Dillər Universiteti Bilik gününü necə qeyd etdi?
Sentyabrın 15-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin rektoru, Milli Məclisin deputatı Səməd Seyidov 2015-2016-cı tədris ilində ADU-ya qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirib.
Ali təhsil ocağının yaranma tarixindən danışan rektor hazırda universitetdə 22 dilin tədris olunduğunu vurğulayıb. Səməd Seyidov qeyd etdi ki, qabaqcıl ali təhsil müəssisəsi kimi ADU Azərbaycanın siyasi rəhbərliyi tərəfindən həmişə ən yüksək səviyyədə dəstək alıb.
Ölkəmizi müdafiə etməyin gənc nəslin dil biliklərinə sahib olmaqla, Azərbaycan mədəniyyətini dərindən mənimsəməklə mümkün ola biləcəyini vurğulayan rektor Səməd Seyidov dünyanın digər ölkələrinə getmədən ADU-da bu dillərin yüksək səviyyədə tələbələrə öyrədilməsi üçün bütün lazımı şərait yaradıldığını deyib.
Universitetdə tədris olunan dillərin hərtərəfli mənimsənilməsi üçün dil və mədəniyyət mərkəzlərinin də fəaliyyət göstərdiyini diqqətə çatdıran rektor müxtəlif ölkələrin dil daşıyıcılarının universitetdə dil mütəxəssisi kimi çalışdığını dilə gətirib. İnformasiya Resurs Kompleksinin Amerika və Britaniya mərkəzinin fəaliyyətinə toxunan rektor ADU-da olan çoxsaylı dil mərkəzlərindən digər universitetlərin tələbələrinin, həmçinin maraqlanan şəxslərin də yararlana biləcəyini söyləyib.
Professor Səməd Seyidov bütün dünya dillərinin və mədəniyyətlərinin ADU-da cəmləşdiyini vurğuladı: “Fəxr edirəm ki, ADU tələbələlərinin qabiliyyətləri və bacarıqları sayəsində onların səsi dünyanın hər yerindən gəlir. Bu gün ADU-nun məzunları Azərbaycan diplomatiyasını, onun iqtisadiyyatını, mədəniyyətini, idarəetmə orqanlarını dünyanın hər yerində yüksək səviyyədə bacarıq və şərəflə təmsil edir”.
Qeyd edək ki, 2015-2016-cı tədris ilində universitetə qəbul olan tələbələrin sayı 1600 nəfərə yaxın olub. 138 nəfər tələbənin topladığı bal 600-dən yuxarıdır. ADU-da təhsil alan tələbələrin ümumi sayı isə 6500 nəfərdən artıqdır.
SEVİL