Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.
Komitədən Teleqraf.com-a verilən məlumata görə, toplantıda komitə sədrinin birinci müavini Səyyad Salahlı Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq sərəncamın əhəmiyyətindən danışıb. O bildirib ki, maliyyə vəsaitinin ayrılması ilə bağlı icmalar tərəfindən təqdim edilən layihələrin məqsədi yerlərdə dini maarifləndirmə işlərinin yüksək səviyyəyə çatdırılması, dini radikalizm və ekstremizmin mahiyyətinin izah olunması, İslam dini ənənələrimizin və milli-mənəvi dəyərlərimizin daha geniş şəkildə ictimaiyyətə çatdırılmasıdır. İcma sədrlərinə həyata keçirəcəkləri layihələrin əsas hədəflərinin gənclər olmasının vacibliyi tövsiyə edilib.
Tədbirin sonunda dini icma sədrləri çıxış edərək, bu sahəyə göstərdiyi diqqət və qayğıya, həmçinin, dini icmalara ayrılan vəsaitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, DQİDK tərəfindən 67 dini icmaya maliyyə yardımı verilib ki, bunların da 19-u qeyri-islam, 48-i isə İslam dini icmalarıdır. Verilən vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində icmalar tərəfindən yerlərdə tədbirlər keçirilməkdədir.
BƏXTİYAR