Bir sıra xəbər saytlarında TQDK tərəfindən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək üçün tələb olunan müsabiqə şərti ilə bağlı verilmiş məlumatlar təhrif olunub.
Bu barədə Teleqraf.com-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.
Məlumatda bildirilib ki, qeyd olunan məlumatlarda müsabiqədə iştirak etmək üçün tələb olunan minimal bal həddi ixtisaslara keçid balı kimi təqdim olunub.
“Abituriyentlərin nəzərinə bir daha çatdırırıq ki, bunlar tamamilə fərqli anlayışlardır. Keçid balı müsabiqə aparıldıqdan sonra hər ixtisas üzrə ayrı-ayrılıqda formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Keçid balı müəyyən ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olur. Fərz edək ki, hər hansı ixtisas üzrə qəbul planı 40 yerdən ibarətdir. Həmin ixtisası ərizəsində müsabiqə şərtlərini ödəmiş 200 nəfər göstərib. Bu zaman həmin 200 nəfərdən ən yüksək bal toplayan 40 abituriyent bu ixtisasa qəbul edilir və 40-cı abituriyentin balı həmin ixtisas üzrə formalaşmış keçid balı olur.
Müsabiqə şərti isə TQDK tərəfindən hər hansı bir ixtisas qrupunun, yaxud ixtisasın müsabiqəsində (ixtisas seçimində) iştirak etmək üçün qoyulan minimal tələbdir. Belə ki, hər bir qrup üzrə ixtisasların müsabiqəsində yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər.
2015/2016-cı tədris ili üçün I, II, III və IV ixtisas qruplarının müsabiqəsində (ixtisas seçimində) ümumi balı 200-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur”.