“Çinlə Azərbaycan arasında dəmir yolları sahəsi ilə bağlı əməkdaşlıq müqaviləsi var”.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, müqavilə Prezident İlham Əliyevin iştirakı ilə imzalanıb: “Razılıq var ki, yüklərin daşınmasında bir-birimizə kömək edək. Daha asan bir prosedurun yaradılması üçün anlaşmamız var”.
QSC sədri qeyd edib ki, Şimal-Cənub dəhlizi Azərbaycan üçün əhəmiyyətlidir: “Bu dəhliz Hindistanda başlayıb Helsinkidə bitir. Təqribən 5 min kilometrə qədər uzunluqda olan yol Azərbaycan üzərindən keçir. İranla Rusiya arasındakı yük dövriyyəsi təxminən 10 milyon tondur. Avropa ilə Hindistan arasında isə 25 milyon ton yük dövriyyəsi var. Bu yüklərin əksəriyyəti dəniz üzərindən daşınır. Bu, 45-60 gün çəkir, amma Azərbaycan üzərindən keçəndə daha qısa müddətə başa gəlir. Biz də bu proseduru asanlaşdırmağa çalışırıq. Bununla bağlı koordinasiya şurası yaradılıb və bu məsələlərlə ciddi məşğuldur”.
C. Qurbanov dövlət başçısının Astaradan İrana körpünün inşa ediləməsi ilə bağlı sərəncamından da danışıb.
“Dekabrın 20-21-də körpünün inşası ilə bağlı görüş olacaq. Bu görüşdə məsələlərin daha konkret qoyulması nəzərdə tutulur. Birinci mərhələdə Azərbaycan Astarasından İran sərhədinə qədər 8 kilometr yol çəkiləcək və 100 metrlik körpü tikiləcək. Bu, İranın Bəndərabbas postundan gələn yüklərin, ümumiyyətlə Azərbaycan üzərindən keçəcək yüklərin daşınmasını sahibkarlar üçün asanlaşdıracaq”, - deyə QSC sədri vurğulayıb.