4 Dekabr 2015 17:41
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güclü külək və soyuq hava fəsadları üzə çıxardı

Hava şəraitinin kəskin soyuması, güclü külək ölkə ərazisində bir sıra fəsadlar verib. Bəzi yerlərdə küləyin təsirindən ağaclar elektrik naqillərinin, telefon xətlərinin üzərinə aşıb, elektrik enerjisi kəsilib, cənub zonasında su daşqınları olub, şimal zonasında yollar bağlanıb. Eləcə də paytaxtın bəzi ərazilərində evləri su basıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, hava şəraiti kəskin dəyişməsi nəticəsində bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib, hava yağıntılı olub, sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub, gecə saatlarında yarımadanın bəzi yerlərində yağış sulu qara keçib. Düşən yağıntının miqdarı aylıq normaya görə 27 faizdən 132 faizədək çox olub. Məsələn, Bakı və Abşeron yarımadasında 15-32 mm (aylıq normanın 60-90 faizi), Lənkəran-Astara zonasında 13-52 mm (aylıq normanın 70-128 faizi) təşkil edib.

Yağan intensiv yağış çaylarda da suyun səviyyəsini artırıb. Lənkəran-Astara bölgəsində axan çaylarda suyun səviyyəsində 43-71 sm intervalında artım qeydə alınıb. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-130, Kiçik Qafqazın çaylarında 180-185, Lənkəran-Astara bölgəsi çaylarında isə 450-500 faizini təşkil edir.

Dünən gecə saatlarında bir neçə saat aramsız davam edən yağıntı nəticəsində nisbətən çökək ərazilərdə yolları və həyətlərı su basıb. Qısa müddət ərzində bəzi həyətlərə suyun səviyyəsi 30-40 sm-ə çatıb. Bir neçə yerdə çinar ağacları yola aşıb. Şəhərdə və kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Bəzi transformatorlarda qəzalar baş verib.

Qar örtüyünün hündürlüyü Xınalıqda və Qubanın dağlıq ərazilərində 59, Qəbələdə 37, Lerikdə 32, Şəkidə 25, Yardımlı, Gədəbəydə 22, Daşkəsəndə 19, Pirquluda 15-20, İsmayıllıda 17, Naxçıvanda 10, Qaxda 8, Zaqatalada 5, Mərəzədə 1 sm olub.

Şamaxı rayonunda güclü külək nəticəsində 3 ağac aşıb, elektrik naqilləri və telefon xətləri qırılıb, bəzi ərazilərə elektrik verilişi və telefon rabitəsində müvəqqəti fasilələr yaranıb, gediş-gəlişdə müəyyən problem yaşanıb.

Qar örtüyü Quba-Xınalıq yolunda, Quba, Şamaxı və başqa rayonlarda problemlər yaradıb.
“Azəriyolservis” ASC-nin mətbuat xidmətini rəhbəri Anar Nəcəfovun sözlərinə görə, dünən Quba-Xınalıq yolu istisna olmaqla digər avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində hər hansı problem yoxdur. “Azəryolservis”-in əməkdaşları gecə boyu lazımi tədbirlər görüblər, yollar qardan təmizlənib, yollara duz-qum qarışığı səpilib: “Qubadan Xınalıq kəndi istiqamətində də xüsusi texnikalarla yolun qardan təmizlənməsi işləri aparılır. Gün ərzində çalışacağıq ki, həmin yolda da nəqliyyat vasitələrinin hərəkəti bərpa olunsun”.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin qəzetimizə verdiyi məlumata görə, kəskin hava şəraiti bəzi yerlərdə elektrik enerjinin kəsliməsinə səbəb olub. Elektrik enerjisinin verilməsində yaranan problemin səbəbi güclü külək və yağış olub. Bakıətrafı kənd və qəsəbələrdə, o cümlədən Lənkəranda və ucqar kəndlərdə problemlər yaranıb.

Biləcəri şosesi, Nübar və Masazır qəsəbələri və sair yerlərdə şiddətli küləyin təsirindən ağaclar qırılaraq elektrik naqillərinin üzərinə düşüb və bu ərazilərdə elektrik enerjisi dayanıb.

Bərdənin Qaradırnaq, Hacılar, Arabaçılar, Qaratəpə, Göyüşlü kəndləri işıqsız qalıb. Güclü külək nəticəsində elektrik dirəkləri aşıb, əhali işıqsız qalıb, güclü külək taxtadan düzəldilmiş bir neçə tövlənin damını uçurub.

Elektrik xətlərindəki fəsadların aradan qaldırılması üçün “Azərişıq” ASC əlavə ehtiyatlarını səfərbər edib.

Tanrıverdi Mustafayevin sözlərinə görə, külək ağacları qırıb yollara atıb, qurumun maşın-mexanizmləri, əlavə ehtiyatları yüksək hazırlıq vəziyyətinə gətirilib: “Əsas problemlər beton dayaqlarla əvəzlənməyən ağac dirəklərin olduğu elektrik verilişi xətlərində olub. Elektrik enerjisi ilə bağlı problem ən çox Masazır və Nübar qəsəbələrində yaranıb. Ağaclar xətlərin üzərinə aşıb və elektrik enerjisinin verilişi dayanıb. Operativ qrup tərəfindən xətlər dərhal bərpa edilib. Əməkdaşlarımız hava şəraiti ilə əlaqədar hazırda gücləndirilmiş iş rejimində çalışır”.

Bitki Mühafizəsi Stansiyasının rəhbəri Əli Ağayev isə qəzetimizə açılamasında dedi ki, dünən gün ərzində ağacların aşaraq fəsadlar törətməsi ilə bağlı quruma 50-dən çox müraciətlər daxil olub. Müraciətlərə baxılmasında bəzi yubanmalar olduğunu açıqlayan Əli Ağayevin sözlərinə görə, buna səbəb soyuq hava şəraitində texnikanın bir yerdən başqa yerə daşınması ilə əlaqədardır: “İmkan daxilində çalışırıq ki, onlara kömək edək. Gizlin deyil ki, bir sıra yubanmalar olur, bu da texnikanın başqa yerə köçürülməsi, gətirilməsi ilə əlaqədardı”.

Ağacların elektrik xətlərinin üzərinə düşməsi ilə bağlı müraciətlərin də çox olduğunu deyən qurum rəhbəri bildirdi ki, vaxtında qəzaların aradan qaldırılmasına cəhd göstərirlər.

Bəzi hallarda ayrı-ayrı şəxslər evlərinin qarşısında, ofislərinin, özəl müəssisəslərin həyətyanı sahəsində Bakı və Abşeron yarımadasına xas olmayan ağaclar əkildiyini bildirən Əli Ağayev dedi ki, kökü dərin olmayan, iqlim şəraitinə uyğun gəlməyən bu ağaclar küləkli hava şəraitinə dözməyərək qırılır və müxtəlif fəsadlar yaradır: “Amma onu da deyim ki, hazırda Bakı ərazisində şam və küknar ağaclarından hündür ağaclar əkilmir. Bizim təşkilat Bakı şəhər Yaşıllaşdırma İdarəsinin nəzdində fəaliyyət göstərir. Şahidi olmamışam ki, bu idarə yaşıllaşdırma işlərində belə hallara yol versin”.

Əli Ağayev hesab edir ki, ağaclar əkilərkən mütəxəssis baxışından keçirilməsi, onların tövsiyələrinə əməl olunması vacindir: “Bakı küləyinə, Bakı iqliminə uyğunlaşmış ağaclar əkiliməlidir”.

Bakı sakinlərindən bəziləri şikayət edirlər ki, qəza təhlükəsi yarada bilən ağacların kəsilməsi üçün müraciətləri bəzən günlərlə baxımsız qalır. Buna səbəb nədir?

Əli Ağayev dedi ki, Bitkilərin Mühafizəsi Stansiyanın funksiyasına Bakı şəhərində olan ağaclar ETSN-nin verdiyi rəy əsasında kəsilməsi və paytaxtdakı bitkilərin xəstəliklərdən, zərərvericilərdən mühafizəsi üçün dərmanlanması daxildir: “Ağac istər quru formada, istər yaş formada olsun, əgər o ağacın kəsiminə Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəy vermirsə, bizim o ağacı kəsməyə ixtiyarımız yoxdur. Bir gündə olur ki, 50 müraciət edilir, 50 ünvan üzrə ağacın sənədləşməsi, sayılması ağacın növlər üzrə təyin olunması vaxt aparır”.

Qəza təhlükəsi olan ağacların qırılması üçün vətəndaşlardan bəzən ödəniş tələb olunur. Qurum rəhbəri dedi ki, belə hallar haqqında məlumat olsa onlara məlumat verilsin. Çünki bunun üçün vətəndaşlar heç bir ödəniş aparmamalıdır.

Sonda bildirək ki, sinoptiklərin məlumatına görə, soyuq hava şəraiti bu gün günortadan sonra nisbətən mülayimləşəcək.

Sevil HİLALQIZI


Müəllif:

Oxşar xəbərlər