Tarif Şurasının növbəti iclası keçirilib və daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilib. Trend bu barədə Tarif Şurasına istinadən xəbər verir.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir.
Tarif Şurasının 2015-ci il 30 iyul tarixində keçirilmiş iclasında 256 dərman vasitəsi üzrə qiymətlər təsdiq edilib.
Tarif Şurasının avqustun 25-də keçirilmiş növbəti iclasında isə daha 801 dərman vasitəsinin qiyməti müəyyənləşdirilib. Ümumilikdə, elan olunmuş 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətləri tənzimlənib ki, bunun nəticəsində hazırda satışda olan dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24% dərman vasitəsinin qiyməti 3 dəfədən çox ucuzlaşdırılıb. Bütövlükdə isə, həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94%-i üzrə qiymətlər aşağı salınıb.
Bununla da, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin təqribən 15%-nin hazırkı qiymətlərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olan satış qiymətləri təsdiqlənib. Böyük sosial əhəmiyyət kəsb edən bu proses bütün dərman vasitələrinin qiymətləri tənzimlənənədək intensiv şəkildə davam etdiriləcək və bu ilin sonunadək əksər dərman vasitələri üzrə qiymətlərin tənzimlənməsi başa çatdırılacaq.
Əvvəllər də elan edildiyi kimi, 25 təsiredici maddə (kombinə olunmuş dərman vasitələri istisna olmaqla) üzrə 1057 dərman vasitəsinin təsdiq edilmiş qiymətləri 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minəcək. Şuranın qərarına əsasən, həmin tarixdən etibarən qiymətləri təsdiq edilməyən qeyd olunan tərkibli dərman vasitələrinin satışı yalnız qiymətlər təsdiq edildikdən sonra həyata keçirilə bilər.
İclasda daha 55 yeni təsiredici maddə üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulu elan olunub və bunun üçün son müddət 2015-ci il sentyabr ayının 10-dək müəyyən edilib.
Tarif Şurasının qərarları və qiymətləri tənzimlənmiş dərman vasitələrinin siyahısı ilə Şuranın rəsmi internet səhifəsində (www.tariff.gov.az) tanış olmaq olar.