Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ali məktəblərə qəbul imtahanı yekunlaşdı. Bu ilin məzunları arasında 15 abituriyent maksimum nəticə göstərərək 700 bal topladı. Əvvəlki illərin məzunları arasında da I ixtisas qrupu üzrə maksimal nəticə 647 bal, II ixtisasda 614, III ixtisasda 680, IV ixtisasda isə 670 baldır.
Yüksək nəticə əldə edən abituriyentlərlə apardığımız sorğudan bu qənaətə gəlmək olar ki, onlar Azərbaycan ali məktəbləri arasında ən çox Bakı Ali Neft Məktəbi, ADA Universiteti, Prezident yanında İdarəçilik Akademiyası və Qafqaz Universitetində təhsil almağa üstünlük verirlər. Səbəbini isə bu ali məktəblərin prestijli olması ilə izah edirlər.
IV qrup üzrə isə 700 bal toplayanlar bir qayda olaraq həkimlik ixtisasını seçirlər ki, onlar da əksər vaxt xarici ölkələrin universitetlərində oxumağa üstünlük verirlər.
Ümumiyyətlə, son illər yüksək nəticə göstərən abituriyentlərin əksəriyyəti Azərbaycan universitetləri arasında yuxarıda adını çəkdiyimiz ali məktəblərdə oxumaq arzularını bildirirlər. Bəs həmin ali məktəblər bunun səbəbini nə ilə izah edir?
Sorğumuza adıçəkilən ali məktəblərdən aldığımız cavabları təqdim edirik.
İngilisdilli, yüksəkixtisaslı, dünyagörüşlü kadrlar
Dörd il öncə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) nəzdində yaradılan Bakı Ali Neft Məktəbinin mətbuat xidmətindən bildirildi ki, bu təhsil ocağının yaradılmasında əsas məqsəd ölkənin sənaye müəssisələrində transmilli şirkət olan SOCAR-ın, istər Azərbaycanda, istərsə də ölkənin hüdudlarından kənarda həyata keçirdiyi beynəlxalq layihələrdə işləyə biləcək ingilis dilli, müasir biliklərə yiyələnmiş, yüksəkixtisaslı və geniş dünyagörüşlü mütəxəssislərə olan ehtiyacı ödəməkdir: “Hazırda BANM-də 3 ixtisas (”Neft-qaz mühəndisliyi", “Kimya mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”) üzrə mütəxəssislər hazırlanır. Ali Məktəbə I ixtisas qrupu üzrə qəbul imtahanında 600-dən yüksək bal toplamış abituriyentlər qəbul ola bilirlər".
2012/2013-cü tədris ilində BANM-in 11 tələbəsi, 2013/2014-cü tədris ilində 15, 2014/2015-ci tədris ilində isə 17 tələbəsi Prezident Təqaüdünə layiq görülüb: “TQDK-nın əsas göstəricilərinə görə, 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin orta ballarına görə ən yüksək nəticələrə malik ali məktəblərin siyahısında Bakı Ali Neft Məktəbi qəbulda 668.017 orta balla birinci yeri tutub. BANM-in 3 illik fəaliyyəti dövründə qazandığı uğurlar, ödənişsiz təhsil, yüksək keyfiyyətli ingilisdilli mütəxəssis hazırlığında tətbiq olunan müasir proqramlar və mütərəqqi texnologiyalar, dünyanın bir sıra nüfuzlu ali məktəbləri və transmilli şirkətləri ilə əməkdaşlıq əlaqələrinin qurulması, mühəndis kadrların hazırlanmasında nəzəri biliklərin Azərbaycanda fəaliyyət göstərən transmilli və xarici şirkətlərdə təcrübənin təşkil olunması ilə vəhdətinin təmin olunması, tədrisin ingilisdilli peşəkar müəllimlər tərəfindən aparılması, tələbələrin təhsil həyatının, həmçinin ictimai həyatlarının səmərəli təşkil olunması üçün yaradılan şərait və imkanlar, müasir laboratoriyalar və bu kimi digər nailiyyətləri intellektli gəncləri burada təhsil almağa cəlb edir”.
87 faiz işlə təminat?
1993-cü ildən fəaliyyətə başlayan Qafqaz Universitetinin mətbuat xidmətindən bildirildi ki, yüksək səviyyəli təhsil verən, müasir maddi texniki bazaya malik, müasir elmi biliyə yiyələnmiş, gənc akademik heyətə sahib olan universitetin dünyanın 72 ölkəsində 4500-ə yaxın məzunu var.
Məzunlarının 87 faizinin işlə təmin olunması və bu kimi səbəblər Qafqaz Universitetində təhsil almağı hər bir abituriyentin arzusuna çevirir: “Universitet əsəsən Avropa ölkələri olmaqla, tələbələrə xarici ölkələrdə təcrübə və yay məktəbləri təşkil edir, universitet nəzdində fəaliyyət göstərən texnoparkda tələbələrin fəallığı təmin olunur, 20 hektar ərazidə yerləşən kampus tipli universitetin həm oğlan, həm də qızlar üçün bütün şəraiti ilə müasir yataqxanaları var.
İngilis dilində təhsil, ən son texnologiyalarla təchiz olunmuş laboratoriyalar, müəllimlərinin əksəriyyətinin Amerika və Avropa ölkələri başda olmaqla xaricdə təhsil alması, təkmilləşmək istəyən, əlavə kurslara və təhsilə marağı olan tələbələrə hər cür şərait yaradılması, 200-dən çox xarici universitetlə ikitərəfli əməkdaşlıq və bunun sayəsində tələbələrin əlavə təhsil haqqı ödəmədən bu universitetlərdə mübadilə proqramlarının iştirakçısına çevrilməsi, mehriban ünsiyyət, tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi üçün dərsdənkənar çoxsaylı tələbə dərnəkləri, yüksək ballı və yaxşı oxuyan tələbələr üçün xüsusi yanaşma metodları olan özünü inkişaf layihələri və bu kimi fərqli göstəricilər Qafqaz Universitetində təsili cəlbedici edir".
ADA Universitetini gənclər ona görə seçir ki...
15 dekabr 2006-cı ildən Xarici İşlər Nazirliyinin nəzdində təsis edilmiş Azərbaycan Diplomatik Akademiyası (ADA) 13 yanvar 2014-cü ildən ADA Universiteti adı ilə fəaliyyət göstərir.
Bu ali təhsil müəssisənin yaradılmasında əsas məqsəd Azərbaycan xarici işlərində diplomatik karyera üçün mütəxəssislər hazırlamaqdır. TQDK-nın keçirdiyi qəbul imtahanında 640 və daha yuxarı bal toplayan tələbələr 1 semestr, 700 bal toplayan tələbələr isə 1 tədris ili müddətində təhsil haqqından tam azad olunur.
Tələbənin növbəti semestrdə ödəyəcəyi təhsil haqqının məbləğinə hər semestrin sonunda yenidən baxılır. ADA Universitetinin nəzdində İctimai və Beynəlxalq Münasibətlər İnstitutu, Mühəndislik və İnformasiya Texnologiyaları İnstitutu, Biznes İnstitutu, Humanitar və Dəqiq Elmlər İnstitutu fəaliyyət göstərir.
Universitet I, II, III ixtisas qrupu üzrə kadrlar hazırlayır: “Gənclər ona görə ADA Universitetini seçir ki, xarici və azərbaycanlı professorlardan ibarət pedaqoji heyəti, xarici universitetlərdə tələbə mübadilə proqramları, ölkədə ən zəngin xarici dilli kitabxana və elektron məlumat bazası, müasir standartlara cavab verən tələbə şəhərciyi, tələbənin karyerasına və peşəkar inkişafına fərdi yanaşma, təhsil müddətində universitet şöbələri nəzdində işləmək imkanı, aktiv sosial fəaliyyət və tələbə təşkilatlarında layihələr və müxtəlif ölkələri təmsil edən tələbələrdən ibarət təhsil mühiti var”.
İdarəçilik Akademiyası idarəetmə üzrə kadr hazırlayır
Prezident yanında İdarəçilik Akademiyasının mətbuat xidmətinin rəhbəri Yusif Ağayev isə hesab edir ki, təhsilin yüksək keyfiyyətdə olması və tələbələrin təhsil alması üçün uyğun şəraitin yaradılması bu ali təhsil müəssisəsini fərqləndirir.
Mətbuat katibinin sözlərinə görə, 1999-cu ildən fəaliyyətə başlayan bu təhsil müəssisəsi dövlət idarəçilik sahəsi üçün mütəxəssislər hazırlanması işinin müasir tələblərə uyğun qurulması, onların peşəkarlıq səviyyələrinin artırılması, dövlət idarəçilik sahəsində elmi-tədqiqatların aparılmasının təşkili və həmin sahənin analitik-informasiya təminatının möhkəmləndirilməsi məqsədilə yaradılıb: “Seçim etməyə gəlincə, yüksək bal toplayan tələbələrin İdarəçilik Akademiyasının seçmələrinin əsas səbəblərindən biri bakalavr pilləsini bitirən gənclərin böyük əksəriyyətinin faiz nisbəti ilə götürsək magistratura pilləsinə qəbul olaraq yüksək göstəricilərlə dövlət qulluğuna qəbul edilmələridir. Maksimum yüksək nəticə göstərib 700 bal toplayan və İdarəçilik Akademiyasını seçən tələbələr isə burada ödənişsiz təhsil alırlar”.
Sevil Hilalqızı