13 Oktyabr 2015 18:46
2 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mütəəssir addımlarla küçə ilə yuxarı qalxır və Elmlər Akademiyasının əzəmətli binasının sadə, hündür və qədimi giriş qapısının önündə dayanıram. Yadıma “Kitabi-Dədə Qorqud” dastanından bir misra düşür: “Məkkə ilə Mədinənin qapısı ağac”. Düşünürəm ki, Məkkə qapısının düzəldiyi ağac kimi, qarşımda dayanan bir parça ağacın da bəxti gətirib: Akademiyanın qapısı olub!

Qapıdan keçən adamlara qoşulub içəri girir, pillələrlə beşinci mərtəbəyə qalxıram. Ayağım altındakı parketlərin çay kimi burula-burula “axıb getməsi” mənə deyir ki, o vaxtdan bəri burda çox sular axıb.

Öz-özümə pıçıldayıram: Vaxtilə Ağamusa Axundov kimi nəhəng bir alim, başqa görkəmli dilçilər Dilçilik İnstitutunun direktoru olub. Elə həmin il Ağamusa müəllim “Respublikada elmin inkişafında və yüksək ixtisaslı kadrların hazırlanmasında xidmətlərinə görə” Əməkdar Elm Xadimi fəxri adına layiq görülüb.

Bəs indi necə?! Nəsiminin heykəlinin sağ tərəfindəki otağa keçirəm. Budur, AMEA-nın müxbir üzvü, professor Möhsün Nağısoylu nəsə yazır. Sanki son vaxtlar Dilçilik İnstitutunda baş verənlərdən xəbərsizdir. Qədim müdrikləri xatırladan danışıq tərzi, daxili zənginliyindən xəbər verən duruşu, baxışı, hərəkətləri onun ziyalı portretini tamamlayır. Son günlər başverənlər barədə Möhsün müəllimi söhbətə tutmaq istəyirik. Biz ağzımızı açmamış o cavab verir:


– Məsələlər hələ tam həll olunmayıb, yoxlamalar gedir.
Stolunun üstündəki broşür diqqətimi çəkir: “Uluslararası böyük türk dili qurultayı” konfransı. Kitaba diqqətlə baxdığımı görən Möhsün müəllim dillənir:

– Burda mənim də məqaləm var. Bosniya-Hertsoqovinanın paytaxtı Sarayevo şəhərində türkoloqların mötəbər məclisində iştirak etmişəm. Məqalə türk dili ləhcələri, ortaq türk dili, türk dilinin başqa dillərlə əlaqələri, türk dili tarixi məsələləri haqqındadır.

Aram-aram, ehtiyatla koridorda addımlayır, otaqların qarşısında ayaq saxlayıb içəri keçirəm.

Azərbaycan dil tarixi şöbəsində professor Sevil Mehdiyeva şöbənin məhsuldar işlədiyini deyir. O, hazırda iki istiqamətdə işlərin getdiyini deyir: Azərbaycan dil tarixi və dialektologiya. Sevil xanım deyir ki, bütün Azərbaycanı əhatə edən dialektoloji atlas hazırlayırlar.

Sosio-linqvistika və dil siyasəti şöbəsində müdir Mayıl Əsgərov fərdi plana uyğun yaradıcılıqla məşğul olduqlarını deyir: “Üç istiqamətdə 10 tədqiqat işi aparırıq”.

Onun həmkarı Roza Hüseynqızı Azərbayacan və fars dilinin zənginləşməsinin sosial linqvistik aspektini izah edir.

O mənimlə söhbətini belə tamamlayır: “Əlli illik stajım var. Ağamusa müəllimdən tutmuş indiki dövrə qədər həmişə bu institutun vəziyyəti yaxşı olub”.

Ancaq mətbuat başqa şeylər yazır axı? Ona görə də Roza xanımla hörmət-izzətlə sağollaşıb, üz tuturuq başqa kabinetlərə.

Nəzəri dilçilik şöbəsinin müdiri İdris Abbasov işlərinin çox olduğunu, dilçiliyin problemlərini araşdırdıqlarını deyir. O, qarışıq məsələlərin tez həll olunmasının ümumi işə xeyri olduğunu qeyd edir.

Şöbənin digər elmi işcisi Etibar İnanc sözə qarışır: “Bilmirik, Dilçilik İnstitutunun direktoru kimdir. Psixoloji cəhətdən mənfi təsir edir. Möhür və xidməti avtomobil əvəzedici drektorda – Möhsün Nağısoyluda, kabinet Tofiq müəllimdədir”.

Gəzə-gəzə gəlib çıxıram Müasir Azərbaycan dili şöbəsinə. Müdir filologiya elmləri doktoru, professor İsmayıl Kazımov dil vahidlərinin semantikası üzərində tədqiqatlardan söhbət açır. Ləqəb, təxəllüs, imzaların toplanması və izahlı lüğət hazırladıqlarını deyir.

Yaxşı, bəs terminologiya şöbəsində nə var, nə yox? Burada elmlər doktoru, professor Sayalı Sadıqova son dövrlərdə dildə yeni yaranan terminlərin izahlı lüğətinin hazırlandığından danışır. Məlum olur ki, lüğətə 2500 yeni termin daxil edilib.

Otaqlardakı maqnitofonlar diqqətimi çəkməyə bilməzdi. Nəhayət, cəsarətə gəlib bunun səbəbini Sayalı xanımdan soruşuram.

- Sayalı xanım, maraqlıdır, burada otaqlarda maqinitofon var. Bunlar nəyə xidmət edir? Dillə nə əlaqəsi var?
- O dövrdə Fəxrəddin müəllim (İnstitutun Tofiq Hacıyevdən əvvəlki direktoru) paylamışdı. Musiqi dilində olan ədəbi dil pozuntularını müəyyənləşdirmək üçün.
Düzü, digər otaqlarda da olması bu barədə məndə tam inam yaratmadı. Təsəvvür etmək belə çətindir. Maqintofon! Qara rəngdə, böyük, xüsusi səs efti olan... Belə çox qəribədi vallah. Yəni məqsəd, amal, görülən işlər bir anlıq xəyalımda dolandı. ”İşləyirəm” sözü fəaliyyətin yalnız zahiri tərəfini əks etdirir. Fəaliyyətin mənəvi cəhəti daha güclü, daha önəmlidir. Burda yüksək savad, mənəvi təkamül, zehni inkişaf ,elmi-fəlsəfi düşüncə hakim olamlıdır. Maqintofon... tutaq ki, indi nəysə bir melodiya çalınacaq və qəlbimin sarı simini silkələyəcək. “Biz ki bir can, bir qəlbik” – misrası xəyalımda səsləndi. Nəysə...
Tofiq müəllim universitetdə mənim müəllimim olub. Məni təsirləndirən məhz Tofiq Hacıyev və onun mənə münasibəti olmuşdu. Çünki o, özü həmin vaxt xəstə ola-ola sonralar da mənim taleyim haqqında düşünmüş, mənə yaxşılıq etməyə çalışmışdı. Belə ki, 3-cü kursda oxuyanda mənim yazılarıma baxandan sonra dedi ki, bunun kimilərini universitetdə saxlamaq lazımdır.

Bu hadisədən bir neçə gün keçdi. Bir gün uşaqlar dedilər: “Tofiq müəllim səni axtarır”.

Tez onun yanına getdim. Kafedranın qarşısında görüşdük. O, dəsmalla tərini silə-silə soruşdu:

– Məqalələr nə yerdə qaldı, çap olundu?
Dedim ki, çap olunub.

Bir azdan o, mənə digər yazımı verdi və əlavə etdi:

– Al. Dediyim kimi, bunu da verərsən çap olunsun. Bilirsən, bala, bizə yaxşı kişilər dərs deyiblər, kömək ediblər, özü də təmənnasız. Biz də onların işini davam etdirməliyik... Mən həm sənin üçün, həm də Azərbaycan elminin gələcəyi üçün bu köməkliyi etməyə çalışıram.

Və əlindəki yazımda (20 səhifəlik) o qədər qeyd aparmışdı ki. Bilinirdi ki, can yandırıb. Mən minnətdarlıq edib otaqdan çıxdım. Bərk kövrəlmişdim. Məni kövrəldən nə idi? Xəstə bir müəllimin öz tələbəsinə göstərdiyi qayğı! Məni kövrəldən bir sıravi adamın timsalında öz xalqının gələcəyi üçün necə həyəcan keçirməsi, xəstəliyinin indiki vəziyyətində də Azərbaycan elminin sabahı üçün yaşamasında idi. İndi belə müəllimlər varmı, yoxmu? Çoxdurmu, azdırmı? Bilmirəm... Bildiyim odur ki, “bir qəlbin tarixi bir xalqın tarixindən zəngindir” – deyən məşhur rus şairi haqlı imiş.

Bütün bunlar neçə illər bundan əvvəl mənə dərs demiş bu elm fədailərini, əxlaq və mənəviyyat etalonlarını mənim nəzərimdə daha da şölələndirir. Onlar qədim müdriklər kimi öz ideallarına sadiqdirlər. Cavankən başladıqları müqəddəs və çətin, maraqlı və gərgin ömür yollarını eyni iman və təmkinlə davam etdirirlər. İctimai quruluş dəyişmiş, zəmanənin üzü dönmüş, onlar isə öz yollarını dəyişməmişlər.

Aydındır ki, Dilçilik İnstitutunda ikihakimiyyətlilik yaranıb ki, bu da institut əməkdaşları arasında çaşqınlıq yaradır. Təbii ki, bu monoqrafiyaların, fəlsəfə doktorluğunun və s. müzakirəsini geçikməsinə səbəb olur. Son hadisələr ümumi iş ahənginə təsir edib. Bayaq qeyd elədiyim kimi, ümumiyyətlə, belə nəticəyə gəldim ki, yazıların, sənədlərin kimə ünvanlanması yekdilliklə məlum deyil. Bir müəssisə daxilində bir nəfər aparıcı olmalıdır. Bu qeyri-müəyyənliyin qaydaya salınması qaçılmazdır.

Axı alim, professor, müəllim olmaq daha çox mənim üçün, ilk növbədə, əxlaq və ağıl müdərrisi, mədəniyyət mücahidləri, parlaq şəxsiyyətlərdir. Onların çöhrəsindəki nur mənəvi layəqət nəciblik nurudur, ilahi nurun parlaq şəfəqləridir. Bunları düşünəndə Maksim Qorkinin heyrət etdiyi Lev Tolstoyun əllərini Allahların əllərinə bənzətməsi yadıma düşür.

Az xəyal, çox xəyal düz gəlib Nəsiminin heykəli ilə üzbəüz dayanıram. Yalnız onun eşidə biləcəyi bir səslə salam verirəm. Özümü tox tutsam da, deyəsən, səsimdəki nigaranlıq onu diksindirir. Diqqətlə üzümə baxır... Halımı görüb gülümsəyir, mehriban bir hisslə, yalnız mənim eşidə biləcəyim bir səslə salamımı alır... Və yadıma Nəsiminin bir misrası düşür: “Məndə sığar iki cahan, mən bu cahana sığmazam”.

Hazırladı: Sərvər Şirin


Müəllif:

Oxşar xəbərlər