7 Sentyabr 2015 11:14
1 352
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan mədəniyyətinin təbliği məqsədilə Fransada silsilə tədbirlər keçirilir. Tədbirlər çərçivəsində Azərbaycanın özünəməxsus dini tolerantlıq ənənlərinin təbliği istiqamətində Paris və Strasburq şəhərlərində konfransların və görüşlərin keçirilməsi nəzərdə tutulub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti tədbirlərdə iştirak etmək üçün Fransaya səfərə gedib.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, sentyabrın 10-a qədər davam edəcək tədbirlərdə Azərbaycan nümayəndə heyəti Avropa Yəhudi İrs gününün başlaması mərasimində və Parisdə Azərbaycanın dini dözümlülük modelinin təbliğinə həsr olunmuş “Azərbaycanda dini tolerantlıq-birgəyaşayış mədəniyyəti” konfransında iştirak edəcək, mövzuya dair məruzələrlə çıxış edəcək. Həmçinin, yerli ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirəcəkdir.

Azərbaycan nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı, Azərbaycan Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Bakı Avropa Yəhudiləri dini icmasının sədri Gennadi Zelmanoviç, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Alban-udin dini icmasının sədri Robert Mobili, Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli daxildir.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər