2015-ci il 19 sentyabr tarixində Kanadanın Monreal şəhərində 1919-cu ildə Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından azad etməsinin 97-ci ildönümü münasibətilə Azərbaycan icması tərəfindən təşkil edilmiş tədbir keçirilib.
Azərbaycanın Kanadadakı səfirliyindən APA-ya verilən xəbərə görə, Azərbaycan və türk diasporunun təmsilçilərinin qatıldığı tədbirdə Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli də iştirak edib.
İlk öncə Monrealdakı Azərbaycan icmasının rəhbəri və tədbirin təşkilatçısı Məsud Əliyev qısa açılış nitqi söylədikdən sonra sözü R.Hüseynliyə verib.
R.Hüseynli bildirib ki, ölkəmizin Kanadada təbliğində diaspora cəmiyyətlərimizin həlledici rol oynamalıdır və onların bu istiqamətdə həmrəylik nümayiş etdirməsi xüsusi əhəmiyyət kəsb edir.
Müvəqqəti işlər vəkili diaspora nümayəndələrini ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırmaq eləcə də milli mədəniyyətimizin Kanadada təbliği işində fəallıq və birlik nümayiş etdirməyə çağırıb, burada şəxsi maraqlar və siyasi baxışların kənara qoyulmasının mütləq olduğunu vurğulayıb.
Bundan sonra 97 il öncə Bakının azad olunmasında Osmanlı türklərindən təşkil olunmuş Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun şücaətləri barədə danışan M.Əliyev həmin günün Azərbaycan xalqının tarixində ən şərəfli səhifələrdən biri olduğunu vurğulayıb və o dövrün hadisələri barədə qısa məlumat verib.
Sonda həmyerlilərimizi maraqlandıran suallara aydınlıq gətirilib