28 Avqust 2015 15:28
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi hər il olduğu kimi 30 avqust Beynəlхalq İtkinlər günü münasibəti ilə Ermənistan-Azərbaycan müharibəsi zamanı itkin düşmüş şəxslərin xatirəsini anmaq, həmçinin onların ailələrinə mənəvi dəstək olmaq məqsədi ilə tədbir keçirib.

Birliyin sədri Esmira Orucova Teleqraf.com-a bildirib ki, 30 avqust Beynəlхalq İtkinlər günü ilə bağlı dünyanın bir çoх təşkilatları hər il itkin düşmüş şəхslərlə bağlı hesabatlar hazırlayırlar: “Ən nüfuzlu təşkilat belə itkin düşən insanların sayına dair hesabatları hazırlamaqda acizdir. XX əsrin ortalarından bu günə kimi dünyanın bir çoх münaqişə bölgələrində Fələstində, Kiprdə, Yuqoslaviyada, Yaxın Şərqdə etnik zəmində baş vermiş münaqişələr zamanı taleyi bu günə kimi naməlum olaraq qalan itkin düşmüş şəхslər var”.

E.Orucova bildirib ki, qəbul olunmuş beynəlхalq humanitar hüquq normalarına görə müharibə gedən ərazilərdə həlak olanların, əsir-girov götürələnlərin qeydiyyatı aparılmalıdır: “Lakin Ermənistan-Azərbaycan mühariəbəsi zamanı dünya ictimaiyyətini gözləri qarşısında bu normalar işğalçı ermənilər tərəfindən kobudcasına pozulmuşdur. Dünyada əsir, girov, itkin problemini tənzimləyən yeganə beynəlхalq təşkilat olan Beynəlхalq Qızıl Xac Komitəsinin əməkdaşları da qızğın döyüşlər gedən ərazilərdə iştirak etmədikləri üçün dəqiq qeydiyyat aparmayıblar. Bu nüfuzlu təşkilatın fəaliyyəti və xalqımıza qarşı soyuq münasibəti bu gün də hamımıza bəllidir. Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində minlərlə vətəndaşımız itkin düşüb, onların taleyi bu günə kimi naməlum olaraq qalır. Hər bir itkin düşmüş şəxsin taleyi üçün hədsiz narahat olan, hər dəqiqə həsrətlə onlardan xəbər gözləyən 5-6 nəfər yaxınları varsa, görün, 25 ilə yaxın bir müddət ərzində nə qədər psixoloji gərginlik içində yaşayan soydaşımız var?! Ermənistan-Azərbaycan müharibə zamanı itkin düşən soydaşlarımızın sayı 4013 nəfərdir. Onlardan 3253 nəfər hərbçi, 756-si isə mülki şəхslərdir. 2 nəfərin isə hərbçi ya mülki olduğu məlum deyil. Mülki şəxslərdən 60 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (18 nəfər azyaşlı qız), 253 nəfər qadın, 353 nəfər yaşlı şəxsdir (154 nəfər qadın)”.

Birlik sədri tədbirdən sonra itkin düşmüş şəxslərin aztəminatlı ailələrinə baş çəkib, onlara sovqat aparıb.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər