Bu günlərdə “Ekoleks” Ekoloji Hüquq Mərkəzi İctimai Birliyinin aidiyyəti dövlət qurumları ilə birgə Xəzərsahili çimərliklərdə apardığı ekoloji monitorinqin nəticələrini açıqladı. Hesabatda bildirildi ki, Bakı çimərlikləri beynəlxalq standartlara cavab vermir, dəniz suyunun keyfiyyəti aşağıdır, əksər yerlərdə antisanitariya müalicəvi dəniz qumunu yararsız hala salıb.
Maraqlıdır, vaxtilə Xəzər dənizinin müalicəvi suyu, havası və sahilindəki qumu ilə məşhurlaşmış sanatoriyalarında vəziyyət nə yerdədir?
İnternet üzərindən apardığımız araşdırmadan məlum oldu ki, vaxtilə məşhur olan “Günəşli”, “Abşeron”, “Bilgəh” kimi kurort-sanatoriyaları yenə də fəaliyyətdədir. Ancaq bu fəaliyyət nəzərə çarpmır.
“Həmkarlar”ın sanatoriyaları
Azərbaycanın sanator-kurort mütəxəssislərinin böyük əksəriyyəti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına tabe olan “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin tərkibindədir. QSC-yə 6 sanatoriya daxildir ki, onlardan yalnız biri -"Naftalan" Xəzərin sahilində yerləşmir.
Sanatorium.az saytında həmin 6 sanatoriyanın fəaliyyət profili qeyd edilib. Vaxtilə olduğu kimi yenə də “Bilgəh” sanatoriyası kardioloji, “Abşeron” mədə-bağırsaq, “Günəşli” nevroloji, “Qaranquş” uroloji, “Şıxov” isə əsasən hərəkət və periferik-sinir sistemi xəstəliklərinin müalicəsi istiqamətində fəaliyyət göstərir.
Qiymətlər isə heç də ucuz deyil: 18 günlük müalicə-istirahət 500, 1000, 2000 manat civarındadır.
“Günəşli” sanatoriyasının rəhbərliyi ilə telefon əlaqəsi yaratdıq. Bildirildi ki, sualları cavablandırmağa vaxt yoxdur, istənilən məlumatı sanatorium.az saytından tapa bilərik. Həmin saytda dəniz qumu və suyunun müalicəvi əhəmiyyəti haqqında heç bir məlumata rast gəlmədiyimizi dedik, ancaq telefonu qapadılar.
Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat üzrə əlaqələndiricisi Nazim Ağamirov bildirdi ki, bu müəssisələr insanlarımızın sağlamlıq və istirahəti üçün sanator-kurort mütəxəssislərinin bütün potensialından istifadə edir. Azərbaycanda ilboyu kurort dövrünün davam etdiyini bildirən Nazim Ağamirov əlavə etdi ki, bu sanatoriyalara minlərlə insan gəlir. Digər suallarımıza isə yalnız yazılı cavab verməyin mümkün olduğunu dedi.
Reablitasiya mərkəzləri
Tanınmış həkim, professor Adil Qeybulla bildirir ki, sanatoriyaların funksiyası daha çox reabilitasiya xarakterlidir. Ağır cərrahi əməliyyat keçirən, xroniki xəstəlikləri üzrə müalicə alıb reabilitasiyaya ehtiyacı olan insanların əsasən sanatoriyaya üz tuturlar.
Adil Qeybullanın sözlərinə görə, dünyanın hər yerində sanatoriyalarda insanların reabilitasiya keçməsi üçün konkret şərtləri var. Sanatoriyalar adətən, müalicəvi əhəmiyyətli su, hava, qum olan yerlərdə salınır: “Məsələn, qreyzerlər olan ərazilərdə sanatoriyalar tikilir. Azərbaycanın dünyada alternativi olmayan Naftalan neftinə görə Naftalan kurort şəhəri salınıb. Bakıda isə sanatoriyalar əsasən Xəzər sahilində yerləşdirlir”.
Özəlləşdirmədən çox özününküləşdirmə...
Xəzər sahilindəki qumun əhəmiyyətindən danışan həkim bildirdi ki, narın və istilik həcmli olduğu üçün revmatik mərəzlərdə, ostrexondroz və digər xəstəliklərdə Xəzər qumunun müalicəvi xüsusiyyətləri dada çatır: “Çox təəssüf ki, sovet sistemi dağıldıqdan sonra bu mülkiyyət özəlləşdirmədən çox özününküləşdirməyə məruz qaldı. Bu proseslərdən sonra hələ də ümumi strategiya yoxdur. Görünür, bu səbəbdən özəl yerlərdə dəniz qumu ilə bağlı tibbi-reablitasiya mərkəzlərinin yaradılmasının zamana ehtiyacı var”.
Qiymətlər sadə insanların cibinə uyğun deyil
Həkimin fikrincə, sovet dövründən fəaliyyətdə olan sanatoriyaların bugünkü fəaliyyəti daha çox biznes xarakteri daşıyır: “Əvvəllər Həmkarlar Konfederasiyasının xətti ilə xəstələrə sanatoriya şəraitində reabilitasiyaya yazırdıq və xəstələr o sanatoriyalarda müalicə keçirdi. Amma hazırda bu məsələ aktuallığını itirib. Qiymətlər isə sadə Azərbaycan vətəndaşının cibinə uyğun deyil.
Hesab edirəm ki, indiki reallıqda sanatoriyaların özəl fəaliyyəti daha məqsədəuyğun olardı. Bu şərtlə ki, hansısa bir kvota daxilində - tibbi sığorta, yaxud vətəndaşların sosial müdafiəsi çərçivəsində ehtiyacı olan insanların reabilitasiyası keçirilsin, yəni gəliri az olan vətəndaşlar da bu xidmətdən faydalana bilsinlər. Təəssüf ki, bu sektor indiki halda daha çox biznesə xidmət edir".
Pediatr Vaqif Qarayev isə bildirir ki, dənizin həm suyu, həm havası, həm də qumu xüsusən uşaqlar üçün ciddi əhəmiyyətə malikdir: “Xəzər dənizinin havası, nəmişlik fərqi, oksigenin keyfiyyəti böyüyən orqanizm üçün faydalıdır. Hazırda uşaqlar arasında göy öskürək xəstəliyi yayılıb. Belə uşaqlara səhər və axşam saatlarında dəniz havası məsləhət görürük.
Su vannalarının, xüsusən dəniz suyu vannalarının uşaqların əzələ sisteminə, sümük-hərəkət sisteminə çox faydası var. Eləcə də dəniz qumunun. Xüsusən, dəniz qumundakı kvars istiliyi özündə saxladığına görə əhəmiyyətlidir. Çünki soyuq dəniz qumu uşaq orqanizminə çox ziyandır, amma kvars bu istiliyi kompensasiya edir.
Xəstəxanalarda süni kvars vasitəsilə müxtəlif xəstəliklərin - uşaqlarda tənəffüs yollarının müalicəsində, raxitlikdə istifadə olunur. Amma Allahın bizə bəxş etdiyi təbii kvars daha faydalıdır. Hazırda dəniz kənarında villaları olan bəzi ailələr öz uşaqlarının müalicə alması üçün öz həyətlərinə kvarslı qum tökürlər. Amma bundan hamı faydalana bilmir. Xəzər dənizinin suyu və sahili kifayət qədər çirklidir. Hətta orta imkanlı ailələr uşaqlarını pulsuz çimərliklərə belə apara bilmirlər. Bu yay çox valideyn uşağını dənizə müalicə məqsədilə apardı, bəzi uşaqlar dənizdən qayıdandan sonra “xlamidoz” deyilən dəri-zöhrəvi xəstəliyə yoluxdu".
Uşaqlar üçün sanatoriya yaradılsın!
Pediatrın fikrincə, bu ölkənin təbii zənginlikləri imkan verir ki, uşaqlar üçün də sanatoriyalar yaradılsın: “Çox yaxşı olardı, Xəzər ətrafında belə reabilitasiya mərkəzi açılsın və uşaqlar üçün pulsuz xidmət göstərisin. Uşaqlarımızın sanatoriya şəraitində müalicə olunacaq problemləri saysızdır. Belə bir mərkəz yaradılsa, böyüməkdə olan nəslin xəstəliklərinin qarşısını uşaq yaşlarından almaq mümkün olar.
Bildiyimə görə, sanatoriyaların əksəriyyətində məcburi köçkünlər hələ də məskunlaşıblar. Onlar müvafiq yerlərə köçürülüb, bu sanatoriyalardan faydalı şəkildə istifadə etmək mümkündür”.
Sevil Hilalqızı