İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Əmək Konfransının 104-cü sessiyası keçirilib. Teleqraf.com-un məlumatına görə, Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv-dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. Tədbirin gündəliyi BƏT-in Konvensiya və Tövsiyələrinin icra vəziyyəti, qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçidin dəstəklənməsi, kiçik və orta müəssisələr, layiqli məşğulluğun təmin olunması və s. məsələləri əhatə edib.
Sessiyanın plenar iclasında çıxış edən İ.İsayev məşğulluğun təminatında mühüm rola malik kiçik və orta sahibkarlığın inkişafı, qeyri-formal məşğulluğun aradan qaldırılması, layiqli, təhlükəsiz və sağlam əməyin təmin olunması sahəsində BƏT-in səylərinin Azərbaycan tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb. Nazir müavini iqtisadiyyatın prioritet sahələrinin inkişafının stimullaşdırılması, investisiyaların təşviqi, məqsədli dövlət proqramlarının icrası nəticəsində qısa zamanda respublikada iqtisadi sahədə strateji hədəflərə nail olunduğunu vurğulayıb. O bildirib ki, aparılan islahatlar nəticəsində ölkədə sosial yönümlü, dünya təsərrüfat sisteminə inteqrasiya olunmuş milli iqtisadiyyat formalaşıb, makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənib: “Son 11 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb, ölkə iqtisadiyyatına 180 milyard dollara yaxın xarici sərmayə cəlb edilib, işsizlik və yoxsulluq kəskin şəkildə azalaraq 5 faizə enib, sosial və iqtisadi infrastruktur yenidən qurulub, sosial rifahın davamlı yüksəlişi təmin olunub. Respublikada əldə olunan maliyyə imkanları Ermənistan tərəfindən Azərbaycanın 20% ərazisinin işğalı nəticəsində öz ölkəsində məcburi köşkünə çevrilmiş 1 milyondan çox insanın sosial təminatına və məşğulluğunun həllinə şərait yaradıb”.
İ.İsayev Prezident cənab İlham Əliyevin “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq ölkəmizdə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildiyini vurğulayıb: “Bu tədbirlər nəticəsində ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 83 faizə çatıb. Son 10 ildə məşğulluqda özəl sektorun payı 68 faizdən 74 faizə yüksəlib, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artıb və onlar əsasən kiçik və orta sahibkarlıq subyektləridir”.
Ölkəmizdə işləyən əhalinin əmək və sosial hüquqlarının təminatı sisteminin təkmilləşdirilməsi yönündə aparılan islahatları diqqətə çatdıran İ.İsayev 2014-cü ilin ən uğurlu nəticələrindən biri kimi MDB məkanında ilk dəfə olaraq Azərbaycanda əmək müqavilələrinin elektron qeydiyyatı sisteminin qurulmasından söz açıb: “Bu sistem işçilərlə əmək münasibətlərinin hüquqi əsaslarını elektron müstəviyə çıxarmaqla, Azərbaycanda əmək hüquqlarının təminatına dövlət nəzarətinin səmərəli təşkilinə, əmək müqavilələrinin bağlanmasında formal yanaşmaların aradan qaldırılmasına imkanlar yaratdı”.
Nazir müavini ölkəmizdə icra olunan məşğulluq strategiyası, sosial partnyorluq sistemini inkişafı, regionların sosial-iqtisadi tərəqqisi, yeni iş yerlərinin yaradılması sahələrində aparılan işləri və uğurlu nəticələri qeyd edib: “Daxili potensialdan səmərəli istifadə edilməsi, iqtisadiyyatın liberallaşdırılması, iqtisadi fəaliyyət iştirakçılarına sağlam rəqabət şəraitinin yaradılması, kiçik və orta sahibkarlığın inkişafı nəticəsində 1 milyon 300 min iş yerləri yaradılıb ki, onların 79 faizi regionlarda, 87 faizi qeyri-dövlət sektorunda, əksəriyyəti isə qeyri-neft sektorunda açılıb”.
Azərbaycanın 2020-ci ilə qədər olan dövrü əhatə edən xüsusi İnkişaf Konsepsiyası barədə məlumat verən İ.İsayev bu sənədə uyğun olaraq, işçi vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi, əhalinin ümumi gəlirlərində əməyin ödənilməsinin payının artırılması, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, qeyri-formal məşğulluğun qarşısının alınması və s. istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Sessiyada gündəlikdə dayanan məsələlər ətrafında müzakirələr aparılır.
Səfər çərçivəsində İ.İsayev BƏT-in Baş Direktoru Qay Rayder, BƏT-in İdarəetmə və Tripartizm departamentinin rəsmisi Kamran Fənnizadə, BƏT-in mütəxəssisi Partik Beltser, BƏT-in Avropa və Mərkəzi Asiya regional ofisinin rəhbəri Haynts Koller, BƏT-in Məşğulluq departamentinin rəhbəri Azita Awad Berar və digərləri ilə görüşlər keçirib. Görüşlərdə ölkəmizlə BƏT arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadilələri aparılıb.
Naibə QURBANOVA