26 Sentyabr 2015 19:57
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev beynəlxalq bayram - 27 sentyabr - Ümumdünya Turizm Günü münasibətilə ölkənin turizm sənaye təmsilçilərini təbrik edib.

Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, müraciətdə bildirilir ki, 1979-cu ildə Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının qəraqı ilə təsis edilən əlamətdar gün planetimizin 150-dən çox ölkəsində qeyd olunur. Bu günün məqsədi turizmin təbliğ olunması və dünya iqtisadiyyatında rolunun diqqətə çatdırılması, müxtəlif ölkələrin xalqları arasında əlaqələrin inkişaf etdirilməsidir.

Turizm dünya iqtisadiyyatının aparıcı sektoruna çevrilmişdir, dünya üzrə ümumdaxili məhsulun təxminən 10 faizi bu sahənin payına düşür. 2014-cü ildə Yer kürəsində 1 milyard 100 milyondan çox insan turizm səfərinə çıxmışdır. Bu il Ümumdünya Turizm Gününün “Bir milyard turist - bir milyard imkan” devizi altında qeyd olunması da turizmin qlobal miqyasının göstəricisidir.

“Bu qlobal imkanlar içində Azərbaycanın da məxsusi payı var. Azərbaycanın 2013-cü ildən Ümumdünya Turizm Təşkilatı İcraiyyə Şurasının üzvü olması, bu sahədə beynəlxalq tədbirlərə ev sahibliyi etməsi dünya turizm ictimaiyyəti tərəfindən ölkəmizə verilən dəyərin göstəricisidir”, - deyə müraciətdə vurğulanır.

Qeyd olunur ki, son illər Azərbaycanın dinamik iqtisadi inkişafı, ölkə rəhbərliyinin bu sahəyə diqqət və qayğısı turizm sənayesinin genişlənməsinə mühüm zəmin yaratmışdır. Bu gün turizm respublikamızda qeyri-neft sektorunun prioritet istiqamətlərindən biridir. Həyata keçirilən infrastruktur layihələri, hər il paytaxtımızda və regionlarda yeni turizm təsislərinin, hotellərin, istirahət mərkəzlərinin, xidmət obyektlərinin istifadəyə verilməsi həm daxili turizmin inkişafına, həm də xarici turistlərin ölkəmizə marağının artmasına səbəb olur. Məqsədyönlü dövlət siyasəti nəticəsində respublikamızda ənənəvi yay turizm növləri ilə yanaşı, qış turizmi də uğurla inkişaf etdirilir.

Müraciətdə daha sonra deyilir: “Azərbaycanın əlverişli təbii şəraiti, iqlim müxtəlifliyi, eləcə də zəngin tarixi-mədəni irsi turizm üçün böyük imkanlar deməkdir. Son bir neçə ildə ölkəmizdə Ümumdünya Turizm Günü ilə bərabər sentyabrın sonu - oktyabrın əvvəlində "İrs Günləri"nin də keçirilməsi, tarixi-mədəni məkanlara daha geniş ictimai diqqətin cəlb edilməsi mədəniyyət və turizm anlayışlarının vəhdətini bir daha sübut edir. Turizm məkanı dünyəvi məkandır. Turizm sayəsində mədəniyyətlərarası dialoq, insanlar arasında mübadilə, dostluq münasibətləri yaranır”.

Nazir müraciətin sonunda respublikamızın turizm sektoru təmsilçilərini, bu sahə ilə bağlı olan bütün insanları beynəlxalq bayram münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayır.


Müəllif:

Oxşar xəbərlər