Azərbaycan Konqreslər Bürosunun icraçı direktoru: "Ölkə 1,5 milyon manat qazanacaq"
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkədə turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə Azərbaycan Konqreslər Bürosu yaradılıb. Büronun fəaliyyəti ilə bağlı icraçı direktor Florian Sengstchmid ilə söhbətləşdik.
Daha çox gəlirin əldə edilməsi
Florian Sengstchmid deyir ki, Mədəniyyət və Turizm Nazirliyinin tərkibində yaradılan Konqreslər Bürosu dövlət və özəl sektorun birgə layihəsidir: “2013-cü ildə Azərbaycanda beynəlxalq otel şəbəkələrinin yerli üzvləri, eləcə də özəl sektor təkliflə çıxış etdilər ki, Azərbaycanda belə bir büro yaradılsın. Təklifi Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev müsbət qarşıladı və qurum təsis olundu.
Büronun fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, ölkənin beynəlxalq tədbirlər keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim olunması, eləcə də digər biznes əhəmiyyətli işlər daxildir. Qeyd edim ki, biznes turizmi ölkələrə səyahət turizmindən daha yüksək gəlir gətirir. Bu konfranslarda iştirak edən şəxslər səyahət turizmindən fərqli olaraq həmin məkana ən azı 5 dəfə artıq xərc çəkir ki, bu da daha çox gəlirin əldə edilməsi deməkdir. Ölkəyə gələn turistlər xidmət və keyfiyyətdən razı qaldığı zaman artıq həmin biznes iştirakçılar səyahət turizminə qapı açmış olurlar".
Azərbaycanın konfranslar keçirmək sahəsində kifayət qədər təcrübəsi olduğunu deyən icraçı direktor əlavə etdi ki, büronun yaradılması bu istiqamətdə növbəti addımdır: “Hazırda iki istiqamətdə fəaliyyət göstəririk. İlk istiqamətimiz tərəfdaşlar şəbəkəsi çərçivəsində fəaliyyətdir. Bu şəbəkəni dəstəkləmək üçün mütəmadi treninqlər keçirik. Ötən həftə bir çox turizm qurumlarının idarə heyətlərini bir araya yığdıq, onlara konfrans və görüşlər sənayesinin əhəmiyyətini, bundan faydalanma yollarını izah etdik.
Treninqlərin mövzuları praktik olur. Əsas məqsəd turizmlə məşğul olan şirkətlər üçün uğurlu təkliflərin hazırlanmasıdır. Digər istiqamət isə bizim satış və marketinq işlərinə aiddir".
“Azərbaycana gətirilən tədbirlərdən mənfəət götürmürük”
Qeyd edək ki, Azərbaycan Konqreslər Bürosunun 27 üzvü var.
Müsahibim deyir ki, görüşlər sənayesi kiçik sahə olsa da, özünəməxsus sferadır: “Azərbaycan Konqreslər Bürosu öz üzvləri ilə müxtəlif turizm sahəsini müzakirə edir. Məqsədimiz korporativ görüşləri Azərbaycana cəlb etməkdir. Azərbaycanda 2014-cü il ərzində 10 assosiasiya tədbiri keçirilib. Büromuz akademik və elmi ictimaiyyətlə birgə işləyir, bu reytinqdə daha önə keçməyi planlaşdırır. Beynəlxalq görüşləri Azərbaycana cəlb etməkdə xüsusi fəallıq nümayiş etdiririk.
Məsələn, Beynəlxalq Coğrafıyaçılar Birliyinin dünya üzrə 15 mindən çox üzvü var. Bu birlik il ərzində öz üzvləri üçün müxtəlif görüşlər təşkil edir. Birliyin Azərbaycanda da üzvləri var. Biz həmin üzvlərin Azərbaycandakı təmsilçiləri ilə əlaqə qurur və beynəlxalq tədbirləri Azərbaycanda keçirməyi təklif edirik. Fəaliyyət göstərdiyimiz zaman çərçivəsində artıq 7 belə Assosiasiya görüşünü Azərbaycana gətirməyə nail olmuşuq.
2016-2019-cu illərdə Bakıda müxtəlif tədbirlər keçiriləcək. Bu tədbirlərdən biri Elektrik və Elektronika Mühəndisləri İnstitutunun “İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi” üzrə 10-cu beynəlxalq konfransı olacaq. Ən böyük texniki peşə cəmiyyəti olaraq bu qurumun dünyanın 170 ölkəsində 450 mindən çox üzvü var və hər il bu sahədə 1000-dən artıq tədbirin keçirilməsini təmin edir.
Bakıdakı tədbir 12-14 oktyabr 2016-cı ildə nəzərdə tutulur və bu zaman 250-dən artıq qonağın ölkəmizə gəlməsi gözlənilir. Digər mühüm tədbir Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın 2016-cı ildə keçiriləcək 1-ci Avrasiya konfransıdır. Onu deyə bilərəm ki, bu 7 görüşün iqtisadi faydası Azərbaycana təxminən 1,5 milyon manat qazandıracaq. Belə tədbirlərin təşkili adətən 2-3 il öncədən planlaşdırılır. Bu cür konfransların Azərbaycana gətirilməsi yönündə böyük fəaliyyət qurulub. Biz Azərbaycana gətirilən tədbirlərdən heç bir mənfəət qazanmırıq".
“Turist kimi mənfi və müsbət cəhətləri görmək imkanım var”
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Konqreslər Bürosunun büdcəsinə müəyyən kömək edir.
Həmsöhbətimiz deyir ki, nazirliyin belə bir büro yaratması və onu direktor təyin eləməsi sevindiricidir: “İlk dəfə Azərbaycana 2000-ci ildə gəlmişəm. Bu müddət ərzində böyük inkişaf görmüşəm. Hazırda həm ölkədə işləmək, həm də turist kimi mənfi və müsbət cəhətləri müşahidə etmək imkanım var. Ölkənin qonaqpərvərliyi məndə xoş təəssürat yaradır. Əsas o deyil ki, kimsə peşəkarcasına xidmət göstərsin, əsas odur ki, ürəkdən gələn qonaqpərvərlik olsun. Bu sahənin inkişaf etdirilməsində Azərbaycan daha çox işlər görür. Qeyd edim ki, Azərbaycanda turizm sahəsində qiymətlər digər ölkələrlə təxmini eynidir. Yalnız uçuşlar bahadır”.
Məlumat üçün bildirək ki, Azərbaycan Konqreslər Bürosu Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının turizm sahəsi üzrə tərtib olunan reytinqinə daxil olub. Region ölkələri arasında lider olan Azərbaycan sözügedən reytinqdə Gürcüstan, Qazaxıstan, Ukrayna və Ermənistan kimi ölkələri geridə qoyub. Azərbaycan Konqreslər Bürosu İCCA-nın üzvləri sırasına 2014-cü ildə qoşulub. Reytinqə ABŞ, Almaniya və İspaniya başçılıq edir.
Florian Sengstchmid Büronun gələcək planlarından da danışdı: “Əsas istəyimiz Azərbaycanda böyük turizm Assosiasiyası yaratmaqdır. Çünki Azərbaycan Konqreslər Bürosu Beynəlxalq Assosiasiyanın üzvüdür. Azərbaycana iri miqyaslı tədbirlərin keçirilməsi üçün şərait var. Ümumilikdə Büronun üzvləri sırasında ölkənin biznes turizmində aparıcı mövqe tutan 25 şirkət mövcuddur. Çalışırıq ki, Azərbaycanda biznes turizm bazarının inkişafına dəstək olaq”.
İlhamə Əbülfət