Millət vəkili Elmira Axundovanın oğlu Həbib Axundovun ondan 575 min manat götürməsi ilə bağlı mediaya açıqlamalar verən , iş adamı Fərman Məmmədovla bağlıAvrasiya.net-ə yeni şok məlumatlar daxil olub.
Bildirilir ki, F.Məmmədov 2000-ci ilin dekabrında zəlzələ zamanı Azərbaycan prospekti, 38 ünvanda yerləşən ofisində dünyasını dəyişən ALDP-nin sabiq sədri Zakir Məmmədovun qardaşıdır. Bu ünvan isə Beynəlmiləl Döyüşçülər Şurasına aid idi. Şura ofisində partiyaya yer vermişdi. O zaman sabiq iqtisadi inkişaf naziri olan Fərhad Əliyevlə dostluğundan sui-istifadə edən F.Məmmədov partiyanın qərargahını qeyri-qanuni olaraq özəlləşdirib. Cəmiyyətə məxsus ünvanlar özəlləşdirilə bilinməzdi, amma F.Məmmədov buna nail ola bildi. Ofis özəlləşdirildikdən sonra Fərman onu məmurların birinə icarəyə verib – aya 10 min dollar. İddia edilir ki, F.Məmmədovun ofisini gənclər və idman naziri Azad Rəhimov icarəyə götürüb və hazırda ora mebel salonuna çevrilib. F.Məmmədov bu ofisi əvvəlcə ALP sədri Lalə Şövkətə icarəyə vermişdi.
Beynəlmiləl Döyüşçülər Şurasının üzvü, hazırda Sankt-Peterburqda yaşayan Elçin Niyazov adlı şəxsin F.Məmmədovla bağlı Avrasiya.net-ə ünvanladığı məktubu olduğu kimi dərc edirik.
Hörmətli “Avrasiya” redaksiyası!
Bu gün sizin saytınızda Fərman Məmmədov barədə məqalə oxudum... Təəssüf ki, bu adam mənə tanışdı və mən sizə yazmaq istəmirdim. Amma mənə ağır və utancvericidi ki, mən də veteranam... Elmira Axundova ilə tanış deyiləm, çoxdan Sankt-Peterburqa köçmüşəm. Fərman Məmmədova gəldikdə isə... Bizim Şuraya təsadüf nəticəsində düşmüş, böyük əhəmiyyət daşımayan, az təhsilli, fəsadçı olan bu insan anidən Şuranın (Beynəlmiləl döyüşçülər veteranlar Şurası) sədri oldu. Biz veteranlar daha sonra onun necə sədr olduğunu anladıq. O, öz intriqaları ilə Şura üzvlərinin arasını vurmuşdu və hamı Şuraya rəhbərlik etməkdən imtina etdikdə Fərman bunu etdi. Axı qarşıda iki daş karxanası və şəhərin mərkəzində bulvar yaxınlığında obyekt var idi.
Orada Muzey var (keçmiş adı Lenin Muzey), yeni adını bilmirəm. Fərmanın siyasi baxışları barədə yazmaq istəmirəm (O anti Heydər Əliyevçi idi və çox güman ki, o cür də qalmaqdadır, baxmayaraq otağında Heydər Əliyevin portreti var idi. Özü dediyi kimi bu pərdə idi). 90-cı illərin sonlarında Bakıda idim və təbii olaraq Şuraya getdim. Orada məni Rizvan (o mühasibatlıq işini aparırdı) qarşıladı və bir sənədi imzalamağı xahiş etdi. Mənim suallarıma o, aydın şəkildə cavab verə bilmədi və buna görə məni Fərmanın yanına apardı. Fərman məndən xahiş etdi ki, Şuraya verilən məkanın özəlləşdirilməsinə etiraz etmədiyimi bildirən sənədi imzalayım. Mən bunun qanunsuz olduğunu dedikdə, o, bildirdi ki, “Narahat olma. Hər şey qaydasındadı. Fərhad (daha sonra mən bildim ki, Fərhad Əliyev Dövlət Əmlak Komitəsinin sədridir) mənim dostumdu, o mənə kömək edəcək. Üstəlik, mən artıq daş karxanalarını özəlləşdirmişəm. Şura üzvlərinin çoxu artıq imza atıblar, buna görə də özün bax, istəmirsənsə, imzalama. Amma mən səndən xahiş edirəm ki, bunu təmənnasız yox, mükafat müqabilində et”.
Mən onsuz da digər ölkədə yaşayırdım və buna görə də mənim üçün elə də fərqi yox idi. Mən imza atdım, yeri gəlmişkən, vəd edilmiş mükafat hələ də verilməyib. Prinsipcə, mənim buna ehtiyacım da yox idi. Daha sonra mənim yanıma Şuradan dostlarım gələndə deyirdilər ki, Fərman onları da aldadıb, heç nə verməyib. İki il əvvəl yenə Bakıda idim və adətim üzrə Şuranın ofisinə getdim. Orada beynəlmiləl-döyüşçülər üçün hətta otaq belə yox idi. Bizim ofisin yerində bahalı mebel mağazası var idi. Dayanacaq nəzarətçisindən öyrəndim ki, Fərman obyekti hansısa nazirə böyük pula icarəyə verib... Sizin məqalədə sual olunur ki, Fərman Məmmədov bu qədər pulu hardan alıb? Bax buradan. Qanunsuz özəlləşdirdiyi iki daş karxanasından və Beynəlmiləl-döyüşçü veteranların ofisindən!!!
Qeyd: Təəssüf ki, o da özünə veteran deyir...
Hörmətlə, Elçin Niyazov