30 Noyabr 2015 12:19
1 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nə gizlədək, iş üstündə dalaşırıq”


Sumqayıtda “Daş bazarı”nın yanında fəhlələrin toplaşdığı yerdəyəm. Burdakı insanlar hər gün öz ruzilərini gözləyir. Biz də bir-bir adamlara yaxınlaşıb vəziyyətdən hali oluruq.


Fəhlələrdən biri Nəcəf deyir ki, səkkiz ildir yayın istisində, qışın soyuğunda burdayam. “Əvvəllər nə işləmisiniz?” sualına isə belə cavab verir: “Konduktor işləmişəm”.


Subay olan Nəcəf fəhləliklə bağlı hər işi gördüyünü deyir. O, sözünü belə tamamlayır: “Səhər saat 07:30-dan burda dayanıram. Hansısa bir iş sahibi gəlib məni aparsa və iş tez qurtarsa, yenidən qayıdıb gəlirəm bura”.


Bizdən bir-iki addım aralıda dayanmış orta yaşlı bir kişi də söhbətə qoşulur:

- Mənim 55 yaşım var. Həm bənnayam, həm də santexnik. Tikinti sahəsində çox şeyi bacarıram.
- Burdan qazandıqlarınız tələbatınızı ödəyir?


- Bir təhər başımızı saxlayırıq. Amma bir də görürsən ki, yaxşı iş olur, babat pul qazanırıq. Yayda iş yaxşı olur, qışda isə çətindir.


Fəhlələrin qışda isinmək yerləri


“Qışda qızınmağa yeriniz varmı” sualına isə Asif adlı fəhlə belə cavab verir: “Qabaqda yarımçıq tikili var. Qışda orda dayanırıq. Yanımızda tikinti materialları satılan dükanlar çoxdur. Gedib orda da otururuq. Sağ olsunlar, çay da verirlər”.


Az keçmiş Turalı göstərib deyirlər ki, o, yaxşı ev bünövrəsi tökür. Asif deyir: “Tural kotan kimidir, maşallah”.


Mahmud dayını da söhbətə çəkirəm:


- Mahmud dayı, siz hansı işləri görürsünüz?
- Nə olsa, bala. Təki pulumuz çıxsın. Daş yığırıq, bundan başqa həyətdə-bacada nə iş varsa, görürük. Gündəlik 30-40 manat arası pul qazanırıq.
Asif sözə qarışır: “Mən zəhmət haqqımı qabaqcadan alıram. Dəfələrlə olub ki, haqqımı kəsiblər. Ona görə də şərti şumda kəsirəm ki, iş sahibiylə xırmanda yabalaşmayaq”.


“Nə gizlədək iş üstündə dalaşırıq”


Onların mehribanlığını görüb, soruşuram:


- İş üstündə heç mübahisəniz düşüb?
Tural cavab verir:
- Nə gizlədək, iş üstündə dalaşırıq. Bilirsən, burda gördüyün kimi fəhlələr çoxdur. “Xozeyin” görən kimi şığıyırıq üstünə. İçimizdən kim dişlidirsə, işi o alır.


Az keçmiş yaşlı bir kişini görüb ona yaxınlaşıram. Əmi 65 yaşının olduğunu deyir və sözünə davam edir: “Bu yaşımda daş daşıya, sement boşalda bilirəm. Hələ gücüm var”. Kişi bunu deyəndə yanındakı oğlan söhbətə qoşulur: “Əmi bərk adamdır. Burada kimdən soruşsan, deyər”.


Əminin buralarla bağlı təcrübəli olduğunu görüb ondan soruşuram:
- İşlər ən çox harada olur? Yəni burdakı fəhlələr ən çox hansı ərazilərdə işləyirlər?
- İşlər daha çox həyət evlərində olur: Coratda, Yeni Sumqayıt massivində - Hero deyilən yerdə. Bina evlərindən də arada iş düşür.


“Elə gün olur ki səhərdən axşama burda dayanıram, amma iş olmur”


Ətrafda adamların beş-beş, on-on toplaşdığını görüb soruşuram:


- Bu toplaşmaq nəylə bağlıdır?
- Burada hərənin öz ətrafı var. Münasibətdə olub bir-birimizi tanımışıq. Ona görə də orda-burda topa-topa dururuq. Burada Azərbaycanın hər zonasından adam var və iş əsnasında onlarla dostlaşırıq.


“İşlədiyiniz vaxt başınıza gələn maraqlı hadisə olubmu” sualına isə Tural gülə-gülə cavab verir:


- Bir dəfə “kubik”ləri kənara atanda “xozeyin”in toyoğunu öldürdüm. Pulumdan 10 manat çıxdılar. Bilirsən, təsadüfən olmuşdu, amma onda yenə evə pul apara bilmişdim. Hərdən elə gün olur ki, səhərdən axşama kimi burda dayanıram, amma iş olmur.


Beləcə, aylıq qazancları daşdan çıxan daş bazarının yanındakı fəhlələrlə sağollaşıb ordan ayrılıram.


Sərvər Şirin


Müəllif: