Fransanın Elzas regionunun Buksville şəhərində yerləşən Elzas Yəhudi Muzeyində Heydər Əliyev Fondunun və Fransanın “Valiske” Assosiasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan guşəsinin açılış mərasimi olub.
Teleqraf.com Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin saytın istinadən xəbər verir ki, Buksville şəhərinin meri Alən Jalüsün, Azərbaycan guşəsinin təşkilatçısı, “Valiske” Assosiasiyasının direktoru Andre Kosmikinin də iştirakı ilə guşəyə baxış keçirilib.
Guşədə müəllif Azərbaycana səfəri zamanı aldığı təəssüratlar əsasında hazırladığı eksponatları qonaqlara təqdim edib.
Andre Kosmik Azərbaycanın dostu olduğunu deyib: “Bu ölkəni lap kiçik yaşlarımdan özüm üçün kəşf etmişəm. O vaxtlar Azərbaycana valideynlərimlə gələndə çox kiçik idim. Sonralar da Azərbaycana səfər etdim. Bu ölkəyə, onun insanlarına, mədəniyyətinə aşiq oldum. Azərbaycan mədəniyyətini çox bəyənirəm”.
Hazırda bütün dünyada tolerant ölkə imici qazanmış və bu xüsusiyyətinə görə də hər dəfə hamıya nümunə kimi göstərilən Azərbaycanın öz təcrübəsini başqa ölkələrlə bölüşməsi beynəlxalq aləmdə yüksək qiymətləndirilir.
Azərbaycandakı dini icmaların rəhbər şəxslərinin də iştirak etdikləri tədbirdə DQİDK sədri Mübariz Qurbanlı çıxış edərək bildirib ki, tolerantlıq Azərbaycan xalqının əsrlərlə yaşatdığı dəyərlərdəndir. O, Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin ölkəmizdə mövcud olan bütün dini icmalara həssas münasibət göstərdiyini, onlara öz dəstəyini, diqqət və qayğısını əsirgəmədiyini vurğulayıb.
M.Qurbanlı Heydər Əliyev Fondunun bütün dünyada, o cümlədən Fransada ölkəmizin bu kimi dəyərlərinin təbliğindəki mühüm rolundan da danışaraq deyib: “Bu multikultural dəyərləri dövlət siyasəti səviyyəsinə qaldırmaq Prezident İlham Əliyev tərəfindən həyata keçirilən mühüm siyasətin tərkib hissəsidir. Multikultural dəyərlərimizin dünyaya çatdırılması baxımından Heydər Əliyev Fondu tərəfindən görülən işlər əvəzsizdir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu istiqamətdə gördüyü işlər bütün ölkələrdə, o cümlədən Fransada yüksək qiymətləndirilir”.
Buksville şəhərinin meri Alən Jalüs Azərbaycanın tolerantlıq sahəsində əldə etdiyi nailiyyətlərin hər kəsə nümunə olduğunu xüsusilə vurğulayıb:“Bu gün eşitdiklərimdən çox təsirləndim. Azərbaycanda bütün xalqlar bir-birinə münasibətdə qarşılıqlı hörmət prinsipləri əsasında birgə yaşayırlar. İndiyə qədər bununla bağlı heç bir insident qeydə alınmayıb. Dövlət bu prinsiplərin yaşadılması üçün əlindən gələni edir. Bu, diqqətəlayiq amildir. Mən və müavinlərim bu dəyərlərə çox bağlı olan insanlarıq. Başqalarının hüquqlarına tolerant və hörmət əsasında yanaşmağı vacib hesab edirik”.
Ölkəmizdə fəaliyyət göstərən dini icmaların rəhbər vəzifəli şəxsləri çıxış edərək Azərbaycan dövlətinin hər zaman onlara böyük diqqət və qayğı göstərdiyini vurğulayıblar. Prezident İlham Əliyevin ölkədə multikulturalizm dəyərlərinin qorunması və daha da inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atdığını xüsusilə qeyd ediblər.
BƏXTİYAR