14 iyul tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin, YAP Binəqədi Rayon Təşkilatının və Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin rəhbər vəzifəyə gəlişinin 46-cı ildönümünə həsr edilmiş elmi-praktik konfrans keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov, millət vəkili, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev, Naxçıvan MR-nın Bakıdakı Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri Vüsar İsmayılov və Aygün Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, İcra Hakimiyyəti Aparatının bölmə müdirləri, YAP Binəqədi Rayon Təşkilatının fəalları, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri iştirak etdilər.
Tədbirdən əvvəl iştirakçılar və qonaqlar Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ulu öndərə ehtiramlarını bildirdilər.
Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov 14 iyul 1969-cu il tarixinin əhəmiyyətindən danışdı. Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən bu tarixin ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcı olduğunu nəzərə çatdıran natiq ümummilli liderin Azərbaycan KP MK-ın I katibi seçilməsi ilə Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətlərinin müəyyənləşdirildiyini qeyd etdi.
Daha sonra “Ümummilli liderin milli dil siyasəti" mövzusunda məruzə ilə çıxış edən professor Nizami Cəfərov ulu öndərin təkcə dövlət quruculuğu sahəsində deyil, milli quruculuqda da xalqa liderlik etdiyini vurğuladı. Natiq məhz Heydər Əliyevin Azərbaycan KP MK-ın I katibi vəzifəsində çalışdığı illərdə onun təşəbbüsü ilə Azərbaycan dilinin inkişaf etdirilməsi məqsədilə bir sıra ardıcıl, strateji tədbirlərin həyata keçirildiyini nəzərə çatdıraraq, bu tədbirlərdən biri kimi Azərbaycan dilində nəşr edilən “Ədəbiyyat” qəzetinin və “Azərbaycan” jurnallarının tirajının artırılmasını və demək olar ki, ucqar kəndlərdə yaşayan hər bir sadə zəhmətkeş ailəsinə çatdırılmasını qeyd etdi.
Millət vəkili Bəxtiyar Əliyev “Heydər Əliyev və Azərbaycan qanunvericiliyi” mövzusunda çıxış edərək Ulu Öndərin sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizdə qanunvericiliyin inkişafı üçün gördüyü işlərdən, həmçinin Azərbaycançılıq ideologiyasının əsasını qoymasından bəhs edərək, bu uğurlu siyasətin bu gün də cənab Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd etdi.
“Naxçıvan MR-nın inkişafında Heydər Əliyevin rolu” mövzusunda məruzə edən Naxçıvan MR-nın Bakıdakı Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlləri bütün Azərbaycanda, о cümlədən onun tərkib hissəsi olan Naxçıvanda ictimai-siyasi hadisələrin ən mürəkkəb dövründə Heydər Əliyevin xalqın azadlıq uğrunda apardığı mübarizəni qələbə ilə
başa çatdırması üçün lazım olan siyasi təcrübəyə, diplomatik qabiliyyətə malik rəhbər kimi geri döndüyünü nəzərə çatdırdı. Natiq 12-ci çağırış Naxçıvan MSSR-in Ali Məclisinin 1990-cı ilin noyabr ayının 17-də Heydər Əliyevin sədrliyi ilə keçirilmiş ilk sessiyasında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikası adlandırılması, Naxçıvan MSSR Ali Sovetinin adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, Azərbaycan Respublikasının milli istiqlal rəmzi olan üçrəngli dövlət bayrağının bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərarların qəbul olunduğu barədə məlumat verdi. B. Əsgərov həmçinin qeyd etdi ki, ümumiyyətlə 1991-1993-cü illər arasında ümummilli lider Heydər Əliyev Naxçıvandakı hakimiyyəti dövründə Muxtar Respublikanı geniş tərəqqi yoluna çıxarmağı bacardı.
Məruzələr başa çatdıqdan sonra Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının aktyorlarının ifasında Ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər oxundu.
Tədbirə yekun vuran Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İlqar Süleymanov Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğunu uğurlu siyasəti davam etdirən cənab Prezident İlham Əliyevə hər sahədə dəstək verməyin bir zərurət olduğunu nəzərə çatdırdı.