Qəbələdə “İqlim dəyişmələrinə uyğunlaşdırılmanın aləti kimi suların inteqrasiyalı idarəetməsi” mövzusunda təlim keçirilib.
Teleqraf.com-un məlumatına görə, tədbir BMT-nin İnkişaf Proqramı (BMTİP) və Fövqəladə Hallar Nazirliyinin “Böyük Qafqaz Regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” adlı birgə layihəsi çərçivəsində təşkil olunub.
Tədbirdə çıxış edən BMTİP-in Strateji Əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev su və sel inteqrasiyalı idarəetmənin dövrün iqlim dəyişmələrinə müvafiq qurulmasını bu sahədə müsbət nəticələr əldə etməkdə vacib olduğunu bildirib və keçirilən təlimin ölkə səviyyəsində böyük töfhələr verəcəyini xüsusi qeyd edib.
Fövqəladə Hallar Nazirliyi Su Ehtiyatları Dövlət Agentliyinin rəisi Baba Azkov tədbirin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, hal-hazırda iqlim dəyişikliyi və onun törətdiyi fəsadlar Azərbaycan üçün çox mühüm məsələlərdəndir. Belə tədbirlərin regionlarda tez-tez və davamlı olaraq keçirilməsi əhalinin bu istiqamətdə maarifləndirilməsinə kömək edəcək.
Təlim zamanı iştirakçılar iqlim dəyişikliyi haqqında məlumatlandırılıb və bunun təsirinin azalması istiqamətində ətraflı müzakirələr aparıblar. İştirakçılar həmçinin Su Ehtiyatlarının İnteqrasiyalı İdarəetməsi modelini və ondan istifadə vasitələri haqqında ətraflı məlumatlandırılıblar. Bu imkanların yerli səviyyədə tətbiqinin müzakirəsi və müəyyənləşdirilməsi üçün dəyirmi masaların təşkili vacib sayılıb. Müzakirələr nəticəsində əldə ediləcək nəticələr layihə çərçivəsində müvafiq layihə komponentlərinin hazırlanmasında yardımçı olub.
Təlimdə Fövqəladə Hallar Nazirliyi, Dövlət Su Ehtiyatları Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı Agencliyi, Kənd Təsərrüfatı Nazirliyi, AzərSu ASC, BMTİP, İcra Hakimiyyəti və yerli icmaların nümayəndləri, layihənin beynəlxalq və yerli ekspertləri iştirak ediblər.
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyi və BMTİP ilə birgə həyata keçirilən adı çəkilən layihənin əsas məqsədi Azərbaycanda xüsusən də Böyük Qafqazın dağlıq icmalarında su və daşqın idarə sistemlərini təkmilləşdirmək və iqlimlə bağlı daşqın və su basmalarının təsirlərini azaltmaqdır. Layihə adaptasiya ehtiyaclarına cavab verən su və daşqın idarəsi sistemlərini dəyişməkdə köməklik göstərəcək və iqlim riskləri idarəetməsini təkmilləşdirəcək, lazimi qurumların, su və daşqının risklərinin azaldılması üçün idarəetmədə qabaqcıl təcrübə tətbiq etmək bacarıqlarını formalaşdıracaq və yerli iqlim riskləri idarəçilik təcrübələrini təqdim etməklə ictimaiyyətin daşqın və su risklərinə qarşı dözümlülüyünü artıracaq.
Naibə QURBANOVA