15 İyul 2015 11:06
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pərviz Heydərov: "Ölkədə dərman biznesindən nəinki 200-300, hətta 500 faiz gəlir götürənlər var"

Dərman bazarındakı xaotik vəziyyət ölkə başçısının da diqqətindən yayınmayıb və o, Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu mövzuya xüsusi diqqət yetirib: "Uzun illər dərman preparatları ilə bağlı burada da çox xaotik vəziyyət müşahidə olunurdu.

Bu məsələ bir qədər diqqətdən kənarda qalmışdı. Məsələ dərindən təhlil edilərkən ədalətsizliklər olduğu ortaya çıxıb. Qiymətlər süni şəkildə qaldırılır. Başqa ölkələrlə müqayisədə Azərbaycanda bəzi dərmanların qiymətləri bir neçə dəfə bahadır. İnsanlar məcbur olub bu dərmanları alırlar. Bir çox hallarda keyfiyyətsiz dərmanlar satılır. Bu məsələ dərindən öyrənilib".

Prezident bildirib ki, İqtisadiyyat və Sənaye, həmçinin Səhiyyə nazirlikləri bu məsələ ilə ciddi məşğul olduqlarını deyiblər: "Burada həkimlərin də məsuliyyətsizliyi və bəzi hallarda tamahkarlığı özünü göstərir. Lazım olmayan reseptləri yazırlar. Resepti yazır, deyir ki, sən bu dərmanı filan yerdən almalısan. Hətta reseptlə satılmayan vitaminlərə də resept yazırlar. Bu, böyük bir biznes şəbəkəsidir. Bu biznes kimin hesabınadır? Adi insanın hesabına. Adi insan da məcbur olub gedir ona verilən reseptlə dərman alır. Heç bilmir nə alır. Sonra dərmanın ona kömək edib-etməməsi ilə əfsuslar olsun ki, heç kim maraqlanmır".

Prezident bildirib ki, sentyabr ayından gec olmayaraq bu məsələ artıq yeni müstəviyə qalxmalıdır: "Həm şəffaflıq təmin ediləcək, hər bir vətəndaş biləcək ki, hansı dərmanı alır və hansı qiymətə alır. Qiymətlərin yuxarı səviyyəsi müəyyən ediləcək. Heç kim o səviyyədən baha sata bilməyəcək".

"İdxalda inhisarçılıq aradan götürülməlidir"

İqtisadçı-ekspert Pərviz Heydərov ölkədə dərman preparatları və tibbi ləvazimatların satış qiymətində illərdir pərakəndəliyin olduğunu deyir. Ekspert bunun həlli yollarının əsas iki istiqamətdən ibarət olduğunu vurğulayır - daxili istehsal təşkil olunmalı, idxalda inhisarçılıq aradan götürülməlidir: "Dərman vasitələri və preparatlarına tələbat böyükdür. Azərbaycanda bu sahədə özbaşınalığın kökü məhz bundan irəli gəlir. Tələbatın genişliyindən sui-istifadə edilir.

Ölkədə dərman biznesindən nəinki 200-300, hətta 500 faiz gəlir götürənlər var. Onu da qeyd edək ki, dünya üzrə də bu sahədə mövcud vəziyyət tam mənada qənaətbəxş deyil və şəffaf xarakter daşımır.

Tam məsuliyyəti ilə deyə bilərəm ki, Azərbaycanda bu sahədə sözügedən özbaşınalıqdan çox güman ki, ayrı-ayrı ölkələrdəki fırıldaqçı istehsalçılar da xeyir götürür. Odur ki, bu sahəyə dövlət nəzarəti olduqca vacibdir. Prezident də qeyd edib ki, bu məsələ bir qədər diqqətdən kənarda qalmışdı. Ona görə də hər şey bazar tərəfindən tənzimlənməlidir. Təklif, qiymət, tələbat adlı iqtisadi mexanizmlər mövcud olsa da, heç də hər şey öz ədalətli həllini tapmır".

"Bu işlə Səhiyyə Nazirliyi məşğul olur"

Ekspert bildirir ki, çox tələb olunan dərmanlar üzrə nəzarətin tədbiqi daha vacibdir: "İndi deyilir ki, iyunun 9-dan etibarən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı sənədlərin qəbuluna başlanılıb. İlk növbədə daha çox tələb olunan dərmanlar üzrə nəzarət tədbiq olunmalı və müvafiq qiymət siyasəti həyata keçirilməlidir. Hazırda təxminən 4500 adda dərman vasitəsinin dövlət qeydiyyatından keçdiyi deyilir. Bu işlə Səhiyyə Nazirliyi məşğul olur.

Adı çəkilən qurumun işi bununla bitməməlidir. Nə qədər ki, ölkənin bu sahədə daxili bazarı idxaldan maksimum asılıdır, inhisarçılarla mübarizə aparmaq çətin olacaq. İstənilən dərman növünü eyni şirkət gətirdiyi halda isə qiymət şişəcək.

Odur ki, ən zəruri və daha çox tələb olunan dərman növlərinin ən yüksək inkişaf etmiş istehsalçıları ilə birbaşa əlaqə qurularaq ölkəmizdə yerli istehsalı perespektivi də dərhal nəzərdən keçirilməlidir".

"Eyni dərman müxtəlif qiymətə satılır"

Mövzu ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Elmira Axundova da dərman bazarında pərakəndəlik olduğunu deyib: "Eyni adda dərman paytaxtın müxtəlif apteklərində fərqli qiymətə satılır. Xarici ölkələrdə isə müxtəlif apteklərdə eyni dərmanın qiymətində fərq olmur. Parisdə beş apteki gəzdim, eyni dərmanın qiyməti hamısında eyni idi. Bizdə isə elə dərman var onun qiyməti xarici ölkələrlə müqayisədə dəfələrlə bahadır.

Mənim istifadə etdiyim "Novonorm" dərmanı var. Bu preparatin Fransadan 90 dənəsini 11 avroya alıram. Azərbaycanda isə çox bahadır. "Novonorm"un 30 dənəsi 50 manatdır".

Millət vəkili əlavə qazanc əldə etmək üçün həkimlərin pasiyentlərə qədərindən artıq dərman yazdığını deyib: "Bəzən həkimlər o qədər lazımsız dərmanlar yazırlar ki, pul çatdırıb almaq olmur. Bizdə çox bacarıqlı həkimlər var, amma bəziləri içdikləri "Hippokrat andı"na sadiq qalmırlar.

Vəziyyət həqiqətən də narahatedicidir. İnsanlara hansı dərmanları sırıyırlar, hansı aptekdən almağa məcbur edirlər, qiyməti, reseptli-reseptsiz olması kimi nöqsanlar var. Mən inanıram ki, Prezidentin çıxışından sonra bu problemlər öz həllini tapacaq".

Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin də mövqeyini öyrənməyə çalışsaq da, qurumdan suallarımıza cavab verən olmadı.

Naibə Qurbanova


Müəllif:

Oxşar xəbərlər