Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Sumqayıt şəhərində yaşayan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün səyyar formada protez-ortopedik bərpa xidməti təşkil olunacaq.
Bu barədə Teleqraf.com-a ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Belə ki, ƏƏSMN-nin Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət tibbi-texniki briqada iki gün ərzində, yəni avqustun 11-12-də saat 9.00-dan 18.00-dək nazirliyin Sumqayıt Əlillərin Regional Bərpa Mərkəzində (Sumqayıt şəhəri, Bakı küçəsi, məhəllə 40) əlilliyi olan şəxsləri və sağlamlıq imkanları məhdud uşaqları ehtiyac duyduqları protez-ortopedik məmulatlarla, reabilitasiya vasitələri ilə təmin edəcək. Səyyar xidmət göstərilməsi nəzərdə tutulan şəxslərin əvvəlcədən qeydiyyatı aparılıb. Bununla belə, Sumqayıt şəhərində yaşayan və protez-ortopedik məmulatlara, müxtəlif reabilitasiya vasitələrinə ehtiyac duyan digər şəxslər də göstərilən vaxtda və ünvanda səyyar briqadaya müraciət edə bilərlər.
Qeyd olunan səyyar tibbi-texniki briqada 2013-cü ilin dekabr ayında ƏƏSMN-nin müvafiq Əmrinə əsasən yaradılıb və hər ay bir dəfədən az olmayaraq respublikamızın bölgələrində səyyar formada protez-ortopedik bərpa xidməti həyata keçirir.
Naibə QURBANOVA