15 Sentyabr 2015 14:57
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Rusiya Federasiyasının səhiyyə naziri xanım Veronika Skvortsovanı qəbul edib.

Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının açılışını əlamətdar hadisə kimi dəyərləndirən dövlətimizin başçısı Rusiya Federasiyasının nüfuzlu ali təhsil ocaqlarından artıq ikincisinin ölkəmizdə fəaliyyətə başladığını vurğulayaraq bu universitetdə də təhsilin yüksək səviyyədə olacağına əminliyini bildirdi.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində mükəmməl səviyyədə təhsil aldığını qeyd edən Rusiya Federasiyasının səhiyyə naziri Veronika Skvortsova Mehriban Əliyevanın bu ali təhsil ocağını əla qiymətlərlə bitirdiyini və bunu təsdiq edən sənədlərin universitetin muzeyində saxlanıldığını məmnuniyyətlə dedi. Rusiyanın səhiyyə naziri Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında təhsilin nəzəri və praktiki hazırlıq baxımından ən yüksək və müasir səviyyədə olacağına əminliyini ifadə etdi.

Tələbələrdə ilk kursdan xəstələrlə işləmək bacarığı formalaşdırılmasının əhəmiyyətinə toxunan Rusiyanın səhiyyə naziri bu məqsədlə xüsusi klinikanın seçilməsi məsələsinin də müzakirə olunduğunu dedi. Professor-müəllim heyətinin peşəkarlığının ən yüksək səviyyədə olduğunu deyən nazir bu məsələnin daim nəzarətdə saxlanılacağını bildirdi.

Prezident İlham Əliyev Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması ideyasının qısa vaxt ərzində uğurla həyata keçirildiyini dedi. Azərbaycanda səhiyyə sahəsində görülən işlərə toxunan dövlətimizin başçısı paytaxtda və regionlarda ən müasir tibb ocaqlarının inşa edildiyini və yüksək tələblərə cavab verən tibbi avadanlıqla təchiz edildiyini diqqətə çatdırdı. Dünyada səhiyyənin sürətlə inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycanda da əhaliyə yüksək keyfiyyətli tibbi xidmət göstərilməsinə böyük diqqət ayrıldığını bildirdi. Hər il dövlət proqramı çərçivəsində azərbaycanlı gənclərin dünyanın müxtəlif ali məktəblərinə təhsil almaq üçün göndərildiyini deyən dövlətimizin başçısı bu cür ixtisaslaşmış universitetlərin ölkəmizdə yaradılmasının önəmini qeyd etdi. Prezident İlham Əliyev Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının uğurla fəaliyyət göstərəcəyinə ümidvar olduğunu söylədi.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində inkişaf etdiyi bildirildi və bu sahədə əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


Müəllif:

Oxşar xəbərlər