12 Dekabr 2015 12:36
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ilin kənd təsərrüfatı ili elan olunması ilə bağlı hazırlanan “Tədbirlər Planı”nda kənd təsərrüfatı məhsullarının istehsalçı, topdansatış və pərakəndə satış qiymətləri üzrə mütəmadi monitorinq məlumatları əsasında bazar iştirakçıları və ictimaiyyət üçün açıq elektron informasiya sistemi qurulacağı ilə bağlı məlumat verilmişdi. “Tədbirlər Planı”na görə, Kənd Təsərrüfatı Nazirliyinin icra edəcəyi bu iş III rübdə başa çatmalıydı.

Alıcılar belə bir sistemin fəaliyyətə başlamasını səbirsizliklə gözləyirdi. Hansı bazarda kənd təsərrüfatı məhsulunun hansı çeşiddə, növdə, qiymətdə, keyfiyyətdə olması barədə alıcının evində oturmaqla elektron məlumat əldə etməsini mütəxəssislər də olduqca səmərəli hesab edirdilər.

Kənd Təsərrüfatı Nazirliyinin saytında qiymət informasiya portalının istifadəyə verilməsi haqqında məlumat yerləşdirilib.

19 pərakəndə, 5 topdansatış bazarından qiymətlər

“Azagro.net” portalında 46 adda meyvə, tərəvəz və bostan məhsullarının 400 növü üzrə, həmçinin məhsulların iri, orta, xırda ölçülərinə görə və əlavə olaraq hər növün çeşidi üzrə gündəlik məlumat verilir.

Portal Bakı şəhəri ilə yanaşı regionlarda da fəaliyyət göstərən 19 pərakəndə, 5 topdansatış bazarından gündəlik toplanan məlumatlar əsasında yenilənir. Məlumat bazasına nazirliyin internet səhifəsi vasitəsilə də daxil olmaq mümkündür.

“Azagro.net” saytında “Tədbirlər Planı”da göstərildiyi kimi istehsalçı, topdansatış və pərakəndə satış qiymətləri deyil, topdansatış və pərakəndə qiymətləri yer alıb. Saytda qaçan sətirlər olduğuna görə qiymətlər barədə məlumat almaq mümkün deyil və ilk baxışdan portaldan istifadə sadə görünsə də, bəzi mürəkkəbliklər var.

Məsələn, “axtarış” bölümü aktiv deyil. Bəzi bazarlarda məhsul haqqında yalnız kiçik ölçülü, bəzilərində orta, digərlərində böyük ölçülər haqqında qiymət qeyd edilib. Bəzi bazarlarda isə ümumiyyətlə heç bir qiymət yoxdur. Məsələn, Ağsu və Kürdəmir istehsalı olan nar haqqında nə “Təzə bazar” və “8-ci kilometr”, nə də “Yaşıl bazar”da məlumat var.

Kənd Təsərrüfatı Nazirliyinin Statistik təhlil şöbəsinin müdiri Firdovsi Fikrətzadənin sözlərinə görə, növbəti mərhələdə Kənd Təsərrüfatı Nazirliyinin qiymət-məlumat bazası heyvandarlıq, taxılçılıq, texniki bitkilər və digər kənd məhsulları üzrə qiymətlər, habelə fermerlərin sahədən satış qiymətləri də təqdim olunacaq. Saytda hazırda da təkmilləşmə işləri aparılır.

Şöbə müdiri onu da qeyd etdi ki, gələcəkdə portalda istehsalçı (sahədən satış) qiymətləri bütün rayonları əhatə edəcək. Pərakəndə satış qiyməti hazırda olduğu kimi zonalar üzrə 19, topdansatış qiymətlər isə 5 satış mərkəzindən veriləcək.

Kiçik, orta, böyük ölçü keyfiyyəti müəyyən edirmi?

Bəs alıcının ən çox önəm verdiyi keyfiyyət haqqında məlumatı necə öyrənmək mümkündür? Kiçik, orta, böyük ölçülü meyvənin qiyməti haqda məlumat keyfiyyətdən xəbər verirmi?

Firdovsi Fikrətzadə dedi ki, əslində meyvə-tərəvəzin kiçik, orta, böyük ölçülü təsnifata ayrılmasında məqsəd elə məhsulun keyfiyyəti haqda məlumat çatdırmaqdır: “Məsələn, lobyanı necə kiçik, orta, böyük ölçülərə ayırmaq olar? Lobya aşağı, orta, yüksək keyfiyyətli ola bilər. Sadəcə, mürəkkəblik yaranmasın deyə biz kiçik, orta, böyük bölmələrini ayırmaqla, onun keyfiyyəti haqda da ümumi məlumat vermiş oluruq”.

Onun sözlərinə görə, portalda nəzərdə tutulan istehsalçı qiymətlərinin yerləşdirilməsi ticarətçilərin yerlərdə məhsulun qiyməti, çeşidi və sair haqda məlumat almasına kömək edəcək: “Bəzən mətbuatda məlumat verilir ki, fermerlər feyxoanı filan rayonda kiloqramı 10 qəpiyə, almanı filan rayonda kiloqramı 5 qəpiyə satır. Məlumatlar portala yerləşdiriləndə bəlli olacaq ki, hansı məhsul hansı rayonda daha ucuz qiymətədir. Hətta rayonda 10 qəpiyə satılan məhsulun Bakıda 1 manat olması haqqında məlumat ictimailəşsə, məsələ müzakirə olunar və qiymət fərqi aradan qalxar”.

Qiymətlər planşetlə ötürülür

Bəs qiymətlər haqda məlumat necə toplanır? Şöbə müdiri dedi ki, nazirliyin nəzdində fəaliyyət göstərən Dövlət Fiotosanitar Nəzarət Xidmətinin işçiləri paytaxt bazarlarındakı qiymətləri öyrənib qeyd edirlər. Regionlarda isə əsasən Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları qiymətlər haqda məlumat toplayır. Onlara təqdim edilən planşetə qiymətlər qeyd edilir və internet vasitəsilə ümumi bazaya göndərilir. Qiymətlər müvafiq və operativ olaraq portalda yer alır.

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmovun sözlərinə görə, qiymətlər haqda məlumatlar mərkəzləşmiş qaydada deyil, 3 istiqamətdə fəaliyyət göstərən elektron sistemlərdə yerləşdirilməsi daha doğrudur. Onun fikrincə, məhsulların istehsalçı, topdan və pərakəndə satış qiymətləri barədə operativ məlumatların fermerlər və bazar sahibləri tərəfindən yerləşdirilməsi daha məqsədəuyğundur.

Fermerə istifadəçi kodu verilməliydi

Vahid Məhərrəmov dedi ki, bu sistemi vahid mərkəzdən idarə etmək mürəkkəbdir. Çünki ölkədə satış məntəqələrinin sayı, eləcə də istehsalçılar kifayət qədər çoxdur: “Ölkədə 850 mindən çox ailə təsərrüfatı var ki, bu təsərrüfatlar istehsalla məşğuldur. Ona görə də biz hökumətə təklif etmişdik ki, istehsalçı qiymətləri ilə bağlı ayrıca sayt açılsın, yəni fermerlər üçün. Topdansatış qiymətlərlə bağlı da ayrıca sayt yaradılsın.

Bazarlarda mövcud olan istehlakçı qiymətlərlə bağlı fermerlərdən ötrü üçüncü sayt qurulsun. Fermerin istehsal etdiyi məhsulun adı, çeşidi, qiyməti barədə onlayn məlumat yerləşdirməsi üçün istifadəçi kodu verilsin. Bunun üçün o, məşğul olduğu təsərrüfat növü ilə bağlı həmin saytdan qeydiyyatdan keçsin.
Bu gün bazarda pomidorun qiyməti 80 qəpikdən tutmuş qəpik fərqi ilə 5 manata kimi dəyişir. Yerli pomidor var, məsələn, Bakı kəndlərində istehsal olunan kiçik ölçülü pomidorlar var ki, 5-6 dəfə bahadır. Ölçüsü kiçik, qiyməti yüksək olan pomidor hansı ölçüdə göstəriləcək?

Ona görə bir növ məhsul haqda professional qaydada bazar sahibləri, topdansatışla məşğul olanlar və fermerlər hər biri öz fəaliyyət istiqamətlərinə uyğun saytlarda məlumat yerləşdirə bilərdi. Təkcə pomidorda bir qiyməti qeydə almaq üçün 3-4 saat vaxt lazımdır. Hökumət nümayəndəsi bunu necə çatdıra bilərlər? Ona görə də portala yerləşdirilən qiymətlər reallığı əks etdirmir".

Mütəxəssisin sözlərinə görə, başqa ölkələrdə qiymətlərlə bağlı elektron sistem fəaliyyət göstərir və bunu özəl qurumlar həyata keçirir: “Yəni bu iş üçün dövlət büdcəsindən vəsait ayrılması əlavə xərcdir”.

Hər bazarın öz saytı olsun

Vahid Məhərrəmov dedi ki, elektron sistem 3 istiqamətdə fəaliyyət göstərsə, rəqəmlərlə manipulyasiya etmək mümkün olmaz: “Kənd təsərrüfatı məhsullarının həm istehsal qiyməti, həm də bazara hansı qiymətə çıxarılması barədə şəffaf məlumatların yerləşdirilməsi yalnız sağlam rəqabət mühiti yaradar və kənd təsərrüfatının inkişafına kömək edər. Hər bazar özünün saytını yaradıb məlumat versəydi, bu, daha yaxşı olardı. Bazar rəhbərliyi öz bazarının reklamına, qiymətlər haqqında elanlar verməyə, əlavə müştəriləri cəlb etməyə maraq göstərərdi”.


Müəllif:

Oxşar xəbərlər