26 Noyabr 2015 17:51
1 244
12 Punto 14 Punto 16 Punto 18 Punto

Texnopark rəhbəri: “Texnoparkımız gənclərin ideyalarına və şirkətlərin fəallaşmasına dəstək verir”

Texnoparklar bir və ya bir neçə universitet, həmçinin elmi-tədqiqat mərkəzləri ilə birbaşa və ya ortaq fəaliyyətləri ilə əlaqədar olub, tərkibində elmi nəticələrə və yüksək texnologiyalara əsaslanan şirkətlərin qurulması və inkişafına təşəbbüs göstərən qurumdur.

Dünya universitetləri təcrübəsində əsas yeri tutan Texnoparkı Azərbaycana ilk dəfə Qafqaz Universiteti (QU) gətirib.

QU Texnoparkın rəhbəri İsa Qasımovun sözlərinə görə, 2013-cü ilin yanvar ayından fəaliyyət göstərən bu qurum yaradılarkən Türkiyənin Orta Doğu Texniki Universitetinin nümunəsi əsas götürülüb.

İsa Qasımovun sözlərinə görə, QU Texnoparkın əsas fəaliyyəti sahibkarlığın inkişafına dair təşəbbüskar layihələrin dəyərləndirilməsidir ki, bu da ölkə başçısının Azərbaycanda sahibkarlığın inkişafına xüsusi önəm verməsi ilə üst-üstə düşür.

Gənclərin yeni ideyalarına dəstək

Onun sözlərinə görə, QU Texnopark əsasən iki istiqamət üzrə - innovasiya sahibkarlığı və sahibkarlıqda innovasiya layihələrinin reallaşdırılmasına dəstək verir: "İnnovasiya sahibkarlığı, yəni gənclərin yeni ideya və fikirlərinin həyata keçirilməsidir. İdeyanı inkişaf etdirən komanda prototip əldə etdikdən sonra ayrılan investisiya imkanları ilə yeni sahibkarlıq subyektləri qurur. İnnovasiya sahibkarlığın inkişafı ilə bağlı biz ən böyük layihələrdən biri olan "Yeni fikir" layihəsini icra edirik. Bu vaxtadək bizə 410 layihə verilib. Bu layihələrdən 22-inə dəstək verilib. Aralarında şirkətləşən layihə də olub ki, onlardan biri də "BethClip"dir".

Texnopark rəhbərinin sözlərinə görə, "BethClip" Azərbaycan markası olaraq dünyanın 20 ən yaxşı yeni fikir layihələrindən biri kimi Azərbaycanı beynəlxalq Qlobal Sahibkarlıq Həftəsi"nin "Açıq Startap Yarışı"nda təmsil edib: "89 ölkədən 800 startap müraciət edib ki, bu müsabiqədə "BethClip" də finala vəsiqə qazanıb. Qeyd edim ki, "Bethclip" layihəsi (www.bethclip.com) Qafqaz Universiteti Texnoparkının (QU Texnopark) həyat keçirdiyi "Yeni Fikir 2014" Müsabiqəsində birinci yeri qazanaraq ilkin investisiya - 10 000 manat əldə etmişdi".

Şirkətlər Texnoparkın imkanlarından yararlanır

Sahibkarlıqda innovasiyadan danışan İsa Qasımov qeyd etdi ki, bu istiqamətdə fəaliyyət şirkətlərin inkişafı üçündür: "Hazırda Texnoparkda 10 şirkətin ofisi yerləşir. Bunlar əsasən İnformasiya Texnologiyaları (İT), İT və biznes sahəsində çalışan şirkətlərdir. Şirkətlərin bura gəlməkdə məqsədləri tələbələrlə və müəllimlərlə birlikdə çalışmaq, onların ideya və fikirlərindən istifadə etmək, kadr potensialını artırmaq, məhsul istehsalına texnoloji imkanların tətbiq etməklə maya dəyərini aşağı salmaq, yeni bazarlar qazanmaq, məhsula olan tələbata uyğun bazarın analiz etmək və sairdir. Şirkətlərdə tələbələr də çalışır ki, onların sayı icra edilən layihələrə uyğun olaraq 50-dən çox da ola bilir".

İsa Qasımov bildirdi ki, adətən kiçik şirkətlər texnoparklardakı imkanlar vasitəsilə öz imkanlarını genişləndirməkdə maraqlı olur, amma buna baxmayaraq QU Texnoparkda kifayət qədər nüfuzu olan böyük şirkətlər də əməkdaşlıq edir: "Türkiyənin tanınmış "Koç Holding"inin "Koç sistem" şirkəti Texnoparkımızda araşdırma mərkəzi yaradıb. "Koç sistem" İKT sahəsində ayrı-ayrı problemlərin həlli üçün layihələr reallaşdırır".

Hər sahə üzrə ekspert...

Texnoparkın maraqlı layihələrindən biri də E-Media şirkətinin eksperttv.az layihəsidir ki, bu sayt vasitəsilə müxtəlif sahələr üzrə mütəxəssislərin videoçəkilişləri yer alır. Texnopark rəhbəri dedi ki, layihə çərçivəsində bu günədək 1550-dən çox videoyazı çəkilib: "Vətandaşlar ailə və psixologiya, biznes və iqtisadiyyat, təhsil və karyera, avtomobil, sağlamlıq, toy və nişan, İKT və digər mövzular üzrə problemlərin həllində ekspert tövsiyələrindən yararlana bilərlər".

İsa Qasımov dedi ki, QU Texnoparkı sahibkarlığın inkişafı istiqamətində təşəbbüskarlıq seminarları da təşkil edir: "Təşəbbüskarlıq seminarları sahibkarlığın inkişafına dəstək layihəsidir. Layihənin məqsədi gənclər arasında innovasiya sahibkarlığını təşviq etməkdir. Bu da universitet-sənaye əməkdaşlığı proqramlarının inkişafı ilə yanaşı, təşəbbüskar gənclər və iş dünyasının təcrübəli şəxsləri arasında ortaq seminar və müzakirələrin aparılmasına şərait yaradır. Seminarlara tələbatın olduğunu nəzərə alınaraq ayda bir neçə dəfə keçirilir. Seminar və ya görüşlər gənclər arasında təşəbbüskarlığın inkişafına zəmin verir. Bu seminarlarda iştirak ödənişsiz olmaqla yanaşı, iştirak etmək könüllüdür. İndiyə kimi 30-a yaxın seminarlar keçirilib. Seminarlar universitet müəllimlərinin , iş dünyasında olan məzunlarımız və sahəsində tanınmış mütəxəsislər tərəfindən verilir. Seminarlarda iş adamları ilə yanaşı tələblər də iştirak edir ki, bu da onların gələcəkdə öz bizneslərini qurmağa istiqamət verir. Ən son keçirilən Goldenpay OJSC təsisçisi və icraçı direktoru Fərid İsmayılzadə tərəfindən "Texnologiya dünyanı hara aparır" adlı seminar olub. Fərid İsmayılzadə təlim boyunca son texnologiyalar, həmçinin onların təkmilləşməsinə təsir edən amillər, müasir ixtiralar, özünün xarici ölkələrdə qarşılaşdığı yeniliklər və statistikalardan bəhs edib. Auditoriyanın böyük marağına səbəb olan təlim iştirakçıların bir çox suallarına cavab tapmasına səbəb olub".

İsa Qasımov qeyd etdi ki, seminarda iştirak etmək istəyənlərin sayının çoxluğunu və iştirak edənlərin məmnunluğunu nəzərə alıb, seminar sayını və auditoriyasını genişləndirmək nəzərdə tutulub.

Sevil


Müəllif: