26 Noyabr 2015 18:14
1 320
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adışırin Ələkbərzadə: “Kəhrizlərin bərpasına başlamışıq”

Fransanın Marsel şəhərində Dünya Su Şurasının (DSŞ) 7-ci Baş Assambleyası keçirilib. Baş Assambleyada Azərbaycan üçün önəmli hadisə baş verib. İlk dəfə Azərbaycan hökuməti, o cümlədən “Azərsu” ASC DSŞ-nin İdarə Heyətinin üzvü seçilib.

DŞŞ-nin ali orqanı hər 3 ildən bir keçirilən Baş Assambleyadır. Assambleyalararası dövrdə Şuraya 35 nəfərdən ibarət İdarə Heyəti rəhbərlik edir.

Dünən bu məsələ ilə əlaqədar “Azərsu” ASC mətbuat konfransı keçirdi. Su Kanal Elmi Tədqiqat Layihə İnstitutunun direktor müavini Adışirin Ələkbərov bildirdi ki, noyabrın 12-14-də keçirilən İdarə Heyətinə seçkilərdə “Azərsu” ASC-nin namizədliyi “Hökumətlər və hökumət orqanları bölməsi” üzrə qeydə alınıb və bu barədə üzv ölkələrin nümayəndə heyətləri ətraflı məlumatlandırılıb.

Onun sözlərinə görə, bu bölmə üzrə keçirilmiş seçkilərdə ABŞ, Fransa, Braziliya, Türkiyə, Yaponiya, Koreya, Macarıstan və digər ölkələri təmsil edən dövlət və hökumət təşkilatlarının nümayəndələri də iştirak edib: “Gizli səsvermə nəticəsində “Azərsu ” ASC-nin sədri Qorxmaz Hüseynov böyük səs çoxluğu ilə DSŞ İdarə Heyətinə üzv seçilib”.

DSŞ-nin fəaliyyəti barədə məlumat verən Adışırıin Ələkbərov dedi ki, bu qurum qlobal miqyasda su problemlərinin həlli məqsədi ilə 1996-cı ildə yaradılıb. Şura su ilə əlaqəli beynəlxalq təşkilatları, dövlət qurumları, elm mərkəzlərini, qeyri-hökumət təşkilatlarını birləşdirən çoxistiqmətli beynəlxalq platformadır: “DSŞ su ehtiyatlarının mühafizəsi, ədalətli və inteqrasiyalı idarə edilməsi, əhalinin fasiləsiz, dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunması, su ilə əlaqədar ərzaq təhlükəsizliyi, hidroenerji resursların dayanıqlığının təmin edilməsi, çoxşaxəli sanitariya problemlərinin həll olunması istiqamətində fəaliyyət göstərir.

Qurumda 51 ölkədən və 24 beynəlxalq təşkilatdan 350 üzv təmsil olunur. 2013-cü ildən DSŞ-yə üzv olan “Azərsu”ASC ilə yanaşı, “Meliorasiya və Su Təsərrüfatı” ASC, su sektoru ilə əlaqədar bir sıra digər Azərbaycan təşkilatları da Şurada təmsil olunur”.

Direktor müavininin sözlərinə görə, Azərbaycanda su təhlükəsizliyi strategiyası əsas götürülərək su sektorunda həyata keçirilən layihələr, su ehtiyatlarının inteqrasiyalı idarəedilməsi proqramlarının hazırlanması, su sektoru üzrə hüquqi bazanın yaradılması, ölkəmizin ətraf mühit üzrə bir sıra beynəlxalq konvensiyalara qoşulması, transsərhəd sularla əlaqədar Helsinki Konvensiyasını ratifikasiya etməsi mühüm nailiyyətlər kimi qiymətləndirilib və bütün bu amillər İdarə Heyətinə üzvlüyün dəstəklənməsində böyük rol oynayıb.

DSŞ-na üzv olmanın əhəmiyyəti

DSŞ-na üzvlüyün əhəmiyyətindən danışan Adışırin Ələkbərovun fikrincə, şuraya üzvlük və qurumun İdarə Heyətində təmsilçilik qlobal su problemlərinin, strateji hədəflərin müəyyən edilməsi, qərarların qəbul olunmasında iştirak baxımından əlverişlidir: “Bu status dünyanın inkişaf etmiş ölkələrinin və qabaqcıl şirkətlərinin təcrübəsindən yararlanmağa, yeni texnologiyalara daha asan çıxış əldə etməyə imkan verir. Bundan başqa, “Azərsu” ASC İdarə Heyətinə üzv olmaqla bir sıra problemlərin həllinin təmin edilməsinə səy göstərəcək.

Sudan istifadənin su ehtiyatlarını üstələməsinə yol verilməməsi, istifadə edilmiş suyun dərin təmizləmə texnologiyaları ilə yararlı vəziyyətə gətirilməsi və təkrar istifadəsi, su ehtiyatlarının formalaşdığı çay hövzələrinin deqradasiyasının qarşısının alınması, su ehtiyatlarının daha dəqiq qiymətləndirilməsi, atmosfer yağıntılarının toplanaraq daha səmərəli istifadəsinin təmin edilməsi texnologiyalarının işlənməsi, daha mükəmməl sugötürücü qurğuların tətbiqi, suyun keyfiyyət standart və normalarının təkmilləşdirilməsi, “yuxarı axın” ölkələri və “aşağı axın” ölkələrinin qarşılıqlı maraqlarının təmin edilməsi qlobal miqyasda aktual problemlər hesab edilir”.

Azərbaycanda kəhrizlər bərpa olunacaq

Tədbirdə Adışırin Ələkbərzadə və mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı jurnalistlərin suallarını cavablandırdı.

Adışırin Ələkbərzadə bildirdi ki, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev “Azərsu” ASC-yə müraciət edib və içməli su sahəsində unikal sistem olan kəhrizlərin bərpasına başlanıb: “Ölkəmizdə yaşı 100 illərlə ölçülən kəhrizlər bərpa olunur. Heç bir enerji, mexaniki qüvvə sərf etmədən suyu öz axını ilə yer səthinə çıxaran kəhrizlərin sayı isə Azərbaycanda kifayət qədər çoxdur. Qarşılıqlı proqram əsasında həm mövcud kəhrizlərin istifadəsinin daha da genişləndirilməsini, eləcə də sıradan çıxmış kəhrizlərin bərpa edilməsi və onların istifadəsi istiqamətində iş birliyinə başlanıb”.

Bölgələrdə içməli suyun keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı görülən tədbirlərdən danışan Anar Cəbrayıllı dedi ki, Saatlı, Sabirabad, Biləsuvar, Şirvan, Hacıqabul sakinlərinin içməli su təminatı Bakı sakinlərinə verilən içməli suyun keyfiyyətindən geri qalmır: “Lənkəranda su təmizləyici qurğular sayəsində suyun keyfiyyətində problem yoxdur. Eləcə də Quba, Zərdab, Mingəçevirdə içməli su təminatı normaya uyğundur. Növbəti mərhələdə Yevlax, Astara, Gəncə, Şəmkir, Samuxda bu məsələyə baxılır”.

Transsərhəd çayların mühafizə problemi

Kür və Araz çaylarının çirklənməsi problemi ilə əlaqədar sualı cavablandıran Adışirin Ələkbərov dedi ki, Azərbaycan regionda transsərhəd su axınları və beynəlxalq göllərin mühafizəsi və istifadəsi ilə bağlı məşhur Helsinki Konvensiyasını qəbul edən yeganə ölkədir: “Başlıca səbəb də odur ki, regiondakı digər dövlətlər bu konvensiyayanın şərtlərinə əməl etmirlər, transsərhəd çayların çirklənməsinə yol verirlər. Amma gözlənilir ki, Gürcüstan da bu konvensiyanı qəbul ediləcək.

Bundan başqa, Azərbaycanla Gürcüstan arasında Kür çayından istifadəyə görə ikitərəfli müqavilə imzalanacaq. Təəssüf ki, Ermənistan ərazisindən keçən Araz çayı ilə əlaqədar problemin həlli istiqamətində hələ ki heç bir addım atmaq mümkün deyil”.

Soyuq hava şəraitində su borularının donması halları ilə əlaqədar sualı cavablandıran Anar Cəbrayıllı dedi ki, bu hala daha çox Bakıətrafı qəsəbələrdə - Sabunçu, Suraxanı, Qaradağ, Binəqədi rayonlarında, o cümlədən Abşeron rayonunda rast gəlinir. Onun sözlərinə görə, mərkəzləşdirilmiş şəbəkələr olan yerlərdə suyun donma halları baş vermir: “Problemin əsas səbəb insanların fərdi şəkildə su xətləri çəkməsidir. Əslində, su xətləri yerin altı ilə çəkilməlidir. Yerin üzərindən keçən kiçik diametrli su xətti havanın temperaturu mənfiyə düşəndə donur. Baxmayaraq ki, bu xətlər “Azərsu” ASC-nin şəbəkəsinə daxil deyil, qurum bununla bağlı işlər görür. Qəza baş verən zaman aradan qaldırırıq, donma zamanı suyun verilişini dayandırmırıq ki, boruda hərəkət, sirkulyasiya olsun”.

Sevil HİLALQIZI


Müəllif: