasını əsas tutaraq, açılış mərasimində idman nazirinin müavini Stavros Kontonis səviyyəsində təmsil olunmaq barədə qərar qəbul edib.

Diplomatik mənbə onu da bildirib ki, Yunanıstan XİN-i formal olaraq bu qərarını Prezident Prokopis Pavlopulosun mayın 9-da Qələbə günü münasibətilə Moskvada keçirilən hərbi paradda iştirak etməməsi və buna görə də balans saxlamaq zərurəti ilə əsaslandırıb.

O da məlum olub ki, son günlər Avropa İttifaqı və onun Bakıdakı ofisi ayrı-ayrı ölkələrin rəhbərliyinə və Azərbaycandakı səfirliklərinə müraciətlər edərək, onları l Avropa Oyunlarının açılış mərasimində iştirakdan çəkindirməyə çalışır.

Avropa İttifaqının Bakı nümayəndəliyi Avropa oyunlarını boykot çağırışı etmədiyini bildirir

“Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Aİ-yə üzv dövlətləri Avropa Oyunlarının açılışını boykot etməyə çağırması barədə mediada verilən informasiya heç bir şəkildə düzgün deyil”.
Bu barədə sözügedən məsələyə münasibət bildirən Aİ-nin Bakı nümayəndəliyindən qeyd ediblər.
Bildirilib ki, Aİ-yə üzv dövlətlərin Avropa Oyunları kimi idman tədbirlərində iştirak etməsinə dair tövsiyə vermək nümayəndəliyin səlahiyyətinə daxil deyil: “Avropa İttifaqı nümayəndəliyi fürsətdən istifadə edərək oxuculara xatırlatmaq istərdi ki, Şərq Tərəfdaşlığı sammitinin birgə bəyanatında (Riqa 21-22 may 2015) xüsusi istinad verilir ki, burada da deyilir: ”Sammitin iştirakçıları iyun ayında Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarını səbirsizliklə gözləyir".

Yunanıstan səfirliyi təkzib etdi

Yunanıstanın Bakıdakı səfirliyi isə “məqalənin bütün məzmununu qəti şəkildə təkzib edib”: “Yunanıstan tərəfi rəsmi mövqeyini bildirəcək”.

Səfirlikdən bildirilib: “Səfirlik Avropa İttifaqının Bakı ofisinin və Yunanıstanın Azərbaycandakı səfirinin təxribatçı işbirliyi ortaya çıxıb” adı altında dərc olunan məqalənin bütün məzmununu qəti şəkildə təkzib edir. Yunanıstan tərəfi rəsmi mövqeyini bildirəcəkdir".

Aydın Mirzəzadə: “Yunanıstan səfirinin addımı diplomatik normalara uyğun gəlməyən bir addımdır”

“Yunanıstanın Azərbaycandakı səfirinin addımı diplomatik normalara uyğun gəlməyən bir addımdır”.
Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə dilə gətirib. A.Mirzəzadənin dediyinə görə, ümumiyyətlə, istənilən səfirin vəzifəsi öz ölkəsi ilə nümayəndə təyin olunduğu ölkə arasında dostluq münasibətlərini yaratmaq və münasibətlərin daha da genişlənməsinə kömək etməkdir.

O qeyd edib ki, iyulun 12-də açılışı keçiriləcək ilk Avropa Oyunları - möhtəşəm idman festivalı da Azərbaycanın tədbiri deyil, əslində, Avropanın tədbiridir: “Tarixdə ilk dəfə olaraq Avropa Oyunları keçirilir və həmin Oyunlar Azərbaycandan daha çox Avropaya lazımdır. Bu baxımdan, bəzi ölkə nümayəndələrinin Avropa Oyunlarına siyasi prizmadan yanaşması, bunu sırf Azərbaycanın daxili bir işi kimi qəbul etməsi, sadəcə, başadüşülən deyil. Hesab edirəm ki, burada da diplomatik yanaşmadan daha çox, siyasi yanaşma var. Avropadakı bəzi anti-Azərbaycan dairələri buraya müəyyən ölkələri də cəlb edə biliblər. Amma nə etmələrindən asılı olmayaraq, Avropa Oyunları yüksək səviyyədə keçiriləcək, o cümlədən, dünyanın diqqət mərkəzində olacaq. Bu Oyunlara idman yarışı, dostluq-qardaşlıq yarışı kimi baxan ölkələrin rəhbərləri yarışları izləmək üçün Azərbaycana gələcəklər və Azərbaycan da öz üzərinə düşən bu yüksək missiyanı yerinə yetirəcək”, - deyə A.Mirzəzadə sözlərinə əlavə edib.

Zahid Oruc: “Bu, təkcə Yunanıstan səfirinin şəxsi təşəbbüsü deyil”

“Düşünmürəm ki, bu, təkcə Yunanıstan səfirinin şəxsi təşəbbüsü ilə baş verir, eləcə də göründüyü kimi, Avropa İttifaqının bilavasitə o qitəyə daxil olan ölkələrə məxfi yazışmalarının mahiyyətini məhz diplomatik etiketdən kənar yanaşmalar təşkil edir”.

Bunu isə Milli Məclisin (MM) deputatı Zahid Oruc dilə gətirib. Onun dediyinə görə, faktiki olaraq Qərb dairələri sona qədər gözləyirlər ki, Azərbaycan onların əvəzindən anti-Rusiya blokuna qoşulacaq və Şimal qonşumuza qarşı müxtəlif əməliyyatlarda iştirak edəcək.

“Bunlar baş vermədikcə də, onlar hətta, öz qitələrinin maraqlarına xidmət edən tədbirlərdə belə bu cür avantüralara əl atırlar. Ayrıca götürülmüş halda, Yunanıstan-Azərbaycan münasibətləri bu dövr ərzində uğurla inkişaf edib. Biz hətta, qardaş Türkiyənin maraqlarını bu kontekstdə son dərəcədə ehtiyatla uzlaşdırmağa çalışmşıq. Bütün bunları bir kənara qoyaraq, diplomatik etiketi tapdalayaraq, həmçinin, ökələrin gələcək mənafelərinə zərbə vuraraq bu cür xəyanətkar addımda bulunmaq sübut edir ki, Azərbaycan ətrafında hansı oyunlar cərəyan edir...” - deyə Z.Oruc daha sonra sözlərinə əlavə edib.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər