Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iyulun 16-da İsmayıllı şəhərində İsmayıllı, Qəbələ və Şamaxı rayonlarından olan sakinləri qəbul edib.
Heydər Əliyev Mərkəzində DGK-nın müvafiq struktur rəhbərlərinin də qatıldıqları qəbulda müraciətlər əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları, gömrük-keçid məntəqələrində vəziyyət barədə olub.
Hər bir vətəndaş DGK-nın sədri tərəfindən diqqətlə dinlənilib və əksər müraciətlər yerindəcə həll edilib. Araşdırılması zəruri olan bir sıra müraciətlərin isə qanunvericiliyə uyğun həlli barədə müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib. DGK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər barədə vətəndaşlara hərtərəfli izahatlar verilib, belə müraciətlər müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.
Vətəndaşlar qəbul üçün yaradılan şəraitdən razılıqlarını bildirib, bu cür qəbulların təşkilinin səbəbkarı olan dövlətimizin başçısına minnətdarlıq ediblər.