9 Oktyabr 2015 11:31
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paralel olaraq keçirilən Təhsil sərgisinə 130-dan çox ali məktəb qatılacaq

Dünən 9-cu Azərbaycan Beynəlxalq Təhsil və 9-cu Azərbaycan Beynəlxalq Karyera sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib.

Mətbuat konfransında Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov çıxış edərək bildirib ki, oktyabrın 9-da Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi və fəal iştirakı ilə təşkil olunan 9-cu Azərbaycan Beynəlxalq Təhsil Sərgisi başlayacaq.

“SABAH” qrupları layihəsinin rəhbəri Elçin Ağakişiyev, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev də mətbuat konfransına qatılıblar.

Tədbirdə bildirilib ki, Beynəlxalq Karyera Sərgisi həm birbaşa məşğulluq baxımından, həm də “rekrutinq” (personalın seçilməsi və qiymətləndirilməsi) üzrə mütəxəssislərlə peşəkar ünsiyyətə imkan yaradan ixtisaslaşmış unikal platformadır. Karyera sərgisinin Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə keçirilməsi faktı tədbirin nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.

Ümumilikdə, tədbir çərçivəsində iş axtaranları mühasib, ofis meneceri, İT mütəxəssisi, auditor, maliyyə analitiki, kadrlar üzrə menecer, çağırış mərkəzinin əməkdaşı, energetika mühəndisi, elektrik, mexanik, avtomatika mütəxəssisi və bir sıra digər ixtisaslar üzrə vakansiyalar gözləyir.

Ziyarətçilər sərgidə məşğulluq üzrə konsultasiya almaq, anket doldurmaq və hətta sərgidə təmsil olunan şirkətlərin kadrlar şöbəsi əməkdaşlarının iştirakı ilə ilkin müsahibədən keçmək imkanına malik olacaqlar. Bundan başqa, “Gilan Holding” şirkəti tərcümeyi-halların düzgün doldurulması və arzu olunan vəzifəni tutmaq üçün müsahibədə lazımi qaydada iştirak etməyin yolları barədə seminar təşkil edəcək.

Təhsil sərgisində tələbələr ali təhsil müəssisələrinin nümayəndələri ilə şəxsən ünsiyyət yaradacaq və qəbul prosesində necə iştirak etmələri, sənədlərin təqdim olunma müddəti, təhsilhaqqı, habelə tələbələr üçün yaşayış yerinin necə təşkil edildiyi haqda məlumat ala biləcəklər.

Sərgi çərçivəsində ziyarətçilərə bakalavr, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil, ikinci xarici dil kursları, təcrübə treninqlər üzrə proqramlar təqdim olunacaq.

Təhsil və Karyera sərgilərinin meneceri Aliyə Nəcəfli bildirib ki, sərgilər həm miqyasına, həm də tərkibinə görə Azərbaycanda təhsil xidmətləri üzrə ən böyük tədbir hesab olunur. O, deyib ki, bu il Təhsil sərgisində Azərbaycan, Rusiya, Latviya, Litva, Niderland Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, ABŞ, Türkiyə, Qazaxıstan, İsveçrə, Macarıstan və digər ölkələrin 130-dan çox ali təhsil müəssisəsi, kollec və başqa təhsil təşkilatlarının nümayəndələri sərgi ziyarətçilərini təhsil proqramları ilə tanış edəcək.

O qeyd edib ki, sərgidə azərbaycanlı tələbələr üçün xaricdə təhsil imkanları barədə məlumatlar Latviya, Litva, Polşa, Türkiyə və ABŞ-ın milli stendlərində təqdim olunacaq: “Latviya və ABŞ bu sərginin debütantıdır. Sərginin daha bir debütantı isə ”Lüblində təhsil al" (“Study in Lublin”) təşkilatıdır.

Təşkilat Lüblində (Polşa) ödənişli və şəhər təqaüdü əsasında təhsil imkanlarının geniş spektrini təqdim edir.

Aliyə Nəcəflinin sözlərinə görə, sərgidə ilk dəfə iştirak edəcək xarici ali təhsil müəssisələri arasında İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti, Kazan Milli Elmi-Tədqiqat Texnologiya Universiteti, Akademik S.P.Korolyov adına Samara Dövlət Aerokosmik Universiteti, Latviya Nəqliyyat və Rabitə İnstitutu, “MİSiS” Milli Elmi-Tədqiqat Texnologiya Universiteti, N.P.Oqarev adına Mordoviya Dövlət Milli Elmi-Tədqiqat Universiteti, Polşa Avroregional İqtisadiyyat Universiteti və digər təhsil müəssisələri yer alır.

Menecer qeyd edib ki, Azərbaycanı təmsil edən təhsil müəssisələrinin də sayı artmaqdadır: “Artıq sərgi iştirakçılarının siyahısında Azərbaycan Texniki Universiteti, Azərbaycan Texnologiya Universiteti (Gəncə), Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Bakı Biznes Universiteti, Gəncə Dövlət Universiteti, ”CELT Colleges", “F-Group Academy” və ölkənin bir sıra digər təhsil müəssisələri var. Təhsil Nazirliyinin stendində isə nazirliyin yaxın illər üçün plan və proqramları barədə informasiya təqdim olunacaq".

Bu il “Akkord”, “Azercell”, “Azərsu”, Formula1 Bakı Avropa Gran Prisi, “Gilan Holding”, Bakı Metropoliteni, “Halliburton” (ABŞ), ARDNŞ və digər şirkətlərdən ibarət olan sərgi iştirakçıları neft-qaz, telekommunikasiya, nəqliyyat, maliyyə, su təchizatı, energetika, satış və marketinq sahələri üzrə vakansiyalar təklif edəcəklər. Bundan başqa, “Formula1" Bakı Avropa Gran Prisi layihəsinin Təşkilat komitəsi də sərgidə öz vakansiyalarını təqdim etməklə yanaşı, 2016-cı ildə Bakıda təşkil olunacaq ”Formula-1" (F1) üzrə Avropa Qran-pri avtomobil yarışı üçün könüllülərin cəlb olunmasını həyata keçirəcək.

Sərgilər öz işini oktyabr ayının 11-nə kimi davam etdirəcək. Karyera sərgisinə giriş iş axtaran hər bir kəs üçün açıqdır. Sərginin keçiriləcəyi günlərdə ziyarətçiləri “Koroğlu” metro stansiyasından sərgi mərkəzinə və geriyə (ödənişsiz və müntəzəm qrafik əsasında) daşıyacaq xüsusi avtobuslar təşkil olunacaq.

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər