19 Oktyabr 2015 14:47
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Əhali Fondunun (UNFPA) Türkiyədəki nümayəndəsi, Azərbaycan, Gürcüstan və Ermənistan üzrə yenu təyin olunmuş regional direktoru Karl Kulessa ilə tanışlıq görüşü olub.

Teleqraf.com-un məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov demoqrafiya və əhali sakinliyi sahəsindəki müsbət proseslərdən danışıb: “Əhalinin illik artım tempinin 1,3 faiz təşkil etdiyi və bu göstəriciyə görə Avropada ilk yeri tutan Azərbaycanda sabit demoqrafik vəziyyət hökm sürür. Ölkə əhalisinin sayı 2005-2015-ci ilə qədər olan dövrdə 1 milyon 145 min 600 nəfər artıb və təkcə bu ilin əvvəlindən daha 73 min nəfər artaraq 2015-ci il sentyabrın 1-i vəziyyətinə 9 milyon 666 min nəfər təşkil edib. Aparılan təhlillər əsasında 2025-ci ildə ölkəmizdə doğulanların sayının 205 300 nəfərə, əhalinin sayının 10 milyon 970 min nəfərə çatacağı proqnozlaşdırılır”.

Ölkədə müsbət demoqrafik proseslərin daha bir təzahürü kimi körpə və uşaq ölümü hallarının kəskin şəkildə azalmaqda, doğulanda gözlənilən ömür uzunluğunun, yeni qurulan ailələrin artmaqda olduğunu nəzərə çatdıran Səlim Müslümov nazirlik tərəfindən 2014-2025-ci illəri əhatə edən növbəti “Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”nın layihəsinin hazırlandığını bildirib: “Respublikada demoqrafiya və əhali sakinliyinin inkişafını yaxın on il ərzində stimullaşdıracaq tədbirləri əhatə edən bu layihə elə ilk vaxtlardan ictimai müzakirəyə təqdim olunub. Ayrı-ayrı hökumət və qeyri-hökumət qurumları ilə birgə layihənin geniş müzakirələri aparılıb. İrəli sürülən çoxsaylı rəy və təkliflər dəyərləndirilməklə layihə xeyli təkmilləşdirilərək hökumətə təqdim olunub”. Yeni Dövlət Proqramı layihəsinin qiymətləndirilməsi işlərində BMT-nin Əhali Fondu tərəfindən göstərilmiş ekspert dəstəyinin əhəmiyyətinə toxunan nazir ümumən birgə icra olunan layihələrin önəmindən bəhs edib. Səlim Müslümov ölkədə müvafiq sahədə siyasətin hazırlanması və icrasında BMT-nin “Əhali və İnkişaf” üzrə Fəaliyyət Proqramının prinsiplərinə xüsusi önəm verildiyini bildirib.

Karl Kulessa Azərbaycanda bütün sahələrdə dinamik inkişafın demoqrafiya və əhali sakinliyi sahəsində də müşahidə olunmasından, ölkədə dövlətin bu sahəyə xüsusi diqqət ayırmasından, respublikanın müsbət demoqrafik göstəricilərindən məmnunluğunu ifadə edib. O, UNFPA ilə Azərbaycan arasında əməkdaşlığın yaxşı səviyyədə olduğunu və qarşıdakı dövrdə bu əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Görüşdə demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində ölkəmizdə görülən işlər, habelə yeni Dövlət Proqramı layihəsi, qarşıdakı dövrdə əməkdaşlıq istiqamətləri və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər