13 Oktyabr 2015 18:43
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmədə İsmayıllıda baş verən hadisələrə görə tutulmuş Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu və REAL-ın sədri İlqar Məmmədovun kasasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, hakim İmran Hacıqayıblının sədrliyi ilə keçirələn prosesdə təqsirləndirilən şəxslərin vəkilləri Fuad Ağayev və Nemət Kərimli çıxış edərək cinayət işinə xitam verilməsini istəyib. Onlar Şəki Ağır Cinayətlər və Şəki Apelyasiyasının məhkəməsinin qərarının ləğv edilməsini istəyib.
Dövlət ittihamçısı çıxış edərək bildirib ki, cinayət işinə xitam verilməsi üçün heç bir əsas yoxdur. Müşavirə keçirən hakimlər Şəki Apelyasiya Məhkəməsinin çıxardığı qərarı ləğv edib və yenidən baxılması üçün cinayət işi Şəki Apelyasiya Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Şəki Apelyasiya Məhkəməsində İnşallah Quliyevin sədrliyi ilə keçirilən prosesdə İlqar Məmmədov və Tofiq Yaqublunun şikayəti təmin edilməyib. Məhkəmə Anar Həsənov və Qəmbər Ağamalıyevin barəsində Cinayət Məcəlləsinin 70-ci şərti məhkum etmə) maddəsini tətbiq edib və onlar məhkəmə zalından azadlığa buraxılıb. Elşən İsmayılovun cəzası 5 ildən 3 ilə endirilib.

Qeyd edək ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərdən 3 nəfəri 8 il müddətinə azadlıqdan məhrum edilib. 8 nəfər şərti olaraq azadlıqdan məhrum edilib. İlqar Məmmədov 7 il, Tofiq Yaqublu və digər təqsirləndirilən Elşən Qurbanov isə 5 il müddətinə azadlıqdan məhrum olunublar.

Xatırladaq ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İsmayıllı hadisələri ilə bağlı yaydığı birgə məlumatda bildirilib ki, ötən il yanvarın 23-də İsmayıllı şəhərində “Çıraq” otelinin inzibatçısı Emil Şəmdinovun və tanışı Elməddin Məmmədovun sərxoş vəziyyətdə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmələri və bununla əlaqədar hadisə yerinə toplaşmış bir qrup şəxs tərəfindən “Çıraq” hotelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş verib. Törətdikləri hüquqazidd əməllərə görə Emil Şəmdinov və Elməddin Məmmədov cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilib.

Fakt üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanıb, həmçinin prokurorluq və polis orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. İctimai qaydanın pozulmasına səbəb olan hərəkətlərdə, özgə əmlakının qəsdən məhv edilib zədələnməsində, hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq edilməsində, yanğın və dağıntıların törədilməsində fəallıq göstərmiş rayon sakinləri Vasif İbrahimov, Şükran Mühübəliyev, Şakir Mustafayev, Ceyhun Abbasov, Cəfər Cəfərov və əvvəllər məhkum olunmuş Elşən Qurbanov, eyni zamanda yandırılan “Çıraq” hotelindən iki televizor, bir divan və bir kreslonu soyğunçuluq yolu ilə açıq taladıqlarına görə Səxavət Səmədov və Xəyal Şaranov Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

İctimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərdə iştirak etmiş daha 52 nəfər saxlanılıb və məhkəmə tərəfindən onlardan 23-nə inzibati həbs, 15-nə inzibati cərimə növündə tənbeh tədbirləri tətbiq edilib, 14 nəfər isə xəbərdarlıq edildikdən sonra buraxılıb. Tutulmuş və həbsə alınmış şəxslərə hüquq və vəzifələri izah edilib, eləcə də hər biri saxlanıldığı andan müdafiəçi ilə təmin olunub.

Aparılmış araşdırmalarla o da müəyyən edilib ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və “REAL” Hərəkatının həmsədri İlqar Məmmədov ötən il yanvarın 24-də İsmayıllıya gedərək, rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar ediblər.

Onu da qeyd edək ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və “REAL” Hərəkatının sədri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər