20 İyun 2015 01:55
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 19-da təhsil naziri Mikayıl Cabbarovun Estoniya Təhsil Nazirliyi baş katibinin müavini Madis Lepajoe ilə görüşü olub.

Təhsil Nazirliyindən Teleqraf.com-a bildiriblər ki, görüşdə M.Lepajoe Estoniyanın Avropa İttifaqı üzvlüyü çərçivəsində təhsil islahatları sahəsində əldə etdiyi təcrübəni Azərbaycan ilə paylaşmaqda maraqlı olduğunu bildirib. Qonaq Estoniya və Finlandiya tərəfindən Azərbaycanda ali təhsil sisteminin inkişafına hədəflənmiş layihənin önəmli olduğunu qeyd edib, bu layihənin uğurlu olacağına ümid etdiyini söyləyib.

Ölkələrimiz arasında əlaqələrin əhəmiyyətini qeyd edən M.Cabbarov Estoniyanın təhsil islahatları sahəsində təcrübəsinin öyrənilməsinin səmərəli olacağına əminliyini bildirib.

Eyni zamanda, M.Cabbarov cari ilin may ayında Estoniyanın Tartu Universitetinin beynəlxalq əlaqələr fakültəsinin tələbə və müəllimlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə icazəsiz səfər etmələrinin ölkələrimiz arasındakı dostluq münasibətlərinə uyğun olmadığını və bu kimi halların gələcəkdə təkrarlanmayacağına ümid etdiyini nəzərə çarpdırıb.

M.Lepajoe sözügedən səfərdən təəssüfləndiyini söyləyib, Tartu Universitetinin rektorunun Azərbaycanın Estoniyadakı səfirliyinə məktub ünvanlayaraq bununla bağlı təəssüf hissi keçirdiyini ifadə etdiyini və Təhsil Nazirliyi tərəfindən gələcəkdə oxşar insidentlərin baş verməməsi məqsədilə ölkəsinin ali təhsil müəssisələri ilə müvafiq maarifləndirmə işinin həyata keçiriləcəyini vurğulayıb.

Görüşdə Azərbaycan ilə Estoniya arasında ali təhsil, ilk peşə-ixtisas təhsili, təhsil müəssisələrinin akkreditasiyası, təhsildə keyfiyyətin təmin olunması və akademik mobillik sahəsində mümkün əməkdaşlıq imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb.

Qonaq Avropa Velosiped İttifaqının vitse-prezidenti qismində qurumun Bakıda keçirilən idarə heyətinin iclasına qatılmaq, eləcə də “Bakı-2015” birinci Avropa Oyunlarını izləmək üçün ölkəmizə gəldiyini bildirib.


Müəllif:

Oxşar xəbərlər