Mətləb Mahmudov: "Əmək bazarını nəzərə almaq lazımdır"
Ötən yazılarımızdan birində yüksək nəticə göstərən abituriyentlərin Azərbaycan ali məktəbləri arasında daha çox Bakı Ali Neft Məktəbi, ADA Universiteti, Prezident yanında İdarəçilik Akademiyası və Qafqaz Universitetində ixtisas seçimi etdikləri barədə yazmışdıq. Həmin ali məktəblərin tələbələri olmaq istəyənlər bunu həmin təhsil müəssisələrinin nüfuzu ilə izah etmişdilər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) artıq ali məktəblərə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün iyulun 30-dan avqustun 11-dək ixtisas seçiminə start verib.
Cəmiyyətin tələbləri əmək bazarının tələblərinə uyğun olmalıdır
Dövlət Məşğulluq Xidməti Elmi Tədqiqat Mərkəzinin şöbə müdiri Mətləb Mahmudov hesab edir ki, cəmiyyətin tələbləri ilə əmək bazarının tələbləri uyğun gəlməlidir. Bu uyğunluq olmadıqda ən yüksək səviyyəli ali təhsil görmüş ixtisaslı kadr da öz sahəsi üzrə iş tapmaya bilər: "Əlbəttə, 700 bal toplayan gəncin iddiası da böyük olacaq. Əldə etdiyi uğurunun ardınca getmək onun haqqıdır. Bu gün əmək bazarında yaxşı ixtisaslı mütəxəssislərə ehtiyac var".
Mətləb Mahmudovun bildirdiyinə görə, həyatımıza yeni texnologiyalar daxil olduqca, uyğun mütəxəssislərə də tələbat yaranır: "İnformasiya texnologiyalarında, tibb avadanlıqlarında intensiv yeniliklər olur. Bu sahələr üzrə texnologiyalar ölkəmizə gətirilir və bu texnologiyalardan istifadə qaydalarını bilən mütəxəssislərə ehtiyac əmələ gəlir.
Bu gün hüquqşünas ixtisasına axın yenə güclənib. Əlbəttə, yaxşı hüquqşünasa həmişə ehtiyac olur... Hər il ali məktəblərimiz 500-dən çox hüquq üzrə məzun hazırlayır, amma onların içərisində yüksək hazırlıqlı kadrlar azdır. Tibb Universitetinin buraxdığı məzunlar da qənaətbəxş deyil. Əmək bazarında hüquqşünas və həkimlərə ehtiyac var".
Qeyd edək ki, yüksək nəticə göstərən və həkimlik ixtisasını seçmək istəyən abituriyentlər sorğumuza cavab olaraq xaricdə təhsilə üstünlük verəcəklərini bildiriblər.
Mətləb Mahmudov da hesab edir ki, həkimlik ixtisasına mükəmməl yiyələnmək üçün xaricdəki ixtisaslaşmış universitetlərdə təhsil almaq daha məqsədəuyğundur: "Təhsil Nazirliyinin xaricdə təhsil proqramı üzrə onların xaricdə yetişməsi daha faydalı olar . Doğrudur, belə tendensiya var ki, xaricdə təhsil almağa gedənlər, adətən, Azərbaycana dönmək istəmirlər. Amma sonucda yenə onların nə nailiyyəti varsa, ölkəmizin adına bağlı olur".
Xidmət sahələri üzrə kadrlara tələbat artıb
Nazirlik rəsmisi dedi ki, bu gün Azərbaycanda ən çox xidmət sahələri üzrə mütəxəssislərə ehtiyac var: "Eləcə də, avadanlıqlar üzrə ekspertlərə tələbat yaranıb. Məsələn, müxtəlif avadanlıqlar üzrə, tikinti materialları üzrə... Ölkədə xidmət sahələrindən turizm sektoru üzrə də revanş götürülüb.
Amma bu sahədə xidmət çox aşağı səviyyədədir. Ola bilər, bu sahəyə yaxşı mütəxəssis gəlir, amma mühit onu bir növ korlayır. Ona görə bu sahədə xarici təcrübənin öyrənilib, yerli şəraitə uyğunlaşdırılaraq tətbiq edilməsi mümkündür. Onu da deyim ki, bu sahədə daha çox orta ixtisas və peşə məktəblərinin kadrlarına tələbat var".
Buna baxmayaraq, Mətləb Mahmudov bildirdi ki, əmək bazarında ali təhsilə böyük önəm verilir: "Ali təhsil dünyagörüşdür. Nə qədər ali təhsilli gənclərimiz olsa, bu bir o qədər cəmiyyətin xeyrinədir.
Məsələn, bank sahəsi üzrə kuryer belə axtarılanda ali təhsilli "SV"sinə üstünlük verilir. Çünki məntiqlə yanaşanda 4 il bakalavr təhsili alanın daha çox məsuliyyəti olar.
Hamıya məlumdur ki, orta ixtisas təhsili və peşə təhsili bizdə aşağı səviyyədədir. Bu sahələrdə təhsili yüksəlməyincə, peşəkar kadr üzü görməyəcəyik. Doğrudur, müasir tələblərə cavab verən özəl, ödənişli peşə məktəbləri fəaliyyətə başlayıb. Ümid edirəm ki, onların hazırladığı kadrlar iş baxımdan çətinlik yaşamayacaq. Çünki peşəkar kadr işsiz qalmır".
Regionlarda yenə də müəllim çatmır
Regionlarda yenə də ali təhsilli müəllim çatışmazlığının olduğunu deyən ekspert bildirdi ki, gənclər diplomun toz basmaması üçün bölgələrdə təklif olunan işi qiymətləndirməlidirlər: "Bu gün çobanın da bir məqsədi var: çoxlu qoyun-quzusu olsun, satıb övladına ali təhsil versin, təki uşağı rayondan aralansın, gedib şəhərdə işləsin.
Regionlarda bu tendensiya hələ də var, bu da regionların sosial inkişaf prosesinin ləng getməsindən irəli gəlir. Bu istiqamətdə biz təkliflər veririk, Gənclər və İdman Nazirliyi müəyyən layihələr həyata keçirir və bu da müvəqqəti xarakterli olur".
İxtisas seçəndə prestij ardınca getməyin
Ekspert ali məktəblərə ixtisas seçimi edənlərin cəmiyyətdə prestij qazanan ali məktəblərə üstünlük verməsini də düzgün hesab etmir: "Məsələn, Qafqaz Universitetini bitirib gələn aspirantlarım, dissertantlarım var, bilik səviyyələri qaneedici deyil. Bu universitetin tərcüməçilik ixtisasını bitirir, amma öyrəndiyi xarici dil elə səviyyədədir ki, əlavə müəllim yanına, kurslara gedib dil öyrənməyə məcburdur.
Apardığımız araşdırmaların nəticəsindən danışa bilərəm ki, Xəzər Universiteti digər ali məktəblərimizlə müqayisədə yaxşı kadr hazırlayır. Qərb Universitetinin də adını yaxşılar siyahısına qeyd eləmək olar.
Ona görə də ixtisas seçimində abituriyentlər reklam olunan ali məktəblərin ardınca getsələr, işsiz qala bilərlər. Yaxşı olardı ki, əmək bazarındakı vəziyyətə uyğun seçim etsinlər".
Sevil Hilalqızı