5 Oktyabr 2015 20:38
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu bölgələrdə əhalini maarifləndirmək, dövlətin daxili və xarici siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi proseslərin mahiyyətini ictimaiyyətə daha yaxından çatdırmaq, yerli gənclərin peşə hazırlığını yüksəltmək, konkret maraq dairələrini genişləndirmək, məşğulluğuna dəstək vermək məqsədilə Bilik evləri yaradır.

Bilik Fondunun İnformasiya Təminatı sektorunun müdiri Xatirə Hüseynova bildirib ki, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bilik Fondunun Himayəçilər Şurasının üzvü Kamal Abdullayevin təşəbbüsü və yerli icra hakimiyyətlərinin dəstəyi ilə Qax və Oğuz rayonlarında yaradılmış Bilik evlərinin açılış mərasimi olub.

Hər iki rayonda Bilik evləri üçün ayrılmış bina təmir edilib, sinif otaqları zəruri avadanlıq, internet və dərs ləvazimatları ilə təmin olunub. 2007-ci ildən Bakı Slavyan Universitetində fəaliyyət göstərən Yaradıcılıq fakültəsinin Bilik evlərində də fəaliyyəti təmin olunub.

Qax Bilik Evinin açılışında iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev Bilik Fondunun maarifçilik istiqamətində həyata keçirdiyi layihələrin səmərəsindən danışıb, xüsusilə bölgələrdə bu istiqamətdə görülən işlərin ürəkaçan nəticələr verdiyini vurğulayıb.

Tədbirdə iştirak edən İcra başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Vəfa Heydərova, rayon Təhsil şöbəsinin müdiri Məmməd Xasıyev, Uşaq Yaradıcılıq Mərkəzinin metodisti Tünzalə Hacıyeva, Bilik Fondunun Qax üzrə nümayəndəsi Əmbərçay kənd ümumi orta məktəbinin direktoru Rövşən Hədisov bölgələrdə yaradılan Bilik evlərinin ali təhsil ala bilməyən gənclərinin inkişafında müstəsna rol oynayacağına əminliklərini bildiriblər və hər cür kömək göstərəcəklərini də diqqətə çatdırıblar.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov deyib ki, rayon sakinləri və ziyalılardan gələn sifarişlər nəzərə alınmaqla, başlanğıc mərhələdə tədrisin istiqamətləri müəyyənləşdirilib. İlkin olaraq, ədəbi yaradıcılıq, xarici maşınlara texniki xidmət ustalarının hazırlanması, ingilis və rus dili kursu, kompyuter operatoru və elektron kargüzarlıq işləri üzrə kurslar təşkil olunacaq.

Oğuz Bilik Evinin açılış mərasimində rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Yusif Naxçıvanski, rayon Təhsil Şöbəsinin müdiri Elçin Kərimov, Bilik Fondunun yerli nümayəndəsi E.Abdullayev adına 2 saylı orta məktəbin direktoru Anar Nəsibov, yerli ziyalılar və müdavimlər iştirak ediblər.

Bilik Fondunun icraçı durektoru Oktay Səmədovun dediklərinə görə, yaxın gələcəkdə Astara rayonunda da Bilik Evi açılacaq. Bərdə, Zərdab, Xaçmaz, Şamaxı, İsmayıllı və bir çox rayonlar üzrə nümayəndələrimizin məlumatına görə, yerli əhali bu bölgələrdə Bilik evlərinin fəaliyyətə başlamasında çox maraqlıdır. Sosial sifariş üzrə təlim olunacaq ixtisaslar artırıla bilər.

Gələcəkdə bütün rayonlarımızda açılması planlaşdırılan Bilik evlərində Yaradıcılıq fakültəsinin də filialları fəaliyyət göstərəcək.

Qax və Oğuz Bilik evlərinin hər birində müxtəlif istiqamətlər üzrə artıq 50-dək gənc dərslərə yazılıb. Dinləyicilərə yüksək ixtisaslı yerli və xarici mütəxəssislər dərs deyəcək. İxtisasla yanaşı, Bilik evlərinin bütün müdavimləri Azərbaycan tarixi və mədəniyyəti, ədəbiyyatı, multikulturalizm siyasəti, eləcə də dünya ədəbiyyatı və mədəniyyəti ilə bağlı mühazirələr dinləyəcək, dəyirmi masalarda və disputlarda iştirak edəcəklər. Dərslərdə fərqlənən tələbələrə təqaüd veriləcək. Bilik evlərində Təhsilini uğurla başa vuran müdavimlərə müvafiq sertifikatlar təqdim olunacaq.


Müəllif:

Oxşar xəbərlər