Paytaxtın bəzi yollarında aparılan tikinti işləri ilə bağlı sıxlıq müşahidə olunur. Lakin təmir işləri ümumilikdə ciddi problem yaratmayıb.
Bu sözləri Publika.az-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, hazırda paytaxtın Badamdar qəsəbəsində qəsəbəxarici avtomagistralda əsaslı asfalt örtüyünün çəkilişi davam edir: “Dünəndən başlanan təmir işləri avtomobillərin qəsəbə daxilində hərəkət edir ki, bu da müəyyən qədər sıxlığa səbəb olub. Ümumiyyətlə, həmin ərazidə sıxlığın yaranmaması üçün alternativ olaraq Mikayıl Müşviq dairəsindən üçüncü kənar dairəvi yolla hərəkət etməyi tövsiyə edirik. Bundan başqa, sürücülər Qurd Qapısı 3-cü kənar dairəvi yoldan Bakı-Salyan, Bakı-Ələt istiqamətində hərəkət edə bilərlər. Dağüstü park istiqamətində hərəkət etmək istəyənlərə Teymur Elçin küçəsi və Parlament prospektində hərəkət etmələri tövsiyə olunur”.
V.Əsədovun onu da vurğulayıb ki, Rəşid Behbudov küçəsində 28 may küçəsi kəsişməsindən Füzuli küçəsi istiqamətinə qədər olan hissədə olan yolda asfalt örtüyünün çəkilməsi ilə əlaqədar bəzi hissələrdə yol daralıb: “Həmin ərazidə işlər yaxın saatlarda başa çatacaq. Buna görə bu yoldan istifadə edən sürücülərə alternative olaraq, Füzuli küçəsindən keçməklə Səməd Vurğun küçəsi boyunca hərəkət etməyi, “Gənclik” metrostansiyası istiqamətində hərəkət etmək istəyənlərə F.Xoyski küçəsindən istifadə etməyi tövsiyyə edirik”.
V.Əsədov həmçinin bu il ərzində istər təmir-tikinti, istərsə də maairfləndirmə işi nəticəsində yol nəqliyyat hadisələrinin azaldığını bildirib: “Bu işdə yol polisi qədər, jurnalistlər də bizə dəstək olur. Bu gün də jurnalistlərin peşə bayramıdır. Bizimlə əməkdaşlıq edən və yol polisinin işinə dəstək olan, vətəndaşları maarifləndirən bütün jurnalistləri təbrik edirəm”.