Qazaxıstanın paytaxtı Astana şəhərində Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Türk dünyası Ədəbiyyat institutları direktorlarının iclası keçirilib.
Tədbiri Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli açıb və Türk Dövlət Başçılarının Sammitinin qərarına əsasən “Ortaq türk ədəbiyyatı” dərsliyinin hazırlanmasının qarşıya qoyulduğu nəzərə çarpdırılıb. O, 2014-2015-ci illərdə “Ortaq türk tarixi” dərsliyinin hazırlanması və geniş müzakirələrdən sonra artıq çapa təqdim edildiyini bildirib. Qeyd olunub ki, Türk dünyası Ədəbiyyat institutları direktorları rəhbərlik etdikləri institutların alimləri ilə birlikdə 2015-2016-cı illərdə “Ortaq türk ədəbiyyatı”nın proqramını və dərsliyini hazırlayaraq çap üçün təqdim etməlidirlər.
Türk dünyası Ədəbiyyat institutları direktorlarının iclasında hazırlanması nəzərdə tutulan “Ortaq türk ədəbiyyatı” dərs kitabının əhatə dairəsi və strukturu ilə bağlı məsələlər müzakirə obyektinə çevrilib.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutundan Teleqraf.com-a verilən məlumata görə, akademiyanın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli iclasda “Türk xalqları ədəbiyyatının dövrləşdirilməsi konsepsiyası” mövzusunda məruzə ilə çıxış edib.
Geniş müzakirələrdən sonra “Ortaq türk ədəbiyyatı” dərsliyi üçün ilkin layihədə təqdim olunan dövrləşmələrin təxmini bögüsü əvəzinə akademik İsa Həbibbəylinin təklif etdiyi türk xalqlarının min ildən çox dövrü əhatə edən ədəbiyyat tarixinin inkişaf yolunu əks etdirən 6 mərhələ üzrə dövrləşdirilməsi haqqındakı prinsiplər məqbul hesab edilib.
Bundan başqa, Türk dünyası Ədəbiyyat institutları direktorlarının iclasında Beynəlxalq Türk Akademiyasının nəşrini nəzərdə tutduğu “Ortaq Atalar Mirası” adlı 100 cildlik nəşrin ilk 10 cildinin müzakirəsi də keçirilib.
Sonda Türkdilli respublikaların Ədəbiyyat institutları arasında qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalanması mərasimi keçirilib.
Türk dünyası Ədəbiyyat institutları direktorlarının növbəti toplantısının 2016-cı ilin yazında Kazan şəhərində keçirilməsi qərara alınıb.
SEVİL