17 İyun 2015 16:52
1 627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kondisioner təmiri üzrə mütəxəssis: "60 kvadratmetrlik otağa 40 kvadratmetrlik kondisioner quraşdırmayın"

Hər yay havalar istiləşdikcə günvurma riski də artır. Fövqəladə Hallar Nazirliyinin Tibbi Xidmətindən verilən məlumata görə, istivurma üçün günəş əsas şərt deyil, hava buraxmayan isti paltarda səylə işləmək və yaxud havasız, pis ventilyasiya olan yerdə bir neçə saat vaxt keçirmək istivurmaya kifayət edir və bu, təhlükəli hal hesab olunur.

İstilik nəticəsində orqanizmin bütün sistemləri fəaliyyətini zəiflədir. Bu zaman orqanizm uzun müddət tərləmə nəticəsində çoxlu miqdarda maye və duz itirir.

Ölüm baş verə bilər

Bədəndə mayenin səviyyəsi aşağı düşdükcə tərləmə dayanır və bədən özünü effektiv tənzimləyə bilmir. Bədənin hərarəti tezliklə elə bir həddə çatır ki, beyin və digər vacib orqanlar (ürək və böyrəklər) öz fəaliyyət qabiliyyətini itirməyə başlayır.

Zəiflik, qızarmış sifət, baş ağrısı, başgicəllənmə, sifətin əvvəlcə qızarması, sonra birdən-birə avazıması, təngnəfəslik, nəbzin tezləşməsi, ağır hallarda bədən hərarətinin 40 dərəcədən artıq olması nəticəsində istivurma yaranır.

İstivurmanın təsirinə daha çox artıq bədən çəkisi olanlar, yaşlı insanlar, uşaqlar, körpələr, günün isti vaxtında açıq havada qalanlar, o cümlədən həddən artıq fiziki işlə məşğul olanlar, ürək problemi, şəkər xəstəliyi, digər xroniki xəstəliyi olanlar, spirtli içki, yuxu dərmanları qəbul edənlər, zəif qidalananlar məruz qalırlar.

FHN mütəxəssisləri ilk yardım olaraq zərərçəkəni kölgəyə və ya sərin otağa aparmağı, onu sıxan paltarları çıxarmağı, yarıoturaq vəziyyətdə uzatmağı, soyuq su verməyi, üzünü və sinəsini soyuq su ilə silməyi, başına, boyunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyələrinə (iri damarlar keçən yerlərə) parçaya bükülmüş buz parçası və ya bu mümkün olmadıqda soyuq su ilə kompress qoymağı tövsiyə edirlər. Zərərçəkənin bədən hərarəti normaya çatdıqda onu quru parçaya və ya dəsmala bükmək də məsləhət bilinir.

Vəziyyət ağırlaşdığı halda isə dərhal "təcili yardım"a müraciət tövsiyə olunur. Çünki ağırlaşma halında zərəçəkənə təcili tibbi yardım edilməzsə, bu, ölümlə nəticələnə bilər.

Odur ki, isti havalarda müəssisələrin və yaşayış yerlərinin sərinləşdirilməsinə ciddi ehtiyac yaranır. Maddi imkanı olanlar kondisionerlərə, imkansızlar isə sərinkeşlərə üstünlük verirlər.

Otağın havasının təmizlənməsi, istivurmadan qorunmaq baxımından kondisionerlər əvəzsiz vasitə olsa da, ondan mütəmadi, yaxud qeyri-düzgün istifadə üzündən bəzi hallarda tez sıradan çıxır. Çox hallarda zəmanətlə satılan bu avadanlıq bəzən rahatlıq yerinə problem yaradır. Cihazda nasazlıq baş verdikdə, alıcı ilə satıcı arasında mübahisə baş verir və sair.

Azərbaycana 50-dən çox şirkət kondisioner idxal edir

Kondisioner təmiri üzrə mühəndis Yusif Bağırovun sözlərinə görə, hazırda Azərbaycanda kondisioner istehsal edilmir, xaricdən idxal olunan bu mallardan düzgün istifadəyə əməl etmək ən vacib şərtdir: "Bakıda vaxtilə fəaliyyət göstərən kondisioner zavodu hələ sovetlər dönəmindən fəaliyyətini dayandırıb. Zavod "Sprint" markalı kondisionerlərin istehsalına yenicə başlamışdı, amma o zaman artıq bu markaya ehtiyac qalmadı, daha modern markalar vardı, ona görə də zavodun işi dayandı. Hazırda Azərbaycana 50-dən çox şirkət dünyanın müxtəlif ölkələrindən kondisioner gətirir".

Böyük otaqda kiçikhəcmli kondisioner işlətməyin

Mühəndis dedi ki, yapon istehsalı olan kondisioner digərlərinə görə daha keyfiyyətlidir, onların da qiyməti 600 manatdan başlayır, 1500 manat və daha yüksək qiymətlərə çatır ki, bunları da almağa hər kəsin imkanı yoxdur: "Çin, Koreya, Dubay istehsalı 400 manatdan başlayır. Yapon istehsallı kondisionerlərin ömrü bizim ölkədə 6-7 il çəkir. Çünki bizdə kondisionerlərin işlənmə qaydası düzgün deyil.

Kondisioner quraşdırılarkən o mühitdə mütəxəssis tərəfindən istiliyin mənbəyi öyrənilməlidir. Bəzən qiymətə qənaət olsun deyə 60 kvadratmetrlik otağa 40 kvadratmetrlik üçün norma hesab edilən kondisioner işlədilir. Otağın kvadratına uyğun olmayan kondisionerlər tez sıradan çıxır. Bəzən də biri mütəmadi işlədir, digəri tez-tez yandırıb-söndürür, bu da nasazlıq yaradır. Kondisioneri tez sıradan çıxaran həm də elektrik cərəyanının nəqlindəki qeyri-sabitlikdir. Elektrikin qəflətən kəsilməsi də cihazı sıradan çıxara bilər".

Qeyd edək ki, Beynəlxalq Səhiyyə Təşkilatının normalarına görə, kondisionerin orqanizmə ziyan verməməsi üçün 22, 24, bəzi yerlərdə 26 dərəcədə işlətmək lazımdır. Yusif Bağırov: "İstifadəçi kondisioneri 18 dərəcədə qoyub sabaha qədər işlədir, sonra da həkimlərə düşür. Ona görə də bu texnikadan istifadə və quraşdırılma zamanı insanlarımız diqqətli olmalıdır".

"Zavod deffekti"in məsuliyyəti

Kondisioner.az saytının meneceri Nigar Babayevanın sözlərinə görə, kondisionerlərin qiymətləri firmasına, keyfiyyətinə və əhatə etdiyi sahəyə görə fərqlənir. Kondisionerlərin zəmanət müddətinin uzunluğunun qiymətə təsir göstərdiyini deyən menecerin sözlərinə görə, kondisioner təlimata uyğun istifadə olunduğu halda onda nasazlıq yaranarsa, bunu firma öz üzərinə götürür: "Cihazda "zavod deffekti" olmasını usta müəyyənləşdirə bilər. Yəni mütəxəssis rəy versə ki, nasazlığın səbəbi qurğunu hazırlayan firmadadır, o zaman firma cihazın təmirini və ya dəyişdirilməsini öz üzərinə götürür.

Məhsula 3 il ərzində zavod cavabdehlik daşıyırsa, müqaviləyə əsasən biz də məsuliyyət daşıyırıq. Amma zəmanət müddətinin artması da qiymətə öz təsirini göstərir. Məsələn, bizdə adətən kondisionerlər bir il zəmanətlə satıldığına görə qiymətlər nəqd ödənişlə 470 manatdan başlayır. Qiymətlər müqaviləyə görə də fərqlənir. Pul köçürülmə yolu ilə ödəniş aparılırsa, bu da qiyməti artırır. Adətən, 3 il qüsursuz işləyən cihazlar keyfiyyətli hesab olunur".

Əks halda müştəri cavabdehdir

Menecer dedi ki, kondisionerdə fiziki təsir, insan müdaxiləsi nəticəsində nasazlıq baş verərsə, buna müştəri məsuliyyət daşıyır: "Müştəri fiziki təsir nəticəsində cihazı sındırarsa, yaxud başqa müdaxilə nəticəsində cihazda nasazlıq baş verərsə, buna özü cavabdehdir".

Nigar Babayeva dedi ki, alıcılar məhsulu alarkən problemlə qarşılaşmamaları üçün zəmanətin şərtlərini diqqətlə oxumaları və hər hansı hadisə baş verən zaman bu sənədə əsaslanmaları daha məqsədəuyğundur.

Sevil HİLALQIZI


Müəllif:

Oxşar xəbərlər