3 Noyabr 2015 22:36
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədalət Muradov rektorların qeyri-rəsmi görüşünü keçirməyi təklif edir

Noyabrın 3-də Qafqaz Universitetinin rektoru Əhməd Saniç, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı və rektoru Həsən Niknafs Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olublar.

Teleqraf.com-a ADİU-dan verilən məlumata görə, görüşdə hər iki universitetlə elmi-texniki əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənəddə Qafqaz və Xəzər Universitetləri ilə ADİU arasında elmi-pedaqoji, elmi tədqiqat işlərinin aparılması nəzərdə tutulur. Memoranduma əsasən, professor-müəllim heyəti və doktorantlar üçün hər iki ali təhsil müəssisəsində təkmilləşdirmə kursları təşkil olunacaq. Eyni zamanda, universitetlərin professor-müəllim heyəti doktorantlara elmi rəhbərlik edəcək. Bundan başqa, birgə sərgi və elmi konfransların təşkili, kadr və tələbə mübadiləsi həyata keçiriləcək.
İqtisad Universitetinin rektoru Ədalət Muradov universitetdə həyata keçirilən yeniliklərdən danışıb, hədəfləri açıqlayıb. Ali təhsil ocağının beynəlxalq əlaqələrindən söz açan rektor bildirib ki, ADİU bu günə qədər əsasən xarici universitetlərlə əməkdaşlıq edib. Azərbaycan ali təhsil müəssisələri ilə də əməkdaşlığın faydalı olduğunu vurğulayan rektor, xüsusilə Qafqaz və Xəzər universitetlərinin təcrübəsindən yararlanmağın vacibliyini diqqətə çatdırıb.
Öz təcrübələrini ADİU ilə paylaşmağa hazır olduğunu bildirən Əhməd Sanıç eyni zamanda Qafqazın ən böyük iqtisad yönümlü universiteti olan ADİU-da tətbiq olunan yeniliklərin Qafqaz Universiteti üçün yararlı olacağını qeyd edib.
Həsən Niknafs isə İqtisad Universiteti ilə tanışlıqdan məmnun olduğunu bildirib. Bu əməkdaşlığın hər iki universitet üçün faydalı olacağına əminliyini ifadə edib.
Ədalət Muradov Azərbaycandakı ali təhsil müəssisələri rektorlarının qeyri-rəsmi görüşünü təşkil etməyi təklif edib. Mütəmadi keçiriləcək görüşlərdə ali təhsildəki problemlərin müzakirə olunacağını nəzərə çatdırıb.
Sonda qonaqlar İqtisad Universitetində Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin dəstəyi ilə yaradılan Maliyyə laboratoriyası və London Universiteti/London İqtisadiyyat Məktəbinin bakalavr proqramı ilə tanış olublar. “Radio UNEC”də qonaq olaraq, tələbələrin suallarını cavablandırıblar.

SEVİL


Müəllif: