Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 7-də 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə keçirdiyi qəbul imtahanının II mərhələsinin nəticələrini açıqlayıb.
Komissiyadan Teleqraf.com-a verilən məlumata görə, imtahan nəticələri TQDK-nın internet saytında yerləşdirilib.
Hər bir namizəd TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.
Namizədlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə də öyrənə bilərlər.
Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1001 namizəddən 52 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 949 namizəddən 589 nəfəri müsabiqə şərtini (50 və daha yüksək bal) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.
Ən yüksək nəticə 88 bal olub. Rezidenturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi iyulun 10-dan 14-dək aparılacaq. Müsabiqə şərtini ödəyən namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər.