31 İyul 2015 16:19
1 961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onlarsız mümkün deyil. Bir dəqiqə geciksələr, bu, kiminsə həyatının sonu ola bilər. Onların əsas missiyası insan həyatını xilas etməkdir. Üstəlik, zamanla yarışırlar. Söhbət Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşlarından gedir.

7 nömrəli Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına baş çəkib vəziyyətlə daha yaxından tanış olduq.

57 həkim 300 mindən çox adama xidmət edir

Stansiyaya daxil olub, qəbul şöbəsindən baş həkimin otağını soruşduq. Otağı göstərdilər, biz də içəri keçdik. Stansiyanın baş həkimi Natiq Nəbiyev bizi öz peşəsinə uyğun olaraq gülərüz qarşıladı.

Natiq Nəbiyevin sözlərinə görə, 2013-cü ilin yanvar ayından 7 nömrəli Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına məlumatlar mərkəzləşdirilmiş qaydada verilir: "Yəni əvvəllər çağırışlar həm "103" xidmətinə, həm də stansiyada olan şəhər telefonları vasitəsilə dispetçerlərə çatdırılırdı. Hazırda isə çağırışların hamısı "103" xidmətinə, oradan isə telefonlara birbaşa operator vasitəsilə qəbul olunur. Daha sonra qəbul olunan çağırışlar ya ratsya ilə təcili yardım xidmətlərinə, ya da planşet vasitəsilə həkimlərə ötürülür.

Bizim stansiya Bakı şəhərinin ən böyük təcili yardım stansiyasıdır. Burada 10 həkim briqadası fəaliyyət göstərir. 10 sanitar avtomobilimiz var. Stansiyada 57 həkim, 57 orta tibb işçisi, 40 sürücü çalışır. İş günü gecə-gündüz 12 saat olmaqla ikinövbəlidir. Xətai rayonunun 300 mindən çox əhalisinə ilkin tibbi yardım göstəririk. Maşınlar "Mercedes-Benz" markalıdır. Hamısı müasir avadanlıqlarla təchiz edilib".

Bəs nədən bu qədər işçi gözümüzə dəymədi? Baş həkim bildirdi ki, buna səbəbi əksəriyyətin məzuniyyətə çıxmasıdır: "Bilirsiniz ki, şəhərimizdə "Bakı-2015" I Avropa Oyunları keçirildi. Oyunlar zamanı bizim stansiya əməkdaşlarının əksəriyyəti yarışların keçirildiyi arenalarda, qonaqların qaldığı otellərdə təcili yardım xidməti olaraq növbətçilik sistemi ilə çalışdı. Bu səbəbdən işçilərimiz məzuniyyətə çıxa bilmədilər. Məcbur olub onları indi məzuniyyətə yolladıq".

Natiq Nəbiyev deyir ki, 7 nömrəli stansiyada qadınların sayı kişilərdən çoxdur: "Əslində bu sahədə işləmək çətindir. Burada iş gərgindir, sürətlidir, operativdir. Düşünürəm ki, işçilərimiz arasında kişilər üstünlük təşkil etməlidir. Ancaq təəssüf ki, qadınlar kişilərdən çoxdur. Məncə, qadınlar həm bilik, həm də fiziki baxımdan özlərini doğrultduqları üçün bu sistemdə işləyirlər".

Qeyd edək ki, stansiyanın həyətində yaşıllıq üçün müxtəlif növ ağaclar əkilib. Otaqlar təmiz və səliqəlidir. Çağırış mərkəzinin əməkdaşları xüsusi geyimlə təmin olunub. Bina üç mərtəbəlidir. Qadın və kişi həkimlər üçün ayrıca otaqlar, eyni zamanda, mətbəx, akt zalı da var.

"Sizi çağırdım ki, gəlin çay içək"

Baş həkim deyir ki, çağırışların zirvə saatları axşam saat 17:00-dan başlayır: "Bu, əhalinin işdən gələndən sonra gərgin və əsəbi olması ilə bağlıdır. Digər tərəfdən, qadınlar xəstələndikləri halda həyat yoldaşlarının, yaxınlarının evdə olmadığını düşünərək təcili yardım çağırmağa çəkinirlər. Gözləyirlər həyat yoldaşları evə gəlsin, sonra təcili yardıma müraciət etsinlər. Bu da onların səhhətində yaranmış problemi kəskinləşdirir, hətta həyatlarını təhlükədə qoyur.

Bizə gün ərzində 160-170 çağırış daxil olur. 2013-cu ildə 42 min, 2014-ci ildə 45 min çağırış qeydiyyata alınıb. Bu çağırışlar ildən-ilə artır. Çağırışlar operativ olaraq iki uşaq və böyük reanimasiya briqadası tərəfindən yerinə yetirilir. Uşaq reanimasiya briqadası yalnız azyaşlılarla bağlı çağırışlara xidmət edir. Onlar son müasir tibbi avadanlıqlarla təmin olunublar ".

Daha sonra həkim Cəlal Baxışovla söhbətləşdik. Həkimin sözlərinə görə, hazırda günəş şüalarından qorunmayan insanlardan daha çox müraciət gəlir: "Bununla yanaşı, ürək-damar, təzyiq, hipotoniya xəstəlikləri ilə bağlı müraciət də az deyil. Biz çağırışa gedəndə məsləhətlər veririk. Səhər saat 11:00-dan 17:00-a qədər günün ən zirvə saatları olduğundan açıq havada dayanmaq, gəzmək ziyandır. Gün ərzində çoxlu maye qəbul etmək lazımdır. Çalışmaq gərəkdir ki, həmin saatlar kölgədə, yaxud havası təmiz yerlərdə olasan".

Həmsöhbətim deyir ki, çağırışlar zaman maraqlı hadisələrlə də qarşılaşırlar: "Bir dəfə bir zəng gəldi ki, özünüzü təcili çatdırın... Təbii ki, bizim gələn zənglərə imtina etmək haqqımız yoxdur. Getdik, qapını yaşlı qadın açdı. "Gəlin-gəlin" deyə bizi içəri dəvət etdi. Dedik, zəhmət olmasa, bizə xəstə olan otağı göstərin. Ətrafa baxdıq ki, heç kim yoxdur. "Xəstə sizsiz?" deyə soruşanda güldü. "Hə, - dedi, - oğlum, mən çağırmışam sizi. Evdə tək yaşayıram. Sizi çağırdım ki, gəlin çay içək, söhbət edək". Biz də güldük. Dedik, bizə sizinlə oturub söhbət etməyə icazə verilmir.

Əsasən nevroloji xəstələr istəmirlər ki, həkim onlardan ayrılsın. Deyir ki, getməyin, siz gedən kimi mənim vəziyyətim ağırlaşacaq. Başa salırıq ki, başqa çağırışlarımız da var. Rəhbərlik qayda qoyub, 40 dəqiqədən artıq xəstə yanında qalmağa ixtiyarımız yoxdur. Yalnız nadir hallarda xəstənin yanında bir saatdan artıq qalmaq olar".

Zəng edən vətəndaşlar gərgin olurlar

Təcili tibbi yardım stansiyasının sürücüsü Emin Şahverdiyev yollardakı tıxacdan narazılıq edir: "Düzdür, son zamanlar şəhərdə nisbətən seyrəklikdir. Ancaq köklü dəyişiklik yoxdur. Ünvana gecikməyin səbəbini xəstə yaxınları sürücülərdə görürlər. Biz istəmərik ünvana gecikək. Amma onlar da bizi başa düşməlidir. Vətəndaşlar bilməlidirlər ki, təcili yardım maşını çağırışı alandan iki dəqiqə sonra ünvana getmək üçün stansiyadan çıxır. Sonra məsafə məsələsi var, tıxac var".

Tibb işçisi Şəlalə Quliyevanın sözlərinə görə, zəng edən vətəndaşlar gərgin olur, bu səbəbdən bəzən ünvanı səhv deyirlər: "Gecikmənin bir səbəbi də budur. Əslində, tibb işçiləri ünvana çatana kimi xəstənin yaxınları onlara kömək edə bilərlər. Əksər evlərdə sakitləşdirici- valerian, karvalol tipli dərmanlar olur. Bunlar yoxdusa, həkim evə gələnə kimi, fiziki üsullardan istifadə etmək, ayaq nahiyəsini spirtlə ovuşdurmaq, alına soyuq dəsmal qoymaq lazımdır".

Söhbətimiz zamanı stansiyaya çağırış gəldi. Həkim və sürücülər iki dəqiqə ərzində hazırlaşıb, əllərindəki planşetlə ünvanı dəqiqləşdirib yola düşdülər. Biz də sağollaşdıq...

İlhamə


Müəllif:

Oxşar xəbərlər