Yelkənli idman növü bütün dünyada məşhurdur. Son illər Azərbaycanda da ona maraq yaranıb. Bakı gələn il yelkənli idman növünün olimpiya sinifləri üzrə dünya çempionatına ev sahibliyi etməyə hazırlaşır.
Paytaxtımızın bu yarışa ev sahibliyi etməsi ilə yanaşı, dünya çempionatına hazırlıq məqsədilə Xəzərin sahilində Azərbaycan Yelkənli İdman Federasiyasının təşkil etdiyi yay məktəbində yeniyetmələrə bu idman növünün sirləri də öyrədilir.
Bu yelkənli idman növünün özəllikləri ilə yaxından tanış olmaq üçün şəhərdəki çimərliklərin birində keçirilən yay məktəblərinin birinə üz tutduq.
14 yaş, Azərbaycan dilində sərbəst danışıq və...
Əraziyə daxil olanda əvvəlcə diqqətimizi uşaqların yelkənli gəmi avadanlıqlarını quraşdırması çəkdi. Bunun səbəbini soruşduqda bildirdilər ki, uşaqların bu idman növünü yaxşı öyrənməsi üçün gəmi avadanlıqlarını özlərinin quraşdırması gərəkdir.
İlk olaraq piar-menecer Nərmin Kərimli ilə söhbətləşdik. Onun sözlərinə görə, 2015-ci ildə gəmiçiliklə bağlı sərgi keçirilib, həmin sərgidə Yelkənli İdman Federasiyasının stendində bu idman növü üzrə yay məktəbinin təşkil ediləcəyi bildirilib: "Daha sonra yeniyetmə və kiçik yaşlı uşaqlar qeydiyyat üçün müraciət etdilər, onlar arasından 227 nəfər qeydiyyatdan keçdi. Seçimlər zamanı əsas üstünlüyü 8-14 yaşlı uşaqlara, onların Azərbaycan dilində sərbəst danışmaq və üzmək bacarığına verildi.
Yay məktəbi iyul ayının sonunda fəaliyyətə başladı və sentyabr ayının yarısına kimi davam edəcək. Qruplar yaradılır, bir qrup iki həftə olmaqla qayıqlarda yelkən sürməyi öyrənirlər. Artıq ikinci qrupun müddəti bitir. Qayıq növü Olimpiya Oyunlarına salınıb. Bu, yelkənli idmanın ən aşağı sinfidir. Qeyd edim ki, bu idmanın 10 sinfi var, 2016-ci ildə Azərbaycanda 9 sinif üzrə dünya çempionatı keçiriləcək".
"Mənim uşağıma daha çox fikir ver"
Piar-menecer deyir ki, Azərbaycanda digər ölkələrlə müqayisədə bu idman növünə dövlət dəstəyi böyükdür: "Hələlik yelkənli idman növü üzrə milli komanda tam formalaşmayıb. Federasiya idmançıları məşq etdirib, xarici ölkəyə yarışlara yollayacaq. Hər il 10 sinif üzrə fərqli yaş dövrü üzrə çempionatlar keçirilir. Seçimlər bitdikdən sonra uşaqlar milli yığmanın üzvləri kimi oynayacaqlar".
Nərmin Kərimli deyir ki, dərs zamanı valideynlərin burada iştirakına icazə verilmir: "Çünki uşaqlar dənizə açılan zaman narahatlıq hissi keçirər, bu isə onların məşqinə mane ola bilər. Bizim valideynlər "mənim uşağıma daha çox fikir ver" prinsipini üstün tuturlar. Ərizələr doldurulan zaman valideynlərlə şərt kəsilib ki, uşaqlar heç bir elektron vasitələrdən istifadə etməməlidirlər. Biz onların saat 9-da 16-ya kimi telefondan istifadə etmələrinə də izin vermirik".
Yay məktəbində uşaqların yeməkləri seçilir. Menyuya meyvəli salatlar daha çox salınır, qazlı içkilər qazsız su ilə əvəz olunur. Bu, onların dənizdə rahat şəkildə yelkənli gəmi ilə üzmələrinə şərait yaradır.
Dənizdə daim məşqçi və təşkilatçıların nəzarətində olan yelkənçilər sakit hava şəraitində qayıqla necə davranmağı öyrənirlər. Bu idman növündə təkcə uşaqların fiziki deyil, həm də zehni bacarıqları da inkişaf edir.
"Sıfırdan başladıq"
Biz də məşqçi Seyhun Yıldızla birlikdə dənizdə yelkənçiləri izlədik və söhbətləşdik.
Məşqçinin sözlərinə görə, yelkənli idman növünə Azərbaycanda daha əvvəllər maraq olsa da, inkişaf etmədiyi üçün yeni sayılır: "Bu idman növündə Azərbaycan yüksək nəticələr əldə etməyib. Hazırda hər şeyi sıfırdan başlamışıq, bu idman növünə ciddi diqqət və dəstək verilir. Yay məktəbi ilk gündən uşaqların da xoşuna gəlir, bu da bizim üçün sevindirici haldır. Məşqlər ətrafda üzən insanların da marağına səbəb olur. "Biz də bunu bacara bilərikmi" deyə soruşurlar.
Hazırda yalnız uşaqları öyrədirik, amma sentyabrdan yaş qrupuna məhdudiyyət qoyulmayacaq. Uşaqların dənizdə rahat üzməsi üçün ilk növbədə onlara dərs keçilir, sonra praktikaya başlayırıq. Payızdan bu idman növünə maraq göstərən hər bir insana qapılarımız açıq olacaq".
Bu idman növünün daha bir özəlliyinin hər cür vəziyyətlərdə uşaqlara sərbəst qərar verməyi öyrətməsi olduğunu bildirən Seyhun Yıldız deyir ki, yay məktəbi 4 qrup üzrə təşkil ediləcək. Artıq 2 qrupun treninqi başa çatıb: "Hər qrupda yaxşı nəticə göstərən uşaqlarla digər treninqdə davam edirik. Bu idman növündə əsas məsələ hisslərin güclü olmasıdır. Küləyin haradan əsdiyini öyrənmək üçün qayıqdakı bayrağa baxılır və qayıq idarə edilir. Külək əsən istiqamətə dolayı şəkildə gedilir. Təhlükəsi çox azdır. Güclü külək əsəndə dənizə çıxılmır. Bu oyunda təhlükəsizlik üçün ilk növbədə üzgüçülüyü bilmək lazımdır".
Yelkənli qayığı idarə etmək, düzgün düşünmək...
Uşaqlar bizimlə söhbətdə bildirdilər ki, ən böyük arzuları milli komandada təmsil olunmaqdır.
13 yaşlı yelkənçi Selcan Abbaszadə deyir ki, valideynləri ilə birlikdə sərgidə olan zaman bu idman növü üzrə yay məktəbi keçiriləcəyini öyrənib: "Burada yelkənli qayığı düzgün idarə etməklə yanaşı, dürüst düşünməyi, küləyin istiqamətlərinin ölçülməsini, daha sonra ona uyğun yelkənlər seçilməsini mənimsəyirik. Valideynlərim məndən daha çox həyəcanlanırlar. Milli komandaya üzv olmaq üçün bütün gücümü qoyuram".
Razim Qafarov deyir ki, artıq 6 ildir üzgüçülük dərslərinə gedir: "Bu idman növü üzrə yay məktəbinin təşkil olunacağını orada eşitdim, ailədən razılıq verdilər. Daha sonra ərizə anketini doldurdum və yay məktəbində iştirak edirəm. Bu idman növü çox maraqlıdır".
Qeyd edək ki, yelkənli idman növü 1976-ci ildən olimpiya oyunlarında təmsil olunur və 10 sinifdən ibarətdir.
İlhamə Əbülfət